Çinli rəssam və aktivist Ai Veyvey dünyanın diqqətini suriyalı qaçqınlara yönəltmək üçün keçən il Türkiyənin Bodrum şəhəri sahillərində dənizdə boğulmuş qaçqın-uşaq Aylan Kurdinin obrazını yaradaraq şəkillər çəkdirib.
Ay Veyveyin fotosu Yunanıstanın Lesbos adasında çəkilib. O, bu günlərdə suriyalı qaçqınlarla bağlı böhranı dünyaya çatdırmaq üçün bir neçə layihə hazırlayıb və Yunanıstana da məhz bu məqsədlə gedib. Fotonun müəllifi "India Today" jurnalının hindli fotoqrafı Rohit Çoladır.
Qeyd edək ki, Ay Veyvey bundan öncə Danimarkanın miqrantlara qarşı hazırlanmış qanununa etiraz olaraq Kopenhagendə keçirilən sərgisini yarımçıq bağlamışdı.
Qeyd edək ki, Ay Veyvey - dissident reputasiyalı çinli rəssamdır. O, 2011-ci ildə vergiləri ödəməmək ittihamı ilə Çin həbsxanasında 81 gün keçirib. Rəssam bildirirdi ki, bu iş onun müxalif baxışlarına görə süni olaraq qaldırılıb. Rəssam Britaniyanın "ArtReview" jurnalı tərəfindən müasir incəsənət dünyasında ən nüfuzlu şəxs adlandırılıb.