20 Fevral 2016 10:37
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Əsəd Qaraqaplanın şeirlərini təqdim edir:

Boş Otaqlar Yalnızlıqla Doluydu

tərk edilmiş köhnə bir bina idi həyətində durduğumuz
üst-başımız məhbusların halındaydı
hamını çoxdan güllələyib öldürmüşdü faşistlər
bir biz qalmışdıq orda - bir dolabda gizlənib...

hamının getməsini gözləmişdik elə bil
çıxdığımızda atalarımız öldürülmüş
analarımız qalmışdı
bir də biz qalmışdıq orda - anamızdan uzaqda
yetim idik - sevənlər yetim olur ya
gedəcək yerimiz yoxdu, sarılacaq adamımız

adamlar bizi çoxdan tərk etmişdi
biz adamları çoxdan tərk etmişdik

yazdığımız ünvanlardan məktublar geri gəlmədi
sevdiyimiz adamların ünvanını tapmadıq
heç kim geri gəlmədi köhnə ünvanımıza

biz yerimizə sadiq idik – biz öz ünvanımıza
adamlar ünvanlarında bizə sadiq deyildilər
küsmədik, incimədik, qınamadıq onları

onları gözümüzdə uzaqlığı böyütdü
onlar bu uzaqlıqda gözlərimizi böyütdü
yollar geri gəlirdi, adamlar geri gəlmirdi
nə bilirdik ölübdülər, nə bilirdik sağdılar

kimsə çıxıb nifrətini söyləmədi rahat olaq
kimsə bizə bildirmədi yerini
kimsə bizim yerimizi bilmədi
soyuq və yalnız gecələr adamlardan yoxsul idi

biz gecələr soyuq və yalnızlıqlarla doluyduq
boş otaqlar yalnızlıqla doluydu

öldürdülər - onları faşistlər öldürdü
onlar bizi
onlar faşistlərin bizdən qisasını aldılar
biz onları almadıq
onlar bizi almadı
beləcə qarşılıqsız öldürdülər bizləri

yalnız buraxıb getdilər soyuq və yalnız gecədə

biz yalnızlığı seçdik, onlar bizi seçmədi
onları faşistlər seçdi
onları faşistlər aldı-apardı

onlar getdi - onlar faşistlərlə getdi
biz getmədik

kimsəsiz bir binanın həyətində dayanıb
ölüsünü seyr elədik atamızın
gedişini seyr elədik anamızın
ikisi də getmişdi - biri o biri dünyaya
biri onlara
bizi anamız belə tərk eləyib getmişdi

bizi - məhbus geyimli balaca bir uşağı...

Ruhun Sevişmək Simfoniyası

(Arkadaş Özgərə)

bədəninə dəyən əllər ruhunu kirlətmədi
(ruhumuzu kirlətməyə oysa "əl dəyməmək" yetər)
hər şey əl dəymədiyində çürüyər kirlənər gedər

pas atmış bədənlərin ruhunu kirli gördüm
(ac qalmış ruhumuzun beli bükülür ərkən)
onlarda nə gördümsə azad heç nə görmədim
kölə bədənlərində ruhlarını diddilər
hər gün – hər aclıq günü biraz daha kirləndi
(kölələr etiraf etməz)... etiraf etmədilər...

hər şey bu qədərdisə - seviş mənimlə nolar
bir də mən sarılım sənə
bir də mən toxunum sənə
qorxma bədənindəki başqa izlər görünmür
hamısı bir toxunuşdu – o qədər
qorxma toxunuşlarım ruhunu kirlətməz yenə
sıradan insanlar səndən təmizlik gözləyərlər...

oysa doğulmamışdan çox şey toxundu bizə
bir qətrə qandan yarandı ruh halımız
doğulduq - ət parçası – içi dolu sümüklə
durduq ayaq açıb getdik uzaqlara

anamız həmişə bizə bir bətn uzaq oldu doğuluşdan
"vurdular pis vurdular
nə savaş qaydaları - nə insanlıq qüruru
qara tarixlərinin iyrənc bir zəfərini daha
gövdəmizə qazıdılar... "

hər şey bu qədərdisə - seviş mənimlə nolar
bir də mən sarılım sənə
bir də mən toxunum sənə
qorxma bədənindəki başqa izlər görünmür
hamısı bir toxunuşdu – o qədər
qorxma toxunuşlarım ruhunu kirlətməz yenə
sıradan insanlar səndən təmizlik gözləyərlər...

Ağ Yaz Paltolu Qadın

bircə musiqisi əskik idi o anın
hanı sən ağ yaz paltonla
qara qıvrım saçlarınla qarşıma çıxmışdın ya...

bilirəm qəzəbliydin mənə qarşı
necə ki bunu səni görməmişdən qabaq bilirdim
ama yenə də o anı deyib dururam -
gözlərindəki qəzəbin ötəsindəki sevgini
mənə bir çevrilişinlə dağıtmışdın bütün acılarımı…
universitetin qapısından içəri girdiyimdə
səni iş otağımızın qapısında gördüyüm an...
ondan sonrası və ötəsi yalan idi
bunu da deyib dururam...

mən həp səni sevməkdə israr etdim
həp başqa qadınların yatağından sən olmadın deyə gəldim
həp səni o cür mələk - o cür gözəl xatırladım
hanı bir çevrilişlə bütün acılarımı yaxmışdın ya
hanı mənə o andan sonra -
söylədiyin bütün acı şeylər toxunmadı o qədər də
hanı mən də sonuna qədər gəlmişdim arxasıyca ayrılığın
hanı sən də məni qovmuşdun tənhalığa -
heç birinə o qədər üzülməmişdim həmin günü
həmin günü səni elə gördüyümə
görüb itirdiyimə üzülmüşdüm sadəcə...

ağ yaz paltolu qadını….

qara qıvrım saçlarınla dağılmışdın hər tərəfə
bir az keçmiş ərinə
biraz uşaqlarına
ən çox da mən zalıma...

həmin günü kitablarımı qaytarmağa gəlmişdin
“zərdüşt belə buyurdu”nu “fosforlu cevriyyə”ni
məni də qaytarmağa gəlmişdin özümə kitablarımla
dilində gözlərindən axıb gələn qəzəblə
məni də qaytarmağa gəlmişdin
gözlərinin ötəsində gizlədiyin sevgiyə
məni də qaytarmağa gəldin və çıxıb getdin
“sən məni xoşbəxt eyləmək gücündə deyilsən” dedin...

bircə musiqisi əskik idi o anın
bircə sən əskik idin ondan əvvəl - ondan sonra
ağ yaz paltolu qadın
qara qıvrım saçlarınla...

Başqa Dünyanın Sevgisi

yayda kölgə, qışda isti yerlərimiz tutulmuşdu
biz həmişə yarım qalmışdıq həyata
biz həmişə olmayacaq xəyalların arxasıyca getmişdik
olmayacaq bir şeylərin davasını aparmışdıq...

həyatı və bir-birimizi sevdiyimizdən –
bizi həmişə həyatdan uzaq tutdular
həyata qarşı atdılar...

hə, həmişə gedəndən sonra başlayır sevgilər –
gələndən sonra deyil
həmişə adam gedəndən sonra yıxılır –
təkbaşına sevməyə başlayarkən
həmişə gedəndən sonra tutulur yerlərimiz...

heç nə əvvəlki kimi olmadı ki, çıxıb gedəm
heç kəs gələ bilmədi sən çıxıb gedəndən sonra
yayda kölgə, qışqa isti yerimizi tutdular
bizi həyata qarşı
bizi bir-birimizə qarşı təkbaşına atdılar
bizi heç sevmədilər bir-birimizi sevdiyindən
məni heç sevmədilər sən çıxıb gedəndən sonra...

həmişə kölgəli bir yer gəzdim isti havalarda
soyuqlarda isti bir otaq axtardım
hamısını tutmuşdular...

bu şəhərin tək sevgili cütlüyü də biz idik
bizi də ayırmışdılar – yerimizi tutmuşdular
bizi də həyata qarşı təkbaşına atmışdılar...

zatən bizim heç yerimiz olmadı
həmişə gizli görüşdük başqalarının yerində
(başqalarının yerinə də görüşdük)
başqalarının həyatında öz sevgimizi yaşayırdıq –
əlimizdən aldılar

əlimizdən aldılar kölgəli ağacları və isti otaqları
başqalarının dünyasında yaşayırdıq sevgimizi
hər şey başqalarının idi –
kölgəli ağaclar da, isti otaqlar da...

bizimsə sevgimiz vardı –
heç bir işə yaramayan başqalarının dünyasında
bizimsə sevgimiz vardı...
başqa heç nəyimiz yoxdu –
nə kölgəli ağacımız, nə də isti otağımız...

Sevgidən Sonra Qadınlar

həyatıma qadınlar səndən sonra gəldilər
səndən sonra tanıdım bütün ayrılıqları...

nə qədər əriməmişdim bir qadın qasığında
səndən sonra öyrəndim sevgilərin yoxluğun
adi yaşantıların sevgidən üstün yanı
məni də adi elədi
bir filmlər qaldı ki, səni hiss elədiyim
bir də içki içdiyim uzun, səssiz gecələr...

səndən sonra adamlar məni çox incitdilər...
insanı təhqir edib sonra da öldürürlər
sonra də cəsədinə baxıb güldü adamlar...

məni həbsə atsalar
heç bu qədər günəşə yerikləyə bilməzdim
günəşin altındakı qaranlıq daha qatı...
daha çox adamlardan qaçıb gizlənməyim var
iş saatı olmasa evdən çıxdığım yoxdu
evdən - yəni zirzəmi gecədondularından...

qədər bir dəniz kimi öz qoynundakı məni
hara istəsə atır
bircə aid olduğum doğulduğum torpağa
qayıtmağa gücüm yox
orda hər şey çox təmiz
orda mən çox kirliyəm
əllərim torpaq deyil, adam pisliyi qoxur...

bu qədər adamları həyatıma buraxmaq
məni bu qədər kirli edəcək - bilməmişdim
adamlar bu şəhərdə təmiz olduqca bir az
insan olduqca batır...

qadınlar bu şəhərdə sevildikcə kirlənir
kişilər bu şəhərdə sevdikcə məhv olurlar...

o qədər acımazsız ki, səni özünə çəkən
bütün yanları gözəl
bütün çirkin vərdişlər sevgidən alovlanır...

baxma bu qədər sakit, xoşbəxt göründüyümə
baxma güclü qollarım çoxunu etkiləyir
mənə sorarsan qadın sevgidən sonra gələn
ucuz tənhalıqlardı
insanın tənhalığın xor görən sevgilərdi...

nə qədər keflənərsən o qədər unudarsan
nə qədər ayılarsan o qədər əzablıdı
bir də günəş işığı səni xor gördüyündə
qaçarsan adamlardan...
için dağılar, ama bir şeir təmizliyi
gəlməz sən olan yerə
sən olan yerlər qadın olar sevgidən sonra...


Müəllif:

Oxşar xəbərlər