23 Fevral 2016 11:53
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycanın tanınmış bəstəkarı Eldar Mansurovla müsahibəni təqdim edir:

– Hazırda yaradıcılıqla bağlı planlarınız varmı?
– Nə keçmişdə, nə indi yaradıcılığımla bağlı heç vaxt plan tutmamışam.

– Sizcə, “Bayatılar”ı dünyaya çıxardan nə oldu?
– Həmişə demişəm, yenə də deyirəm, əsərlərin də insanlar kimi taleyi var. “Bayatılar” da məhz bəxti gətirmiş əsərlərdəndir.

– 1990-cı illər və 2000-ci illər mahnıları, musiqiləri arasında hansı fərqi görürsünüz?
– 1990-cı illərdə həvəskar və ara mahnıları yavaş-yavaş televiziya və radioları ələ almağa başlamışdılar. 2000-ci ildən bu günə kimi bu proses artıq öz yerini tutdu. İndi daha peşəkar bəstəkar mahnıları yox, həvəskar və ara mahnıları yazan və onların şəxsi müğənniləri efirlərimizin “bəzəyidir”.

– Sizcə, musiqi sahəsində dünyaya çıxmaq, tanınmaq üçün nə eləmək lazımdır?
– Müğənnilərə soyunmaq, bəstəkarlara isə plagiatlıq lazımdır.

– Ədəb-ərkanla, istedadla, bilik-bacarıqla tanınmaq olmaz? Yoxsa ölçülər tamam dəyişib?
– Dediyiniz ədəb-ərkan məsələsi keçmiş zamanlarda qaldı. İndi isə meyarlar dəyişib. Əgər belə olmasaydı, düşünürəm ki, siz bu sualı mənə verməzdiniz.

– Muğamla dünya səviyyəsinə çıxmaq, tanınmaq bəstəkarlarımızın əsərlərinin dünya çapında tanınmasına nə dərəcədə təsir edir?
– Hər bəstəkar və ya hər hansı ifaçı muğamlarımızla dünya səviyyəsinə çıxa bilmir. Doğrudur, kim ki Azərbaycandan kənarda ya bir əsər göstərir, və ya nəyi isə ifa edir, bizim mətbuat bunu o saat dünyada uğurlu bir sensasiya kimi qələmə verir. İnanın mənə, bizim təriflədiyimiz bütün uğurlarımız ölkəmizin içərisindədir. Dünya miqyasına çıxan bir-iki bəstəkarımız, bir-iki dənə də əsərlərimiz var ki, onlar da hərdən bir ifa olunur.

– Gənc musiqiçilərimizin kimlərin yaradıcılığını yüksək qiymətləndirirsiniz?
– Hələ ki, hamısı ümidvericilər siyahısındadır, tam hazır peşəkar yoxdur.

– Hansı müğənnilərlə işləmisiniz?
– Bir çoxları ilə - həm yaşlılar, həm cavanlar, həm tanınmışlar, həm də heç kimin tanımadıqları ilə. Bir sözlə, hər birinin öz yeri var.

– Bəstəkarlıqda sənət və şəxsiyyət nə dərəcədə bir-biri ilə əlaqədardır?
– Təkcə bəstəkarlıqda deyil, bütün sahələrdə sənət və şəxsiyyət mütləq bir-birini tamamlamalıdır.

– Dəyişən dünya musiqiyə nə dərəcədə təsir edib?
– Çox təsir edib. Əvvəla musiqiyə münasibət dəyişib. Əgər XIX əsrin sonuna qədər musiqinin canını və əsasını melodiya təşkil edirdisə, XX əsrdən başlayaraq modernizm, avanqard və bir çox müasir cərəyanlar musiqiyə münasibəti dəyişdilər. XXI-ci əsrdə isə düşünürəm ki, artıq musiqinin böhranı ilə üzləşəcəyik.

– Azərbaycan musiqisində Üzeyir Hacıbəyovdan sonra kimi dahi bəstəkar hesab edirsiniz?
– Qara Qarayevi. O, Azərbaycan musiqisində Üzeyir bəydən sonra adı çəkilən ikinci dahi bəstəkarımızdır. Azərbaycan musiqisinə Avropa texnologiyasını gətirən ilk bəstəkarımızdır. Onun əsərləri bu gün də həm konsert salonlarında, həm teatr səhnələrində səslənir, deyərdim ki, musiqimizin bəzəyidir. Qara Qarayev musiqisi təkcə Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün qitələrində səslənir. Mən deyərdim ki, təkcə bəstəkarlar deyil, hər bir ziyalı azərbaycanlı Qara Qarayev adı çəkiləndə böyük fəxr hissi ilə onu yad edir.

– Qara Qarayevlə şəxsi tanışlığınız olubmu?
– Mənim Qara Qarayevlə şəxsi tanışlığım Konservatoriyada oxuduğum illərdə olub.

– Onunla bağlı hansı xatirəni bizimlə bölüşə bilərsiniz.
– O vaxtlar mən professor Cövdət Hacıyevin sinfində oxuyurdum. O zaman belə bir adət var idi, bəstəkarlıq kafedrasının tələbələri digər müəllimlərin açıq dərslərində iştirak edirdilər. Mən də dəfələrlə Qara Qarayevin açıq dərslərində iştirak etmişəm.

– Maraqlıdır...
– Birinci kursu bitirərkən ixtisasdan, yəni bəstəkarlıqdan imtahan verirdim. İmtahanda yazdığım “Sonatina”mı çalıb göstərdim. Əsərimi qiymətləndirəndə Qara Qarayev dedi “5”, müəllimim Cövdət Hacıyev isə “3” dedi. Qara müəllim soruşdu ki, niyə belə az qiymətləndirirsən, Cövdət Hacıyev isə dedi ki, çoxlu dərs buraxıb. O zaman Qara Qarayev mənim tərəfimi saxladı, və dedi ki, bu tələbənin yazdığı əsər üçə layiq deyil. Gəl belə edək, nə sən deyən olsun, nə də mən deyən, “4” yazaq. Beləliklə, mən birinci kursu ixtisasdan uğurla, yaxşı qiymətlə başa vurdum.

– Sonda ədəbiyyatla bağlı belə bir sual verim. Ədəbi mühitdən oxuduğunuz, bəyəndiyiniz ədiblər, gənc yazarlar varmı?
– Düzünü deyim ki, hərdən oxuyuram, amma bəyəndiyim yoxdur.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər