Fevralın 26-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqiəlik sükütla yad ediblər. Tədbiri giriş sözü ilə yazıçı Natiq Rəsulzadə açıb. O, Xocalı soyqırımının dünyada tanıdılması üçün yazıçıların üzərinə böyük öhdəliyin düşdüyünü qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada tanıdılması üçün böyük işlər görüblər və görməkdə davam edirlər. Düşünürəm ki, bu işdə biz yazıçılar da öz əməyimizi səfərbər etməliyk. Yeni bədii, sənədli əsərlər yaranmalıdır, müxtəlif dillərə tərcümə olunmalıdır. Bu iş daha çox təşkilatlanma və təbliğat tələb edir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı erməni millətinin özlərini bəlaya saldıqlarından danışıb: “Erməni millətçiləri, erməni hakimiyyəti erməni millətini çox böyük bəlaya salıb. Əgər bu hadisələr baş verməsəydi, bizimlə düşmənçilik aparmasaydılar indi inkişaf edən Azərbaycanın iqtisadiyyatından onlar da bəhrələnərdi... ictimai-siyasi vəzifələrdə də olardılar. Necə ki, XX əsrin əvvəllərində belə idi. Gələcəkdə erməni milləti bunu yaxşı başa düşəcək, Azərbaycan millətinin inkişafı, iqtiasi gücü, əhalisinin sayı hər şeyi həll edəcək. Və günü-gündən azalan, məhvə doğru gedən erməni milləti ilə heç vaxt müqayisəyə gəlməyəcəyik. Biz onlardan fərqli olaraq uşaqlarımızı nifətlə deyil, məhəbbətlə böyüdürük”.
Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca köməksiz, silahsız azərbaycanlıların ermənilər tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmalarının hələ də müxtəlif ölkələr tərəfindən soyqırım olaraq qəbul edilməməsini böyük ədalətsizlik və ikili standart adlandırıb: “Bu faicə bəşəriyyətin ən böyük faciələrindən biridir. Ortada danılmaz faktlar var, dəlillər var. Buna necə göz yummaq olar? Biz Xocalıya ədalət tələb edirik. Və bu tələbimizdə haqlıyıq. Dünya ədalətin tərəfində olmalıdı”.
Tədbirdə “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, qocaman şair Oqtay Rza, yazıçı Gülhani Pənah, tənqidçi Bəsti Əlibəyli, şair Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini səsləndiriblər. Soyqırım qurbanlarına Allahdan rəhmət diləyiblər.