Xalq artisti, “Şöhrət” ordenli rejissor, Muğam Teatrının kemiş rəhbəri Arif Qazıyev Teleqraf.com-un suallarını cavablandırıb.
- Arif müəllim, necəsiniz?
-Sağ ol olun, yaxşıyam. Yaşayırıq, şükür Allaha.
-Çoxdandır sizdən səs-soraq yoxdu, nə işlə məşğulsunuz?
-Klip çəkilişləri ilə məşğulam.
-Bu yaxınlarda eşitdik ki, muğamlardan ibarət silsilə sənədli filmlərinizi davam etdirirsiniz. Yeni çəkilişlərə başlamısınız. Doğrudurmu?
-Bu ideya məndə çoxdan var. Həmişə istəmişəm ki, bütün muğamlara həsr olunan filmlər çəkim. Yeddi muğamımız var, onlardan birini –“Şur” u ekranlaşdırmışam, altısı qalıb. O vaxtlar ulu öndərimiz Heydər Əliyev dedi ki, Arif get, o biri muğamları da ekranlaşdır. Səndən başqa onu yaxşı çəkən olmayacaq.
Filmlərə vəsait lazımdı. Söz verirlər, amma kömək edən yoxdu. Nə qədər gənc muğam ifaçılarımız var, onlardan sənət naminə istifadə etmək lazımdır. Baxın, gələn il “Şur” filminin 50 illiyidir. 50 il bundan əvvəl Arif Babayevi, Əlibaba Məmmədovu, Habil Əliyevi, Əbülfəz Əlini çəkmişəm. Bunlardan ikisi indi dünyada yoxdur. Bu gün cavanları çəkmək lazımdır ki, 30-40 ildən sonra filmlərə baxan desin ki, bizim belə oxuyanlarımız olub. Biz bu günü fikirləşirik, gələcəyimiz heç kimi düşündürmür. Deyirəm, pul verin, altı muğamı da çəkim, tarixdə qalsın.
-O vaxt “Şur”u kimin dəstəyi ilə çəkmişdiniz?
-O vaxt Azərbaycan Televiziyasında işləyirdim, şərait yarandı, “Şur”u çəkdim. Mən onu kinolentə çəkmişəm. Özü də konsert çəkmirdim, “Şur” muğamına uyğun əməlli-başlı ssenari yazılmışdı və çəkilmişdi.
-Nə əcəb indi bu layihənizə Azərbaycan Televiziyası dəstək olmur?
-Arif Alışanov bir dəfə məni çağırdı və filmi çəkmək üçün danışıqlar apardıq. Amma sonra fikirləri başqa şeylərə yönəldi, işimiz yarımçıq qaldı.
-Səhv etmirəmsə, prodüser mərkəziniz də var.
-Bəli, rejissor-prodüser mərkəzim var. Amma film çəkməyə maddi cəhətdən imkanım yoxdur. Ona görə mənə kömək lazımdır. Muğamlardan bəhs edən filmlərin hamısının ssenarisi hazırdır, hətta hansı muğamı kimlər oxuyacaq, onu da qeyd etmişəm. Bir adam tapılmalıdır ki, pulu versin, gedim çəkim. Mənə başqa şey lazım deyil. Ssenarilərlə maraqlanırlar, amma konkret işə gələndə, hamı “baxarıq” deyib qırağa çəkilir.
-Dediniz klip çəkirsiniz...
-Bir-iki nəfərə klip çəkirəm. Mən öz işimlə məşğulam, yazıb-pozuram, yeri gələndə çəkirəm... Mənim işim budu.
-Vaxtilə Muğam Teatrında çalışan gənclər sizi unutmayıblar ki?
-Tanınan gənclərin əksəriyyəti mənim işçilərim olub. İndi müsabiqədə iştirak edənlərin bir çoxu Muğam Teatrında işləyib. Əlbəttə, hamısı mənə hörmət edir, adımı çəkirlər. Çünki gənclərə çox şərati yaratmışam, heç kimi kölgədə qoymamışam.
-Zaman-zaman gənc xanəndələrin geyimi müzakirə mövzusu olur. Siz necə, onların geyimindən razısınız?
-Mən həmişə milli geyimin tərəfdarı olmuşam. Düzdür, əvvəllər qadınlar uzun paltar, kişilər qara kostyum, qalstuk geyinirdi. Arada da kimsə bayramlarda milli paltarla səhnəyə çıxırdı. İndi milli paltarda muğam oxuyanların sayı çoxalıb. Amma yenə hərdən şalvarla muğam ifa edənləri görürəm, biabırçılıqdır. Belə etmək olmaz.
Mən 1988-ci ildə Muğam Teatrını açanda oxuyanlara, musiqi alətlərində ifa edənlərə, eləcə də rəqqaslara milli paltar tikdirdim. Səhnəyə çıxanlar mütləq milli geyimdə olmalı idi. Muğam Teatrı bir məbəd idi, qocaman müğənnilər gəlirdi, cavanlar oxuyurdular. Bizim tədbirlərdə Habil Əliyev, Arif Babayev, Əlibaba Məmmədov və onlarla sənətkarlar iştirak edirdilər, gəncləri görüb, ifalarına qulaq asıb, onlara öz məsləhətlərini verirdilər. Ora bir akademiya idi.
-Söhbətinizdən belə başa düşdüm ki, o teatrdan ötrü, ordakı işiniz üçün çox darıxırsınız.
-Əlbəttə, darıxıram. Bilirsiniz, mən o teatrı çox çətinliklə yaratmışdım. O teatrın gərəkliliyini hamıya başa salmağa çalışırdım. Orda nə baş verirdisə, hamısı Azərbaycan mədəniyyəti naminə idi.
-Arif müəllim, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmisiniz?
-Mədəniyyət və Turizm Nazirliyindən çox narazıyam. Onları ancaq qazanc maraqlandırır. Axırıncı dəfə məni yola salanda dedilər ki, get, narahat olma, səni çağıracağıq. Hələ də çağırmayıblar. Yəqin başları qarışıqdır...
-Əvvəllər nazirliklə aranız yaxşı idi...
-Nazirliklə mənim əlaqəm həmişə pis olub. Muğam Teatrında nə qədər xatirə gecələri təşkil etdik, heç birinə gəlmədilər. O gecələrdə iştirak üçün Mədəniyyət və Turizm Nazirliyinə dəvət gördərirdim, amma heç kim gəlmirdi. Sizcə, bunun adı nədir?.. Laqeydlik.
-Bəs kimin sizinlə şəxsi qərəzliyi olub?
-Dövlət adamı deyil, amma bilirəm ki, şəxsi münasibətlərdən qaynaqlanan laqeydlik idi. Hər şey düzələr. Bunun üçün narahatlıq keçirmirəm.
Nərmin Muradova