2 İyun 2016 16:39
5 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəyimxanım Vəliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

-“Arazbari” musiqili kompozisiyasını təqdim etdiniz. Böyük bir layihə idi. Qarşıda tamaşaçıları nə gözləyir?

-Doğru qeyd etdiniz, uzun müddət üzərində çalışdığımız “Arazbari”ni təqdim etdik. Bu o taylı-bu taylı vətən həsrəti çəkən insanlara ithaf olunur. Sevinirəm ki, mən də belə möhtəşəm layihədə yer almışam. Planda yeni mahnılar, layihələr var. Amma bu haqda hələlik açıqlama vermək istəmirəm. İnşallah? sentyabrda görəcəksiniz. Hazırlıqlar gedir.

-Bəlkə ipucu verəsiniz?

-Yox, həqiqətən bu haqda danışmaq istəmirəm. Sentyabrda hər şey aydın olacaq.

-Konsert necə, olacaqmı?

-Bu ilin sonu, gələn ili əvvəli konsert verməyi düşünürəm. İlk konsertim Heydər Əliyev adına sarayda olub. Güman ki, ikinci konsertim də orda olacaq.

-Geniş tamaşaçı kütləsi sizi Muğam Müsabiqəsi ilə tanındı. Ona qədər və ondan sonranı necə xarakterizə edərsiniz?

-Mənim səhnə fəaliyyətim əslində 1992-ci ildən başlayıb. O vaxtlar festivallarda, müsabiqələrdə iştirak edirdim, ancaq az tanınırdım. 2005-ci ildəki birinci Muğam Müsabiqəsi mənim daha çox tanınmağımda, sevilməyimdə rol oynadı. Bu, mənə böyük stimul verdi və sənətimlə daha aktiv məşğul olmağa başladım.

-Bir müddət gündəmdə qaldınız, sonra çox passiv bir dövr yaşadınız. Səbəbi ailə qurmağınız idimi?

-Bilirsiz, ailə qurduqdan sonra insan ikiyə bölünür: sənət və ailə. Amma mən çalışıram ki, hər birini yerində icra edim.

-Çətin deyil?

-Əlbəttə, çətinlikləri var. Mən vaxtımın çoxunu ailəmə ayırmağa səy göstərirəm. Bu səsi bizə Allah bəxş edib. Ona görə də sənət hər zaman bizimlədi. Mənim fikrimcə, ailə qadın üçün sənətindən daha vacibdir. Yaxşı ailə hər bir qadının xoşbəxtliyidir.

-İstər xanəndələr, istərsə də digər musiqi sahəsinin ifaçıları deyirlər ki, musiqi dəryadır, yaşdan asılı olmayaraq öyrənmək lazımdır. İndi kimdən öyrənirsiniz?

-Mən sənətə xanəndə kimi gəlmişəm. 9 il Bülbül adına orta ixtisas musiqi məktəbində, 4 il konservatoriyanın balakavr, iki il magistr pilləsində, ümumilikdə 15-16 il musiqidə təhsil almışam.

Həm Bülbül adına orta ixtisas musiqi məktəbində, həm də konservatoriyada müəllimim Ağaxan Abdullayev olub. Daha öncələr Dövlət Uşaq Filormoniyasında Zabit Nəbizadədən muğam dərsləri almışam. Bu gün özüm konservatoriyada dərs deyirəm. Dərs deyə-deyə öz üzərimizdə işləyirəm.

-Repertuarınızı seçəndə əsasən nəyə diqqət edirsiniz?

-Mahnının sözlərinə... Sözlərinə diqqət edib, ordakı mənanı başa düşəndən sonra oxumağa razılıq verirəm. Sözlərdən sonra musiqi ilə maraqlanıram. Hər ikisi gözəl olanda ortaya yaxşı əsər çıxır. Yaxşı əsər də tamaşaçı ürəyində mütləq öz yerini tapacaq.

-Son illər “birgünlük mahnılar” terminini tez-tez işlədirik. Məşhurlaşıb, dillər əzbəri olurlar.

-Bilirsiz, o mahnılar çox qısa zaman kəsiyində populyar olur. Uzağı bir ay. Sonra unudulur. Amma elə bəstəkar mahnıları var, neçə illərdir ki, ifa olunur, sevilir, unudulmur. Nəsildən-nəslə ötürülür.

-Nədənsə mənə elə gəlir, lirikanı daha çox sevirsiniz.

-Doğrudur, lirik musiqilər könlümə daha yaxındır.

-Xanəndələrin geyimləri tez-tez müzakirə mövzusu olur. Siz necə fikirləşirsiniz, xanəndələr necə geyinməlidirlər?

-İstər xanəndə, istərsə də estrada ifaçısı olsun, mənim aləmimdə geyimlə bağlı müəyyən çərçivələr var. O çərçivələrdən kənara çıxmamaq şərtilə ifaçı ona yaraşan geyimlərə üstünlük verməlidir. Mən hər zaman buna riayət etməyə çalışıram.

-İfaçı kimi toylara gedirsinizmi?

-Ailə qurandan sonra yox... Əvvəllər gedirdim. Ancaq toya getməyə normal yanaşıram. El şənliklərinə getmədən sənətdə hansısa layihələr həyata keçirmək mümkün deyil. Sənətçinin klip çəkdirməyə, mahnı almağa maddi vəsaiti olmalıdır. Toya getmədən də maddi gəlirə sahib olmaq mümkün deyil.

Mən el şənliklərinə getdiyim zaman normal məbləğdə pul qazana, onunla özümü dolandıra, sənətimə xərcləyə bilirdim.

-Leyli obrazını ifa etmək kimi arzunuz varmı?

-Leylinin partiyalarını Opera və Balet teatrının səhnəsində deyil, başqa səhnələrdə ifa etmişəm. Hələlik planda yoxdur. Doğrusu, heç arzulamıram da...

-Bəs nə vaxtsa ifa etsəniz, Məcnun rolunda tərəf-müqabilinizin kim olmasını istəyərdiniz?

-Belə bir planım yoxdu deyə, doğrusu, bu barədə düşünməmişəm.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər