15 May 2015 14:00
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalıb. Yarışların keçiriləcəyi idman arenalarında işlər, demək olar ki, yekunlaşmaq üzrədir. İstifadəyə tam hazır olan mərkəzlərdən biri də Bakı Atıcılıq Mərkəzidir.

Bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biri hesab edilir. Avropadan təcrübəli idmançılar tamamilə yeni və xüsusi məqsədlə tikilmiş mərkəzdə bacarıqlarını sınaqdan keçirəcəklər.
Qeyd edək ki, martın 9-da Prezidentin iştirakı ilə Bakı Atıcılıq Mərkəzinin açılışı olub.

Mərkəzdə 300 metr məsafədə güllə atışı üçün şərait olsa da...

Avropa Oyunları zamanı Bakı Atıcılıq Mərkəzinin əməliyyatlar üzrə meneceri vəzifəsini icra edəcək Arnaud Cren Larvorun sözlərinə görə, ilk dəfə burada idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün meydançalar bir kompleksdə birləşib: "Mərkəzin tikintisinə 2014-cü ildə başlanılıb. Buranın funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Kompleksdə təhlükəsizliklə bağlı işlər görülüb və artıq istifadəyə tam hazırdır.

Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, ətraf abadlaşdırılıb".

Menecer dedi ki, mərkəzdə bütün atış sahələri sınaqdan keçirilib və testlər uğurla başa çatıb: "Burada 300 metr məsafədə güllə atışı üçün şərait olsa da, Avropa Oyunları zamanı bu idman növündən istifadə olunmayacaq. Çünki burada müxtəlif məsafələrə atışlar eyni zalda həyata keçiriləcək. Atıcılıq yarışlarını izləmək istəyənlər tək biletlə yalnız bir yarışa baxa biləcəklər. Yəni stend atıcılığı yarışı üçün bilet alan tamaşaçı güllə atıcılığı zalında əyləşə bilməyəcək və yaxud da əksinə olacaq".

210 kişi, 120 qadın idmançı

Mütəxəssis bildirdi ki, Mərkəzdə VİP qonaqlar və media nümayəndələri də daxil olmaqla, 400-dən artıq tamaşaçı yarışlara baxa biləcək: " Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. Yarışlar 16-22 iyun tarixlərində keçiriləcək.

Ən yüksək ad uğrunda mübarizəsi yeddi yarış günü müddətində 210 kişi və 120 qadın idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. 9 kişi, 6 qadın və 4 qarışıq komanda halında baş tutacaq. Medal qazanmağa namizəd şəxslər tüfəng, stend və güllə atıcılığını əhatə edən 15 fərdi yarışların qalibləri birbaşa "Rio- 2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Buna görə də yarışların yüksək gərginlik ab-havasında keçməsi gözlənilir. Mərkəz təxminən 730 tamaşaçı tutumuna malik olacaq".

Arnaud Cren Larvor deyir ki, Bakı Atıcılıq Mərkəzidə güllə atıcılığı sahəsində 10, 25 və 50 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək: "Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən müasir elektron sistemlər və avadanlıqlar quraşdırılıb. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq.

10 və 50 metrlik məsafəyə yarımqapalı atış tirində 10 idmançı eyni vaxtda yarışa bilər. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb".

Şəhərdən 30 dəqiqəlik məsafə və VİP dayanacaqlar

Qeyd edək ki, binada həmçinin inzibati otaqlar da fəaliyyət göstərir. Yarışı izləmək istəyən azarkeşlərin Mərkəzə gəlməsi isə elə də çətin olmayacaq. Çünki arenaya yeni avtomobil yolu çəkilib və oyunlar zamanı buraya yeni marşrut xəttinin açılması da gözlənilir.

Baş menecer artıq bütün işlərin yekunlaşdığını söylədi. Belə müasir idman kompleksinin istifadəyə verilməsi "Bakı-2015" Birinci Avropa Oyunları zamanı bu idman növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq: "Avtomobillə 30 dəqiqəlik məsafədə yerləşən obyektdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib. Mərkəzin kənarlarında təhlükəsizlik işləri ilə bərabər yaşıllıq zolaqları da salınıb.

Güllə atıcılığı binasında idmançıların və tamaşaçıların istirahəti üçün funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var".

Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalması üçün mehmanxana binası da inşa edilib.

Atıcılıq idman növün tarixi və ölkəmizdə inkişafı ilə məlumat çatdırırıq.

Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə, 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib.

Ölkəmiz stend atıcılığı ilə 1920-ci ildə tanış olub. Ancaq bizim atıcılarımızın olimpiadaya ilk addımları 1988-ci ildə keçirilən Seul Olimpiya Oyunlarından atılıb. Seul və daha sonra Atlanta olimpiadasında Azərbaycanı Valeri Timoxin təmsil edib.

Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilimiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub.

6 dünya, 2 olimpiya rekordu

Zemfira Meftəhəddinova Azərbaycanın ilk atıcı-idmançısıdır (stend atıcılığı). O, 2000-ci ilin Olimpiya çempionu olmaqla yanaşı, həm də dünyanın ən sərrast stend atıcısı kimi tarixə düşüb. Ümumiyyətlə, xanım idmançımız 6 dünya, 2 olimpiya rekordu qazanıb.

2004-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının iştirakçısı (15-ci yeri tutub), 1986, 1987 və 1988-ci illərin Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərin gümüş mükafatçısı, 1987 və 1990-cı illərin bürünc mükafatçısı, 1986-cı il komanda şəklində dünya çempionatının gümüş mükafatçısıdır.

1986-ci il SSRİ çempionatının bürünc mükafatçısıdır. Bakıda "Dinamo" idman klubunu təmsil edir.
Azərbaycan yığma komandasının məşqçisi (güllə atıcılığı üzrə) İradə Aşumova 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 1996 və 2000-ci illərdə keçirilən Olimpiya oyunlarının iştirakçısıdır.

1985, 1998 və 2002-ci illərdə keçirilən dünya çempionatının gümüş mükafatçısıdır, 1986-cı il Dünya Kubokunun sahibidir. "Neftçi" idman klubunun üzvüdür. Bakıda, Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunda dərs deyir. Oğlu Ruslan Lunev də anasının yolunu davam etdirir.

İlhamə Əbülfət

FOTO Elçin Murad


Müəllif:

Oxşar xəbərlər