8 İyun 2015 16:34
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə birinci Avropa Oyunlarının başlamasına artıq bir neçə gün vaxt qalıb. Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək gimnastlarımız da yarışlara yüksək səviyyədə hazırlaşırlar.

Azərbaycanı Oyunlarda təmsil edəcək akrobatlardan ibarət qadın qrupunun üzvü Lalə Hüseynova Trend-ə bildirib ki, hazırlıq işləri yüksək səviyyədə keçir: “Hər gün məşq edirik və əlimizdən gələni edirik ki, yarışlarda yüksək yer tutaq. Hazırlığımızı yüksək qiymətləndirirəm, məncə, bu Oyunlarda yüksək yer tutacağıq”.

L.Hüseynova yarışlarda əsas rəqiblərinin Rusiya və Belçika gimnastları olduğunu söyləyib.

Qrupun digər üzvü Aynur Hüseynova da Oyunlarda yüksək nailiyyətlər əldə edəcəklərinə ümid etdiyini bildirib: “Biz artıq bir ildən çoxdur ki, Avropa Oyunlarına hazırlaşırıq. Hər gün məşqlərimiz yüksək səviyyədə gedir. Yüksək yerlər tutacağımıza ümid edirik, bunun üçün çox əziyyət çəkirik”.

Qrupun ən kiçik üzvü Nərmin Ramazanova da Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını qeyd edərək, yarışlara böyük inamla getdiklərini vurğulayıb.

İdmançılar onlar üçün Azərbaycan Gimnastika Federasiyası tərəfindən hər cür şəraitin yaradıldığını bildiriblər.

Qeyd edək ki, Azərbaycanı birinci Avropa Oyunlarında 28 gimnast təmsil edəcək. Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar iyun 14-21-də keçiriləcək.

İyunun 14-15-də qadın və kişi idman gimnastikası üzrə təsnifat mərhələsi keçiriləcək, komanda hesabında qaliblər müəyyənləşəcək.

İyunun 17-də akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə təsnifat yarışları baş tutacaq.

İyunun 18-də kişi və qadın idman gimnastikası üzrə çoxnövçülük finalı keçiriləcək.

İyunun 19-da isə bədii gimnastika üzrə fərdi proqramda, həmçinin akrobatika üzrə qadın və qarışıq qruplar arasında çoxnövçülük finalları olacaq. Eyni gün paralel olaraq, batut gimnastikası üzrə sinxron hərəkətlərdə və aerobika gimnastikası üzrə qruplar arasında təsnifat mərhələsi baş tutacaq.

İyunun 20-də qadın və kişi idman gimnastikası üzrə ayrı-ayrı alətlərdə final mərhələləri keçiriləcək.

Yarışın əsas günü akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə finallar baş tutacaq.


Müəllif:

Oxşar xəbərlər