I Avropa Oyunları çərçivəsində badminton yarışlarında böyük rəqabət var. Bu barədə Trend-ə yarışın favoriti, irlandiyalı badmintonçu Skott Evans deyib.
Onun sözlərinə görə, I Avropa Oyunlarında idmançıları medal uğrunda gərgin mübarizə gözləyir: “Əlbəttə qızıl medalı qazanmaq istərdim, ancaq etiraf etmək lazımdır ki, Bakıdakı yarışlarda inanılmaz rəqabət var. Oyunlara ən güclü idmançılar gəlib və bunu nəticələrdən də görürük. İstərdim ki, belə Oyunlar bu idman növünə marağı artırsın”.
Badmintonçu qeyd edib ki, ilk Avropa Oyunları kimi böyük idman tədbirinin təşkilindən razıdır: “Hər şey yaxşı planlaşdırılıb və həyata keçirilib. Atletlər kəndində əla şərait var və heç nə fikrimizi idmandan yayındırmır. Eyni sözləri idman obyektləri haqqında da deyə bilərəm. Azərbaycanlı tamaşaçıların badmintona marağı məni heyrətləndirdi. Bu, çox xoşdur”.