“Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində su polosu idman növü üzrə keçirilmiş yarışlar maraqla və həyəcanla izlənilib.
Oyunlarda İtaliyanı təmsil edən su polosu komandasının gənc üzvü Aqneze Kokçiere gərgin mübarizə şəraitində keçmiş qarşılaşmalar barədə təəssüratlarını bölüşüb. O deyib: “İlk Avropa Oyunları mənim üçün yeni bir macəra oldu. Atletlər kəndində müxtəlif ölkələri təmsil edən idmançılarla bir arada vaxt keçirmək çox gözəl hissdir. Açılış mərasimindəki idmançıların möhtəşəm paradı yaddaşımda dərin iz buraxdı. Şübhəsiz bu yarışlar mənim iştirak etdiyim digər turnirlərdən çox fərqli idi və bu səbəbdən daha çox məsuliyyət hiss edirdim. “Bakı-2015”in əhəmiyyətini hər yarış günü yenidən anlayırdım. Komandamızın Oyunlardakı nəticəsini qənaətbəxş hesab edirəm. Medal əldə edə bilməsək də hamımız əlimizdən gələni əsirgəmədik. Belə bir tədbirdə İtaliyanı təmsil etdiyim üçün özümü çox şanslı hesab edirəm. Bu yarışlar sayəsində mən əvvəl heç bir zaman keçirmədiyim hissləri yaşadım”.