Möhtəşəm atəşfəşanlıq başlayır. Bakı səmasını nura boyayan al-əlvan fişənglər ilk Avropa Oyunlarının başa çatmasından xəbər verir. Beləliklə, “Bakı-2015” Azərbaycana başucalığı gətirən tarixə çevrilir.
22:52
İdmançılar tribunalardan meydançaya axışır, rəqs edənlərə qoşulurlar. Bu, birlik və dostluğun daha bir parlaq nümayişinə çevrilir.
22:45
Stadionda müasir rəqslər və mahnılar, ecazkar görüntülər bir-birini əvəz edir. Məşhur musiqi qruplarının və xarici estrada ulduzlarının ifaları əsl bayram ovqatı yaradır.
22:40
Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz (işıq diodları) tökülür. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanıb. Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır.
Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların asıldığı nəhəng çilçıraq səmaya yüksəlir. Meydan möhtəşəm işıq selinə qərq olur. Buradan belə bir məna çıxır: Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq quşu kimi ölməz olacaq.
Bu təsirli səhnələr Martin Rozengarten və Kristian Ştaynxauzerin Azərbaycan xalq mahnısı “Sarı gəlin”in motivləri əsasında aranjeman etdiyi “Lanterns” musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənir.
22:36
Stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamança səsi yayılır. Əsas səhnədə Atəşgah məbədi ucalmağa başlayır. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki “həyat ağacı”nı çəkir. Onun çəkdikləri səhnədə heyrətamiz şəkildə canlanır. Yetmiş altı rəqqas qum üzərində çəkilən təsvirlərə mütənasib xoreoqrafik hərəkətlər nümayiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırır. Daha sonra o, qum üzərində quş fiqurları çəkir və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 50 quş görünür. Quşlar bir yerə toplaşaraq əfsanəvi simurq quşuna çevrilir.
Musiqi getdikcə daha təntənəli xarakter alır. Qum rəssamı indi alov rəsmləri çəkir və səhnəyə alov dilimlərinə bənzər qanadları olan rəqqaslar çıxır. Musiqi güclənir, rəqqaslar daha çevik hərəkətlər edir və səhnə sanki od-alova bürünür. İfa kulminasiya məqamına çatdıqda Simurq quşu heyrətamiz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanmağa başlayır.
Bu möhtəşəm səhnə məşhur əfsanənin motivləri əsasında qurulub. Əfsanəyə görə, bir dəstə quş xoşbəxtliyin, sağlamlığın və müdrikliyin müjdəçisi olan sehrli Simurq quşunun axtarışına çıxır. Bir araya gəldikdə Simurq quşunun ruhunun qəlblərində yaşadığını və birləşəcəkləri təqdirdə vahid sirli varlığa çevriləcəklərini anlayırlar. Belə də olur. Onların birliyindən yaranan Simurq quşu alovların əhatəsində pərvazlanıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyi arasında görünməz olur. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir.
Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. Onun 50 qanadının hər birinin uzunluğu gərildikdə 1-3,4 metrə çatır.
22:21
Stadionun monitorlarında 17 günlük yarışların əsas məqamları nümayiş etdirilir. Tamaşaçılar ruh yüksəkliyi və sevincin, qələbə və məğlubiyyətin doğurduğu hisslərin, idman arenalarında yaranmış dostluğun şahidi olurlar.
22:18
Biz az qala hər gün yeniləşən texnologiyalar əsrində yaşayırıq. Bu texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı fərdlər - onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və daşıdıqları enerjini bir-birinə ötürmək baxımından əvəzolunmaz mübadilə imkanları yaranır.
Səhnədə dünyamızın perspektivi təsvir olunur. Bu, gəncliyin enerjisidir. Rəqqas səhnədə bir enerji qığılcımı yaradır. Güclü enerji bədənindən keçərək onu hərəkətə gətirir. Rəqqas bu enerjini rəqqasəyə, daha sonra isə başqalarına ötürür. Onların urban və atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə çevrilir. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olur. Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar yaradır.
Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir. İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk halqalarında akrobatik hərəkətlər edir. Onlar yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.
22:07
Stadionun monitorlarında daha bir qısa film nümayiş olunur. Film Azərbaycanın yaxın illərdə ev sahibliyi edəcəyi böyük tədbirlərdən - 2016-cı il “Formula-1” Avropa Qran-pri yarışlarından, 2017-ci il İslam Həmrəyliyi Oyunlarından, 2020-ci il UEFA Avropa çempionatının final mərhələsi matçlarından və Bakının görməli yerlərindən bəhs edir.
22:05
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edir. O, protokol nitqinə hərarətli ifadələrlə başlayır: “Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi. Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun”.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üçün çox gözəl arenalar hazırlandığını vurğulayan AOK-un prezidenti qeyd edir ki, iş fəaliyyətinin dəqiqliyi qızıl medal standartına uyğundur. Yeni gənc qəhrəmanlardan ibarət komandanı gözəl könüllülər formalaşdırdı. Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.
Azərbaycanın və Avropa atletlərinin dünyaya möhtəşəm idman bayramı bəxş etdiyini bildirən Patrik Hikki deyir: “Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.
Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır”.
“Bakı-2015” ilk Avropa Oyunlarını minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə bağlı elan etdiyini bildirən Patrik Hikki nitqinə bu sözlərlə yekun vurur: “Sağ ol, Bakı! Sağ ol, Azərbaycan”.
Çıxışlar zamanı fonda gözəl musiqi səslənir. Onu Kristian Ştaynxauzer xüsusi olaraq mərasim üçün bəstələyib.
22:00
Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tribunaya dəvət olunur. O, əvvəlcə fəxri qonaqları və tamaşaçıları salamlayır.
İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən duyduğu fərəh hisslərini diqqətə çatdıran Təşkilat Komitəsinin sədri deyir: Qürur hissi duyuruq ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbiri keçirdi.
Ötən 17 günün Azərbaycanın tarixində əlamətdar və yaddaqalan günlər olduğunu vurğulayan Mehriban Əliyeva Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. O, eyni zamanda, Avropa Oyunlarını yaddaqalan idman festivalına çevirən bütün atletlərə, öz mövqeyi və qətiyyəti sayəsində bu ideyanı reallaşdıran Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik Hikkiyə, beynəlxalq tərəfdaşlara, eləcə də azarkeşlərə və könüllülərə təşəkkür edir.
Mehriban Əliyeva nitqini bu sözlərlə tamamlayır: “Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.
Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.
Atletlər, sağ olun!
Dostlar, sağ olun!
Azərbaycan, sağ ol!”
Birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqi hərarətli və sürəkli alqışlarla müşayiət olunur.
21:49
İdmançıların birlik və dostluq rəmzinə çevrilən paradı başa çatır. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tutmağa başlayırlar.
21:29
İdmançılar tribunaların önündən keçirlər. Tamaşaçılar “Bakı-2015”in iştirakçılarını – Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Norveç, Polşa Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə və Ukrayna nümayəndələrini alqışlayırlar.
Təbii ki, Azərbaycan idmançılarının payına daha çox alqış düşür. Bu da təsadüfi deyil. İdmançılarımız birinci Avropa Oyunlarında sözün əsl mənasında tarix yazmağa nail oldular. Onlar yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandılar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.
21:26
Arenada “Çal-oyna” xalq mahnısının melodiyası eşidilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletın şərəfinə səslənən bayram havası təsiri bağışlayır. Mahnının sədaları altında stadiona bayraqdaşıyanlar daxil olurlar. Onlar iki cərgədə qarşı-qarşıya hərəkət edirlər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə Oyunların ev sahibi Azərbaycanın bayraqları dalğalanır. Xor oxuyan uşaqlar sülh və birlik rəmzi olan su zanbaqlarını komandaların plakat daşıyanlarına verirlər.
21:20
Stadionun ekranlarında qısa film nümayiş olunur. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidir.
21:17
Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.
Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. “Qız qalası”nın divarları aralanır və tamaşaçının gözü qarşısında müasir memarlıq abidəsi “Alov qüllələri” canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.
21:11
Mərasimin “transformasiya” adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birlərinin ritm və enerjisinə cavab verirlər.
21:06
Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və qaldırılır. Bu məqamda idmançılarımızın ilk Avropa Oyunlarında qazandıqları qələbələrin şərəfinə dövlət bayrağımızın 22 dəfə yüksəyə ucaldığını, dövlət himnimizin səsləndiyini bir daha qürur hissi ilə xatırlayırıq.
21:03
Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.
Yaradıcı heyət “Oyanış” adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycan Dövlət Himnini yeni simfonik aranjemanda ifa edir.
21:00
Bağlanış mərasimi başlayır. Stadionda şeypurlar səslənir. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətli alqışlarla salamlayırlar.
20:55
Mərasimin başlanmasına bir neçə dəqiqə qalır.
Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu belə ifadə edir: Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və yaranan ahəngdarlıq bizi ilhamlandırır. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirir. Bu axşam Oyunların uğurunu və idmançıların zəfərini qeyd edirik. Odlar yurdu Azərbaycan öz alovunu dünya ilə bölüşdü. Onun işığı hamımızın qəlbində yaşayır.
Şounun təşkilində iştirak edən 1600-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.
20:50
Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də öz orijinallığı, genişliyi ilə diqqəti çəkir. Əsas və yardımçı səhnələr buta formasında işlənib və LED diodları ilə işıqlandırılır. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, stadionda 800 səsgücləndirici quraşdırılıb. Bir sözlə, təşkilatçılar maraqlı və yaddaqalan bağlanış şousu vəd edirlər.
20:43
Stadionda hamı öz yerini tutub: mərasimin təşkilatçıları və iştirakçıları da, idmançılar və tamaşaçılar da. Sonuncuların simasından, əhval-ruhiyyəsindən belə məlum olur ki, 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışı onların ürəyincə olub. Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxmışıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir. İdman həvəskarlarını, Bakı sakinlərini bağlanış mərasiminə çəkib gətirən əsas amillərdən biri də budur: qələbədən doğan sevinc və iftixar hissləri. Bu hissləri stadiona toplaşan on minlərlə insanın hər birinin simasından oxumaq olar.
On yeddi gündür ki, dünya idman ictimaiyyətinin gözü Azərbaycandadır. Bakı bu 17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək qonaqpərvərlik, təşkilatçılıq minlərlə idmançını, qonaqları riqqətə gətirdi.
Möhtəşəm idman bayramı artıq sona yetmək üzrədir. Təxminən 30 dəqiqədən sonra “Bakı-2015”-in təntənəli bağlanış mərasimi keçiriləcək və Oyunların məşəli söndürüləcək. Bununla əlaqədar Bakı Olimpiya Stadionundan onlayn reportajımıza başlayırıq.
Birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu bağlanış mərasiminə tam hazırdır. Stadiondakı yerlərin hamısı tutulub. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verir. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, “Bakı-2015” gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. “Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi” - Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.
Qeyd edək ki, Bakı- 2015 Avropa Oyunlarında 16 olimpiya idman növü və dörd qeyri-olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil ediblər.
İdman növlərinin on ikisi 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradıb. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir.
Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdu.
Bu gün Bakıda ilk Avropa oyunlarının bağlanış mərasimi keçirilir.
Teleqraf.com həmin mərasimi canlı olaraq sizlərə təqdim edir: