“Olimpiya Oyunlarının ideal surəti”. Fransanın ladepeche.fr saytı paytaxtımızda keçirilmiş Birinci Avropa Oyunlarını belə xarakterizə edib.
Sayt yazır ki, Bakı bu oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi: “Təşkilatçılıq çox gözəl idi. Bakı iki il yarım ərsində 66 minlik olimpiya stadionu tikməklə böyük şücaət göstərib. Medallarda da olimpiya halqaları təsvir olunmuşdu. Oyunlarda 12 min könüllü yüksək peşəkarlıq nümayiş etdirib. Yollarda yalnız akkreditasiyalı avtomobillərin istifadəsi üçün xüsusi xətt çəkilmişdi”.
Saytda dərc olunmuş məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də Bakıda keçirilmiş oyunlarla bağlı fikirləri yer alıb. O da oyunların yüksək səviyyədə keçdiyini və Azərbayanın Olimpiya Oyunlarına iddialı olduğunu bildirib.
Məqalədə həmçinin qeyd olunub ki, hələlik 2024-cü Olimpiya Oyunlarına ev sahibliyi məsələsi qaranlıq olsa da, Azərbaycan 2016-cı ildə Formula 1 yarışları, 2017-ci ildə İslam Oyunları və 2020-ci futbol üzrə Avropa Çempionatının Oyunlarına ev sahibliyi edəcək.