Bəybala Əbil: “Milli Şuraya siyasi partiyaların birliyi və müttəfiqi kimi də baxmaq olmaz”
Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Bəybala Əbil suallarımıza cavab verib. Müsahibimiz əsasən qarşıdan gələn bələdiyyə seçkiləri, seçkilərdə iştirak formatı, Milli Şura, Demokratik Qüvvələrin Birliyi, AXCP ilə münasibətlər, KXCP-nin Müsavatla əməkdaşlığı və bu əməkdaşlığın dayandırılması haqqında danışıb. Bəybala Əbil həmçinin Yurd kitabı haqqında da fikirlərini açıqlayıb.
- Bəybala müəllim, KXCP bələdiyyə seçkilərində iştirak edəcəkmi?
- Bizim seçkilərlə bağlı Ali Məclisin qərarı var. Seçkidə iştirak edəcəyik. Digər partiyaların iştirak edib-etməməsi haqda məlumatım yoxdur. Amma deyim ki, siyasi partiyaların içərisində ilk dəfə biz bələdiyyə seçkilərində iştirakla bağlı qərar vermişik.
- Siz hansı formada iştirak edəcəksiniz?
- Namizədlərimizi irəli sürəcəyik, təbliğat-təşviqat kampaniyası aparacağıq. Seçkidə iştirakın bir formatı var. Seçkilərə start verildikdən sonra qanunvericiliyə uyğun olaraq proseduraları həyata keçirəcəyik.
- Yəni Milli Şura formatında iştirak edəcəksiniz, yoxsa Demokratik Qüvvələr Birliyi çərçivəsində?
- Çox istədik ki, Milli Şurada olanlar seçkilərə qoşulsun, ümumilikdə müxalifət seçkilərdə birgə iştirak etsin. Amma bizim partiya olaraq qərarımız var. Milli Şuranın bu haqda qərarı yoxdur, amma müəyyən istəklər var. Son sessiya zamanı çıxış edənlər seçkilərdə iştirakın vacibliyini qeyd etdi. Yəqin ki, bununla bağlı müəyyən sənədlər qəbul olunacaq, mövqe aydınlığı gələcək. Demokratik Qüvvələr Birliyinin də seçkidə iştirak edib-etməyəcəyinə dair aydın mövqe yoxdur. Amma orada da hansısa partiyaların seçkilərdə iştirakı gözlənilir.
- KXCP həm Milli Şurada, həm də Demokratik Qüvvələr Birliyində təmsil olunur. Bu birliklərin ikisi də seçkiyə qatılmaq qərarını versə, KXCP hansına üstünlük verəcək?
- İkisində də iştirak edəcəyik. Biz hətta istərdik ki, müxalifət bütövlükdə seçkiyə qatılsın. Azərbaycanda on minlərlə bələdiyyə üzvü yeri var. Hansı bələdiyyə üzrə hansı təşkilatla birgə seçkiyə getmək mümkündürsə, biz bu formata üstünlük verəcəyik. İstər Milli Şura, istər Demokratik Qüvvələr Birliyi, istərsə də, bu qurumların heç birində təmsil olunmayan “Qarabağ” bloku və digər partiyalar olsun. Bələdiyyə seçkilərində bu imkanlar daha çoxdur. Çünki seçim yerlərinin çoxluğu ortadadır. On minlərlə namizəd irəli sürmək imkanı var.
- Nə qədər namizəd irəli sürməyi planlaşdırırsınız?
- Bunu deməkdə çətinlik çəkirəm. Bizim təlimatlarda göstərilib ki, hər rayon şöbəsi neçə namizəd verə bilər. Bununla bağlı hazırda iş gedir. Sonda rəqəmlər ortaya çıxacaq.
- Azərbaycanda bir müxalifət partiyasının bütün bələdiyyələr üzrə 17 min namizəd irəli sürmək resursu varmı?
- Bu olduqca çətindir. Əslində bu imkanları axtarmaq, bir partiyadan bütün bələdiyyələr üzrə namizədlər irəli sürməyi tələb etmək də doğru olmazdı.
- Niyə?
- Əvvəla, partiyaların maddi bazası buna imkan vermir. İkincisi, rayonlarda qərargahlar yoxdur. Belə halda bir partiyanın bütün bələdiyyələr üzrə namizəd irəli sürməsi mümkün deyil. Odur ki, partiyaların bütün ölkə üzrə belə bir ağır seçki kampaniyası aparması qeyri-real görünür.
- İqbal Ağazadə iddia edir ki, müxalifətin bələdiyyə seçkilərində irəli sürməyə namizədi yoxdur...
- Mən bu fikirlə qətiyyən razı deyiləm. Belə fikir söyləmək də düzgün deyil. Vacib deyil ki, partiya 17 min namizəd irəli sürsün. Əksinə, partiya 10 rayon üzrə bələdiyyə seçkilərində iştirak edə bilər. Odur ki, mən bu fikri absurd hesab edirəm. Əslində heç bir partiyanın bütün dairələrdən namizəd irəli sürmək öhdəliyi də yoxdur. Parlament seçkilərində iştirak etmək vacibdir, bələdiyyə seçkilərində isə zəruridir. Seçki kampaniyası partiyaların əsas işidir, seçkilərdə iştirak edilməlidir. Partiyalar hazırlıq işi aparmalı, imkanlarını ölçüb-biçməli, hansı seçki dairələrində imkanı olduqlarını müəyyən etməlidir. Hətta 5 dairədən namizəd irəli sürülürsə, bunu müsbət qarşılamaq lazımdır. Nəzərə almaq lazımdır ki, partiyaların maddi-texniki bazası, mənzil qərargahları yoxdur. Bu şəraitdə partiyaların neçə bələdiyyəyə namizəd irəli sürməsinin özü böyük işdir.
- KXCP-də “Demokratik Birlik” Fraksiyası yaradanlarla münasibət hansı səviyyədədir?
- Mən bildiyim qədər bu fraksiya xeyli qabaq yaranıb. İndi isə 2014-cü ildir. Siz dediyinizə oxşar bir şey olmuşdu, o da keçib getdi və tarixə qovuşdu. İndi belə bir ciddi şey yoxdur. Münasibətlərə gəldikdə partiya üzvləri ilə normal münasibət var. Bundan başqa nə olmalıdır ki?
- Ancaq fraksiyaçılar qeyd edirlər ki, 25 rayon təşkilatını əhatə edirlər və ötən həftə də toplaşıb müzakirələr aparıblar...
- Mən belə absurd və ancaq reallığı qəzet səhifələrindən ibarət olan məsələlərə cavab vermək niyyətindən çox uzağam.
- Amma bu fraksiyada sizin rayon təşkilatının sədri də var...
- Mənim belə açıqlamadan xəbərim yoxdur, bu haqda oxumamışam. Bir daha qeyd edim ki, reallığı ancaq qəzet səhifələrində olan belə şeylərə cavab vermək niyyətində deyiləm. Mən belə suallara cavab vermirəm.
- Niyə?
- Bizim partiya rəsmi qeydiyyatdan keçib, pis-yaxşı ölkənin əhəmiyyətli hissəsini əhatə edib. Seçkilərdə daima iştirak edir. Partiyada hər hansı bir məsələ daxili strukturlarda müzakirə oluna bilər. O məsələ ki, partiyanın daxilində müzakirə edilmir, kimsə partiya aidiyyəti olan məsələni qəzetdə müzakirə edirsə, buyurub işini davam etdirsinlər. Partiyaya aidiyyəti olan məsələlər kənarda deyil, partiyanın özündə müzakirə edilməlidir. Mən Ali Məclisin sədriyəm. Partiyaya aid olan məsələləri burada müzakirə edirik.
- Fraksiyaçıların KXCP rəhbərliyi ilə təmasları varmı?
- KXCP rəsmi təşkilatdır, mövcud rayon şöbələri ilə əlaqələri var. Bundan savayı nə olmalıdır.
- Amma KXCP-nin Salyan şöbəsinin sədri Ədalət Yusifov deyir ki, partiya rəhbərliyi onların müsbət addımlarına adekvat cavab vermir...
- Hər hansı məsələ partiyada müzakirə edilə və ehtiyac yaranarsa mətbuata çıxarılar. Mən partiyada səslənməyən, təyinatlı qurumlarda müzakirə edilməyən istənilən məsələyə reaksiya vermirəm.
- “Yurd” kitabının müəllifi KXCP ilə AXCP-nin münasibətlərinə necə baxır?
- Mən əslində dediyiniz kitabın müəllifi deyiləm, AXCP daxilində Yurdla bağlı yaranan komissiyanın sədri olmuşam. Bu baxımdan mənim komissiya sədri olaraq faktların toplanmasında, yığıncaqları keçirən şəxslərdən biriyəm. Bu kitab həm də müəllif kitabı deyil, komissiyanın topladığı sənədlərin xülasəsidir. Odur ki, 9 nəfərlik komissiyanın işini bir şəxslə bağlamaq digərlərinə qarşı haqsızlıq olardı. İkincisi, KXCP məram və məqsədi uyğun gələn partiya ilə hansısa formatda fəaliyyət göstərə bilər. Bu gün AXCP ilə KXCP Milli Şurada birgə fəaliyyət göstərir.
- Bu əməkdaşlıqdır, yoxsa müttəfiqlik?
- Milli Şura seçkilərlə bağlı yaranan qurumdur. İndi də bu qurum fəaliyyətini göstərir. KXCP-də bu qurumda partiya kimi deyil, fərdlər kimi təmsil olunur. Milli Şura partiyaların deyil, fərdlərin birliyidir. Biz bu qurumda 10 nəfərlə təmsil olunuruq, partiya kimi təmsil olunmuruq. Həm də Milli Şurada QHT-lər, ziyalılar, jurnalistlər və digər şəxslər də fəaliyyət göstərir. Odur ki, Milli Şuraya siyasi partiyaların birliyi və müttəfiqi kimi də baxmaq olmaz. Çünki Milli Şura partiyaların qərarı ilə yaradılan qurum deyil. Sadəcə olaraq bu qurumun təsis sənədini ayrı-ayrı fərdlər imzalayıb. KXCP-nin də 5-10 nəfəri təsisçilərdən olub.
- Siz KXCP olaraq bir zamanlar Müsavatla ciddi və dərin əməkdaşlıq etmisiniz və hətta demək mümkünsə, AXCP-yə qarşı eyni mövqedən çıxış etmisiniz. İndi sizin AXCP ilə birgə olmağınız Müsavatda ciddi qıcıq yaradır. Buna münasibətiniz necədir?
- Bəli, bizimlə Müsavat arasında 2001-2003-cü illərdə belə bir əməkdaşlıq olub. İndi bunun üzərindən 11 il keçir. Ayrı-ayrı fərdlərin istənilən fikri ola bilər. Buna normal baxmaq lazımdır. Müsavatla bizim yaxın və ciddi əməkdaşlığımız olub. Biz 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində Müsavatı dəstəkləmişik. Bundan sonra Müsavat AXCP və digərləri ilə “Azadlıq” bloku yaradıb, müxtəlif bloklarda iştirak edib. Biz buna təbii yanaşırıq. 2013-cü ildə də birgə olduq. 2010-cu il parlament seçkilərinin başlanğıcında isə Müsavat partiyası bizimlə əməkdaşlıq etdi, 125 deputat məsələsinin 5-10-nu KXCP ilə müzakirə etdi, amma az sonra gedib AXCP ilə müttəfiq oldular. Buna təbii yanaşırıq. İndi kimsə nədənsə qısqanırsa, qısqansın, bu da insanların haqqıdır. Azərbaycanın siyasi səhnəsində proses gedir, vəziyyətə və şəraitə uyğun olaraq partiyalar bir-biri ilə yaxınlıq edir. Məncə, buna pis baxmaq olmaz. Belə hallar da olmalıdır.
Nemət Hüseynli