Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir.
Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan və BƏƏ-nin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
BƏƏ-nin Azərbaycandakı səfiri Mohammed Al Blooshi açılış nitqi ilə çıxış edərək bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin şəfəqi 1971-ci ilin bu günündə parıldayıb:
“Bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan gündür - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranmasından 53 il ötür”.
Diplomat daha sonra Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) evsahibliyi etməsindən də söz açıb və uğurlu tədbir münasibətilə Azərbaycan hökumətini təbrik edib:
“Bu tədbirdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak etdi. BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək və sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi yeniləyirik”.
Səfir vurğulayıb ki, BƏƏ milli iqtisadiyyatın gücləndirilməsi və mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirib:
“Texnologiya, kosmos, təmiz enerji və mədəniyyət kimi həyati əhəmiyyətli sektorlarda lider mövqeyə nail olmaqla yerli, regional və beynəlxalq səviyyələrdə böyük nailiyyətlər əldə etmişik. BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa yönələn ortaq öhdəliklərdən asılıdır. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkədə 200-dən çox millətin harmoniya içində yaşaması təmin edilib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar”.
Mohammed Al Blooshi BƏƏ-nin iqtisadi sektorda və beynəlxalq əməkdaşlıqda əldə etdiyi nailiyyətləri barədə də danışıb:
“BRICS qrupuna tamhüquqlu üzvlük, “Böyük İyirmilik” (G20) qrupunda beşinci iştirak, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında (ASEAN) dialoq tərəfdaşı olmaq, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişlərinin (CEPA) imzalanması üçün dəstək və digər addımlar əldə edilən uğurların bir hissəsidir”.