Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əl-Şəra ilk dəfə devrilmiş Bəşər Əsəd rejiminə qarşı keçirdikləri əməliyyatların pərdəarxası ilə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, Şəra Əsəd rejiminin devrilməsi ilə uzun müddətdən sonra Suriya və körfəzin sabitliyinin qismən təmin olunduğunu qeyd edib.
Şəra Əsəd devrilməmişdən əvvəl Fələstin (Qəzza), Livan və Yəmənə hücum edən İsrailin Suriyaya girməyi planlaşdırdığına, İranın da ölkəsinə müdaxilə edəcəyinə dair məlumat aldıqlarını açıqlayıb:
“Bu, regional mənada çox mühüm mərhələ idi. Bölgə böyük bir qlobal müharibəyə məruz qalacaqdı. Söhbət regional hücumdan gedir, indiki mərhələdə isə Suriyaya hücumdan danışırıq”.
Hökumət rəhbəri əlavə edib ki, İdlibdə başlatdıqları ilk aksiya reallaşmasaydı, İran İraqdakı qüvvələrini Suriyaya yeridərək bölgədəki varlığını artıra bilərdi. Şəra bu zəmində İranın İraqdakı bütün qüvvələrini Suriyaya yeritməyi planlaşdırdığını vurğulayıb.
Onun sözlərinə görə, bu halda baş verənlər Türkiyə sərhədlərinə qədər uzanacaqdı:
“Dəməşqi almasaydıq, İsrail Suriyaya hücum edəcək, Türkiyə və İran da daxil olmaqla müharibə başlayacaqdı. İsrailə qarşı planları pozaraq regional müharibənin qarşısını aldıq”.