ABŞ prezidenti Donald Tramp ABŞ-dəki Yepiskop Kilsəsi və Vaşinqtondakı Müqəddəs Pyotr və Paul Kafedralında ibadət zamanı Amerika liderindən miqrantlara və LGBT üzvlərinə rəhm etməyi xahiş edən yepiskop Marianna Badidən üzr istəməsini tələb edib.
Teleqraf.com xəbər verir ki, kafedralda keçirilən dua mərasimi zamanı yepiskop Amerika administrasiyasının rəhbərindən miqrant ailələrə, LGBT üzvlərinə mərhəmət göstərməsini istəyib.
Ağ Ev lideri isə məsələ ilə bağlı “Truth” sosial şəbəkə hesabında paylaşım edib.
"İbadət zamanı danışan yepiskop radikal solçu və qatı Tramp düşməni idi. O, çox nəzakətsiz formada kilsəsini siyasət dünyasına qatdı. Danışıq tonu xoşagəlməz idi, təqdimatı inandırıcı və ya ağıllı deyildi. O, ölkəmizə kütləvi şəkildə qeyri-qanuni yollarla axın edən və insanlarımızı öldürən miqrantlarla bağlı heç nə deyə bilmədi. İşini yaxşı görmür! O və kilsəsi ictimaiyyətə üzr borcludur”, - Tramp paylaşımda qeyd edib.
Xatırladaq ki, 2 gün əvvəl vəzifəsinin icrasına başlayan prezident Donald Tramp ofisdəki ilk iş günündə qeyri-qanuni immiqrasiya ilə mübarizə və ABŞ-də yalnız iki cinsin tanınması da daxil olmaqla bir sıra fərmanlar imzalayıb.