ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu sərt şəkildə tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə İraqın işğalına istinad edərək, Yaxın Şərqdəki partlayıcı durum və qarşıdurmalarda çoxsaylı ölümlərə töhfəsinə görə Boltonu “axmaq” adlandırıb.
Tramp Boltonu müharibələri qızışdırmaqda ittiham edib:
“O, nə vaxt bir yerdə görünürdüsə, orada olanlar arasında qorxu yaşanırdı, çünki müharibələri qızışdırırdı”.
ABŞ lideri həmçinin deyib ki, o, Bolton üçün Məxfi Xidmət Mühafizəsini geri çəkib: “Hesab edirəm ki, bu qədər müddət bəsdir. Biz insanların ömürlərinin sonuna qədər təhlükəsizliyini təmin etmək fikrində deyilik. Bunu niyə eləməliyik?”
Bolton Trampın bu qərarına "X" hesabında cavab verərək, bunun onu təəccübləndirmədiyini bildirib:
“Baydenin milli təhlükəsizlik siyasətini tənqid etməyimə baxmayaraq, o, 2021-ci ildə mənim üçün bu mühafizəni bərpa etmək qərarı vermişdi”.
Keçmiş müşavir 2022-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ona qarşı sui-qəsd cəhdini xatırladaraq əlavə edib ki, bu təhlükə hələ də sovuşmayıb.
Qeyd edək ki, Bolton 2018-2019-cu illərdə Trampın ilk administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.