Elm adamları kosmosun dərinliklərindən gələn intensiv radiosiqnalı mənbəyinə qədər izləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Independent” yazır.
Tədqiqatçılar uzun illərdir sürətli radiopartlayışları (FRB) - kosmosun dərinliklərindən gələn çox qısa və güclü enerji emissiyalarını izah etməyə çalışırdılar. Mümkün izahatlara müxtəlif versiyalar daxildir - qara dəliklərdən tutmuş yadplanetli texnologiyalara qədər. Tədqiqatçılar bu radiosiqnalların mənbələri haqda daha çox məlumat əldə etməyə cəhd edirdilər.
Yeni araşdırmaya görə, elm adamları bu yaxınlarda baş verən partlayışlardan birini onun gəldiyi qalaktikaya qədər izləyiblər. Tədqiqat bu qalaktikanın olduqca qədim və ölü olduğunu üzə çıxarıb. Alimlər onun qəribə formasının olduğunu deyirlər.
FRB ilk dəfə 2024-cü ilin fevralında müşahidə olunub. Proses həmin ilin iyulunadək davam edib, bu da tədqiqatçılara siqnalın mənbəyini tapmağa kömək edib. Araşdırma zamanı partlayış səsinin Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşən və yaşı 11.3 milyard il olan qalaktikadan gəldiyi məlum olub.
Alimlər bu qalaktikada hansı şəraitin ola biləcəyini modelləşdiriblər. Bəlli olub ki, qalaktika çox parlaqdır və kütləsi böyükdür. Məsələn, kütləsi Günəşinkindən 100 milyard dəfə böyükdür.
Əvvəllər tədqiqatçılar ancaq daha gənc qalaktikalardan gələn radiosiqnalları müşahidə eləmişdilər. Son kəşf belə siqnalların mənbələri haqqında mövcud anlayışı pozur.