“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ-nin Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayıb. Dünya təzədən 4 illik Tramp dönəminə girmiş oldu. Qlobal və regional proseslərlə bağlı Ağ Evin yeni administrasiyasından gözləntilərə münasibətinizi öyrənərdik?
- 20 yanvarda baş tutan inauqurasiya mərasimində ABŞ-nin yeni prezidenti Donald Tramp dünyada müharibələri dayandıracağı vədini verib. Yaxın Şərqdə Trampın andiçməsinə bir gün qalmış atəşkəsə nail olundu. Sabiq Amerika prezidenti Cozef Bayden bu atəşkəsi öz adına çıxmağa çalışıb. İddia edib ki, İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsin əldə olunması onun sayəsində mümkün olub. Amma fakt odur ki, bir neçə həftə öncə Tramp açıq şəkildə HƏMAS-ı hədələmişdi ki, yanvarın 20-ə qədər girovlar azad edilməsə və İsrail hökuməti ilə razılıq əldə olunmasa, Yaxın Şərqi cəhənnəmə döndərəcək. Görünür, bu ultimatumun bir nəticəsi oldu. Hazırda atəşkəsə nail olunub, danışıqlar gedir, girovların azad edilməsi ilə bağlı açıqlamalar var. Ona görə də bunu müsbət nəticə kimi qiymətləndirmək olar. Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı da Trampın müəyyən vədləri var. Bu istiqamətdə Tramp administrasiyası müəyyən addımlar atmağa çalışacaq. Təsadüfi deyil ki, inauqurasiyadan bir neçə saat əvvəl Rusiya Prezidenti Vladimir Putin Trampı təbrik edib və dialoqa hazır olduğunu deyib. Ona görə də əgər Tramp atəşkəs təklif etsə, böyük ehtimalla Putin bununla razılaşacaq. Ukraynanı da Ağ Evin yeni rəhbərliyi razı salmağa çalışacaq.
- Ağ Evin yeni sahibinin qovluğunda Cənubi Qafqazla bağlı hansı planlar ola bilər?
- Cənubi Qafqazla bağlı gözləntilər fərqlidir. Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonra danışıqlar gedir. Hələ nəticə əldə olunmayıb. Ona görə də Tramp administrasiyası ABŞ Dövlət katibi Marko Rubio və digərləri Azərbaycanla Ermənistan arasında da sülh sazişinin əldə olunmasına çalışacaqlar. Rubio keçmişdə ermənipərəst senator olub və ermənilərin maraqlarını müdafiə edib. İndi isə o, dövlət katibidir və Amerikanın maraqlarından çıxış etməlidir. O, Azərbaycanla Ermənistan arasında balansı qorumalıdır. Bu baxımdan məhz yeni dövlət katibi tərəfindən Azərbaycana və Ermənistana görüş təşəbbüslərinin edilməsi də gözlənilir. Hətta iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək də mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev də Tramp administrasiyası ilə əməkdaşlıqdan danışmışdı. Bu mənada Tramp administrasiyasının Cənubi Qafqazda da müəyyən cəhdləri olacaq.
- Bakı və İrəvan arasında yekun sülh sazişinin əldə olunmasında Tramp administrasiyasının təsiri barədə hansı fikirləri irəli sürmək olar?
- Əgər Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri Ermənistan tərəfindən qəbul edilsə idi, bu zaman sülh sazişinin mümkünlüyündən danışmaq olardı. Söhbət Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından gedir. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu, Tramp administrasiyası üçün də uğur sayılacaq.
- Ermənipəst Dövlət katibi Marko Rubio ilə Ağ Evin Bakı və İrəvan arasında balansı necə qoruyacağına dair suallar çoxdur…
- Donald Tramp öz inauqurasiyasında açıq mesajlar verdi. Hətta həmin vaxt onun arxasında oturan sabiq prezident Cozef Baydenin qərarlarının yanlış olduğunu və onları ləğv edəcəyini bildirdi. Tarixdə bu cür andiçmə proqramı olmamışdı. Çünki Tramp inauqurasiyadan bir neçə saat keçməmiş fərmanlar imzalamağa başladı. Panama kanalını ələ keçirmək, Meksika körfəzini Amerika körfəzi adlandırmaq kimi utopik planları var idi. Onun bu işləri necə reallaşdıracağını isə zaman göstərəcək.
Miqrasiya siyasətinin sərtləşdirilməsi, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən addımlar atılacaq. Sözsüz ki, bu məsələlərin reallaşması ilə bağlı da ciddi suallar var. Onlardan biri də ermənipərəst, keçmiş deputat Rubionun Dövlət katibi postunda özünü necə aparacağı ilə bağlıdır. Azərbaycan cəmiyyətində də bununla bağlı suallar var. Çünki Rubio senator olduğu dövrdə ancaq ermənilərin mövqeyini müdafiə edib. İkinci Qarabağ müharibəsi zamanı onun Azərbaycan əleyhinə xeyli açıqlamaları olub. Amma ümidlər onadır ki, Rubio Dövlət katibi vəzifəsinidə ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edəcək. Amerikanın milli və təhlükəsizlik mararaqları Cənubi Qafqazın açar dövləti Azərbaycanla sıx əməkdaşlığı diktə edir. Trampın da bu istiqamətdə müəyyən açıqlamları var. Hətta Donald Trampın birinci (2017-2021) prezidentliyi dönəmində Azərbaycan Prezidenti İlham Əliyevlə mühüm yazışmaları olub. Bu mənada, Tramp Azərbaycana önəm verən prezidentdir. Sözsüz ki, yeni Dövlət katibi Rubio da Trampın cızdığı xətt üzrə getməlidir. Bu məsələdə hansısa fikir ayrılığı yaransa, Rubionun uzun müddət o postda qalması mümkün olmayacaq. Çünki Tramp öz ətrafının qərarlarına riayət etməsini tələb edən şəxsdir.