Suriya hakimiyyəti Rusiya ilə Tartus dəniz limanının idarə edilməsinə dair müqaviləni ləğv edib, qərar yeni problemlərə yol açır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vlad Şlepçenko deyib.
Peyk məlumatlarına istinad edən ekspertin sözlərinə görə, hazırda Rusiya gəmiləri limandan kənardadırlar, bura girə bilmirlər. Ehtimal edilir ki, bu qərar Tartus üzərində nəzarətin itirilməsi səbəbindən verilib.
“Xmeymim (Rusiya hərbi bazası – red.) məsələsinə gəlincə, indi vəziyyət çox pisdir, biz artıq ölkədəki duruma davamlı nəzarət və təsir imkanlarına malik deyilik”, - Şlepçenko bildirib.
Ekspert Rusiya hərbi bazasının yerləşdiyi bölgənin Suriyanın yeni hökuməti tərəfindən nəzarətə götürüldüyünü bildirib.
Şlepçenko əlavə edib ki, baza Suriya qüvvələri tərəfindən hər yandan sıxışdırılıb: “Əslində, Rusiya hərbçiləri girov vəziyyətindədirlər”.
Ekspert Rusiya hərbi kontingenti təcili Suriyadan çıxarmağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl Dəməşq Rusiyanın “Stroytransqaz” şirkəti ilə Tartus limanının idarə edilməsinə dair 2019-cu ildə bağlanmış müqaviləni ləğv edib. Müqavilə 49 il müddətinə nəzərdə tutulmuşdu.