10:05
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni hakimiyyət orqanları Tartus dəniz limanının idarə olunması üçün 2019-cu ildə Rusiya şirkəti ilə imzalanmış investisiya müqaviləsini ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın Tartus əyalətinin gömrük qurumunun rəhbəri Riad Cudi məlumat verib.

Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın yenidən qurulması üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Dəməşq bu çərçivədə bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60 faiz azaldıb. Qurum rəsmisi qeyd edib ki, rüsumlar və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.

“Rusiya şirkəti ilə Tartus limanında sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq”, - Cudi deyib.

Suriyanın keçmiş hökuməti (Bəşər Əsəd) Rusiyanın “Stroytransqaz” şirkəti ilə 2019-cu ildə investisiya müqaviləsi imzalamışdı. Müqavilə 49 il müddətinə nəzərdə tutulurdu. Sənəddə Rusiya tərəfinin limanı idarə edəcəyi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyacağı bildirilirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər