13:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqibin üstün cəhəti odur ki, həm müdafiədə, həm də hücumda hamı oyunun tempini qoruyub saxlaya bilir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Rumıniyanın FCSB klubu ilə UEFA Avropa Liqasının VII turun oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdığını qeyd edib: “İlin ilk avrokubok oyunudur. Bu oyuna tam hazır olmaq bizim üçün çox vacibdir. Demək olar ki, pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Amma bilirik ki, Avropa Liqasında çox yaxşı oyunlar göstərərək, çox yaxşı nəticələr əldə edən, çox istəkli komandaya qarşı oynayacağıq. Rumın futbolu daim öz ciddiliyi, sərtliyi ilə seçilir. Mübarizəyə hazırıq. Öz oyunumuzla azarkeşlərə yaxşı oyun göstərməyə və vacib qələbə qazanmağa çalışacağıq”.

Qurbanov itkilər fonunda taktiki dəyişiklik etməyəcəyini də bildirib: “Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edir, düşündüklərimizi meydanda göstərməyə çalışırıq. Sadəcə, ola bilər ki, xırda dəyişikliklər olsun. Bəlkə hücumun qurulması və başlanmasında dəyişiklik edə bilərik. Ümumən, illərdir istədiklərimizi daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı oyunda ilk dəqiqələrdən iştirak etməyəcək və ümumiyyətlə iştirak etməyəcək futbolçularla birgə çıxış edəndə də səhvlərimiz çox olub. Sabahkı oyunda belə səhvləri etməməliyik. Çünki rəqib xırda səhvi də bağışlamır. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq. Ümumən öz oyun üslubumuzu daha da yaxşılaşdırıb nümayiş etdirməyə çalışacağıq”.

O, FCSB-nin Avropa Liqasındaki durumu haqda sualı cavablandırıb: "Bütün rəqib komandalara çox ciddi yanaşıram və heç biri arasında fərq qoymuram. Sabahki rəqibimizə gəlincə, bu onların əldə etdiyi nəticəni normal sayıram, göstərdikləri məsuliyyətli oyuna görə haqlı nəticələri var. Futbol kollektiv oyundur və bunu təkmilləşdirmək istənilən komanda və məşqçi üçün çətindir. Rəqibimizin ən üstün tərəfi həm müdafiədə, həm də hücumun gedişatında bütün komanda olaraq sadə oyun nizam-intizamını sona qədər qoruyub saxlamasıdır".

Qurbanov oyunu idarə edəcək slovakiyalı baş hakim Filip Qlovanın qəddar olması haqda verilən sualı cavablandırıb: "Qalibiyyət üçün hazırlaşırıq, amma çox da dərinə getmək lazım deyil. Məğlub olsaq, uğurumuz olmayacaq anlamına gəlmir. Bizim əldə etdiklərimiz kiçik uğurlardır və onlara nail olmaq elə də asan deyil. Sadəcə, qarşımızdaki rəqibi də nəzərə almaq lazımdır, asan rəqib deyil. Hakimliyə gəldikdə, bu haqda hələlik düşünməmək daha yaxşı olar. Oyun qabağı futbolçularımızı buna yönləndirmək düzgün deyil. Amma hər oyundan əvvəl oyunçularımıza hansı hakimin daha çox nələrə diqqət ayırdığı, hansı vərəqəni daha çox verdiyini, hansı penaltiləri təyin etdikləri haqda məlumat veririk və epizodlar göstəririk. Bu haqda futbolçulara mütləq məlumat veriləcək".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər