"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarında çalışmış rumıniyalı həmkarları barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, Rumıniyanın FCSB komandası ilə UEFA Avropa Liqasının VII tur matçından öncə 53 yaşlı mütəxəssis əcnəbi jurnalistlərdən birinin bununla bağlı sualını cavablandırıb.
O, Dorinel Muntyanu ("Qəbələ"), Mirça Rednik ("Xəzər Lənkəran"), Laurentsiu Regekampf və Adrian Mutunun (hər ikisi "Neftçi") arasında seçim etməyin çətin olduğunu söyləyib: "Hamısını salamlayıram. Əlbəttə, onların hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri futbolda böyük addır, böyük imzaya malikdirlər. Lakin hansının güclü, üstün olduqlarını mənim deməyim düzgün çıxmaz. Rednikə qarşı oyunlarımız daha maraqlı olub, biz daha hazırlıqlı olmuşuq. Hər birinə uğurlar arzulayıram".
Qurbanov Rumıniyada baş məşqçilərin tez-tez dəyişməsinə isə belə aydınlıq gətirib: "Özümün burada 17 ildir çalışmağım barədə danışmayacağam. Rumıniyaya gəldikdə, bəlkə bu, oradakı baş məşqçilərin çoxluğu ilə əlaqədardır?! (gülür - red.)"
Təcrübəli mütəxəssis FCSB-nin sahibi Cici Bekalinin "Qarabağ"ı məğlub edəcəklərinə dair iddialı açıqlamasını da şərh edib: "Normaldır. Bu, idmandır. Hər bir rəqib komandanın rəhbəri, məşqçisi və futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə açıqlama verir. Əlbəttə, biz də FCSB-ni məğlub etmək istəyirik. Başqa deyəcək bir sözüm yoxdur".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB görüşü saat 21:45-də başlanacaq.