Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, ABŞ-də Donald Tramp administrasiyası üçün yeni dönəm başlayıb. Cənubi Qafqaz, xüsusən də Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fərqli gözləntilərin olacağı deyilir. Qarşıdakı 4 il ərzində hansı xətt hakim ola bilər?
- Cozef Bayden dönəmində onun Dövlət katibi Entoni Blinken vəzifəsinə başladığı ilk vaxtlarda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı adekvat mövqe sərgiləməyə çalışırdı. Amma Bayden administrasiyası ümumilikdə ermənipərəst olduğuna görə Blinken də öz mövqeyini kəskinləşdirirdi. O, əvvəlcə tabeçiliyində olan şəxslərlə bunu edirdi. Vaxtilə ABŞ Konqresində dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycanla bağlı çıxışı, daha sonra öz vasitəsi ilə və məktubların göndərilməsi ilə bu proses gedirdi. Nəhayət, bu, birbaşa erməni tərəfinin mövqeyini dəstəkləməklə, açıq şəkildə tərəf tutmaqla yekunlaşdı. Bu, tam şəkildə ermənipərəst bir mövqe idi. Bu mənada Bayden dönəmi regionda ABŞ-nin maraqlarına ciddi zərbə vurmaqla tarixə düşdü. Söhbət təbii ki, heç də tək bir regiondan getmir.
- Trampın inauqurasiyadakı çıxışında əsas tezislər nədən ibarət idi?
- ABŞ-nin yeni prezidenti məhz ilk çıxışını bu tezislər üzərində qurdu. Tramp məhz “Amerika üçün yeni qızıl dövr” kimi sözlərdən istifadə etməklə özünə qədər korrupsiyaya batmış, iflasa uğramış, problemləri həll edə bilməyən administrasiyanın olduğunu bəyan etdi. Sözsüz ki, bu reallıqdır. Bunu ABŞ-nin yeni prezidenti də təsdiq edir. Ona görə də, bu proqnozlar müstəvisində müsbət məqamlardan danışmaq olar. Yeni Dövlət katibi Mark Rubionun keçmişdə ermənipərəst olması da heç nəyi dəyişə bilməyəcək. Çünki ümumi siyasət dəyişib. Trampın siyasətində əsas amil Amerikanın maraqlarının təminatı olduğuna görə, onun təmsilçiləri də bu çərçivədən çıxa bilməyəcək. Azərbaycanla Amerika münasibətlərini korlamaq öncə Ağ Evin regional maraqlarına ziddir. ABŞ üçün Azərbaycanla əlaqələr Mərkəzi Asiya, İslam dünyası, regionun ən güclü dövləti ilə münasibətlər deməkdir. Ona görə də, Tramp dönəmində bu xətti izləmək mümkün olacaq.
- Son dönəmlərdə kəskinləşən ABŞ-Azərbaycan münasibətlərində hansı dəyişikliklər gözlənilir?
- Söhbət heç də tək ABŞ-nin Azərbaycana olan münasibətindən getmir. Ümumilikdə Qərbin regionda nüfuzu nəzərdən keçirilirsə, Azərbaycanla münasibətlər ciddi təhlil edilməli və dəyişdirilməlidir. Bu gün Qərb Ermənistanla münasibətlər qurmaq istəsə də, burada məqsəd heç də regiona kömək etməklə bağlı deyil. Onlar Emrənistanı Rusiyadan qoparmaq, regionda yenidən çaxnaşma salmaq istəyir. Qərb Ermənistanda özünün hərbi bazalarını yaradıb, ondan İrana qarşı istifadə etmək niyyətindədir. Hətta öz seçimini etmiş Gürcüstana belə Ermənistan vasitəsilə təsir etmək istəyirlər. Bütün bunların fonunda isə Azərbaycanı mümkün qədər təsir altında saxlamaq məqsədləri var. Məhz Trampın ilk prezidentlik günü imzaladığı sənədlər bunu təsdiq edir. Artıq ABŞ Paris müqaviləsindən çıxdığını elan etdi. Eyni zamanda Panama kanalı ilə bağlı ciddi bəyanatlar verildi. Bu, o deməkdir ki, Tramp Amerikanın siyasətini köklü şəkildə dəyişmək niyyətindədir.
- Baydenin öz səlahiyyətlərinin bitməsinə bir neçə saat qalmış imzaladığı əfv fərmanı nəyi ehtiva edirdi?
- Bu, çox absurd bir yanaşma idi. Baydenin əfv fərmanı öz ailəsi ilə bağlı idi. Cinayət törətməmiş insanlarla bağlı ABŞ tarixində heç vaxt belə bir addım atılmayıb. Onun Amerikanın sabiq müdafiə, səhiyyə naziri və başqa şəxslərlə bağlı fərmanı heç də birmənalı deyil. Cinayət törətməmiş, qanunu pozmamış insanlarla bağlı Baydenin əfv fərmanı imzalaması onun qorxuları ilə bağlıdır. Cinayətlərinin üstünün açılmasından qorxur. Demək, ehtiyatlı addım atmaq niyyətinə düşüb. İddia edib ki, öz komandası ilə bağlı nə isə tapsalar, onlar əfvə düşsün.
- Bu qorxu nə ilə bağlıdır?
- Bayden iddia edir ki, guya Tramp ondan qisas almağa çalışacaq. Görünür, o, pozduğu qaydalara görə, bu qədər təlaşlıdır. Demək o hansısa qaydaları pozduğuna görə öncədən əfv fərmanı verir. Hətta Bayden əfv fərmanı imzaladıqdan sonra açıqlama verir ki, sonrakı dövrlərdə bu insanlarla bağlı hansısa problem olmasın.