15 Yanvar 2018 21:00
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik yazarlarımız ilk növbədə xalqın təsəvvüründə, onun ideallarının təkidi ilə öz yerlərini müəyyənləşdiriblər. Nizami, Füzuli Cəlil Məmmədquluzadə, Səməd Vurğun və b. Artıq onlar bizim tariximizin elə bir tərkib hissəsidir ki, tənqidin fövqündədirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında gənc yazarların məşhur və şair yazıçıları tənqid etməsinə münasibət bildiriən akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, klassiklərin tənqid olunması yolverilməz haldır:
“Onları tənqid yox, təhlil etmək lazımdır. Yaradıcılıqlarını araşdırmalı, vurğuladıqları problemləri qabartmaq və üzə çıxartmaq lazımdır. Lazımi mədəni səviyyədə münasibət də bildirmək mümkündür, polemikalar aparmaq da. Amma klassikləri günahlandırmaq, aqressiv münasibət göstərmək yolverilməzdir. Çünki bu cür münasibət klassiklərin yox, onları tənqid edənlərin haqqında fikir formalaşdırır, təsəvvür yaradır. Hesab edirəm ki, onları tənqid etməyin də texnologiyası olmalıdır. Məsələn, Mirzə Fətəli Axundzadə Məhəmməd Füzulini tənqid edib. Onu müəyyən məqamlarda digər şairlərlə müqayisə edirdi. Göstərirdi ki, bəzi əsərlərdə ideologiya zəfdir. Yalnız sənətkarlıq var. Belə tənqid M.F.Axundzadənin öz üslubundan, dünyagörüşündən, sənətə, ədəbiyyata münasibətindən irəli gəlirdi. Nə həmin dövrlərdə, nə də indi ona qarşı heç kəs aqressiya göstərmədi. Bu, elə bir səviyyədə münasibətdir ki, bunu qəbul etmək olar. Yoxsa, heç bir məlumatın olmadan özünə məxsus “publisistik” düşüncə ilə kimisə tənqid etməyə çalış, hücuma keç, buna əlbəttə, cəmiyyətin sərt reaksiyası olacaq. Azərbaycan cəmiyyəti düşüncə etibarı ilə mükəmməl cəmiyyətdir. Yəni kimsə normadankənar intonasiya ilə kimlərəsə qarşı hücuma keçəcəksə, cəmiyyət onların cavabını mütləq verəcək. Cəmiyyətin klassikləri müdafiə etməsi normal haldır. Və bizim onlara nəsə deməyə ixtiyarımız yoxdur”.

Filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikrincə, hər kəsi tənqid etmək olar. Ancaq tənqid ədalətli və dürüst olmalıdır:

“Düşünməliyik ki, biz klassikləri niyə tənqid edirik? Hansı prizmadan yanaşırıq? Bu, ədəbiyyatla, yoxsa şəxsiyyətlə bağlı problemdir? Bu barədə fikir mübadiləsi aparmaq olar. Bir az həssaslıq tələb olunur. Ancaq bu praktika pisdir ki, tənqid edənlərə qarşı kütləvi hücuma keçirlər. Kənardan heç də yaxşı görünmür”.

Millət vəkili Fazil Mustafa da klassik yazarların tənqid olunmasını tamamilə normal qəbul etdiyini dedi:
“Ədəbiyyat zövq məsələsidir. İnsanların intellektual qiymətləndirməsinə tabe olan sahədir. Kimsə hansısa klassikin fikirlərini, üslubunu qəbul edə bilər, kimsə yox. Bu mövzuda monoton yanaşma gözləmək gülməlidir. Ona görə də istənilən şairi, yazıçını tənqid etmək və mövqe bildirmək də normaldır. Ola bilər, kimsə deyər ki, mən bu adamı böyük yazıçı, şair hesab edirəm, ancaq ədəbiyyatdan anlayışı olan biri tutarlı səbəblərlə izah edər ki, o sənin düşündüyün qədər böyük biri deyil. Bu, həm də bədii zövqdür. Bədii zövqü də kütlə yox, zövqlü insanlar formalaşdırır. Kimsə kimisə sevirsə, bu o demək deyil ki, o hamı üçün etalona çevrilməlidir. Azərbaycan cəmiyyətində belə bir xəstəlik var. Hər kəs öz bütünü yaradır və kimsə bu bütlərə tənqidi mövqedən çıxış edəndə, kütləvi hücuma məruz qalır. Əgər kimsə tənqid edirsə, niyə onu təhqir edirlər, söyürlər? Hər hansı bir tənqidə, fikrə tənqidlə, fikirlə cavab verərlər. Əgər həqiqətən təhqir və söyüş varsa, buyurun, söyüşə söyüşlə, təhqirə də təhqirlə cavab verin. Ola bilər ki, 5-10 küçə adamı çıxar söyüş söyər, ancaq bütövlükdə cəmiyyətin bu prosesə total qoşulması olduqca təhlükəlidir”.

Qeyd edək ki, gənc yazar Kəramət Böyükçölün mərhum şair, Azadlıq hərəkatının unudulmaz simalarından olan Xəlil Rza Ulutürk haqda yazdığı status oxucular tərəfindən birmənalı qarşılanmayıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər