Şair və folklorşünas İlham Qəhrəmanın tərtibatında məşhur el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, 400 səhifəlik kitabda müəllifin fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan 300 şeiri toplanıb.
Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib.
İlham Qəhrəman iki ilə yaxın müddətdə tərtib etdiyi kitabda 750-dən çox ətək şərhi verib. Kitab sayəsində Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam və anlaşıqlı şəkildə çatdırılır.
Kitab tərtibatçının “Könül işi” adlı böyük həcmli önsözü ilə açılır. Şeir nümunələri janrından və ənənə ardıcıllığından asılı olaraq 14 bölməyə ayrılıb. Şeir adları aşıq sənətinin qədim qaydalarına uyğun olaraq şeirin birinci beytinin qafiyə və ya rədifə uyğun adlandırılıb.
“Nə qaldı” kitabının redaktoru Əsəd Cahangir, rəyçisi Telman Hüseyn, məsləhətçisi professor Məhərrəm Qasımlıdır.
Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəb müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitab İlham Qəhrəmanın şəxsi vəsaiti ilə çap olunub. 500 nüsxə çap olunan kitab ticarət şəbəkələrində satışda olmayacaq. Kitabı əldə etmək istəyənlər tərtibatçıya müraciət edə bilərlər.