Teleqraf.com-un əməkdaşı Dilqəm Əhmədin müsabiqədə qalib olan “Bakı (1918) və II Qarabağ (2020) müharibələrində Azərbaycan xalqının nəzərində Türkiyə” başlıqlı məqaləsini təqdim edirik.
***
1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi və 2020-ci ildə II Qarabağ döyüşlərində Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü sonadək dəstəkləməsi Azərbaycan xalqında müsbət Türkiyə obrazının formalaşmasına səbəb olub. Qafqaz İslam Ordusunun Gəncədən Bakıyadək döyüşərək üç ay müddətində zəfər qazanması dövrün hərbçilərinin və siyasi liderlərinin xatirələrində maraqlı nüanslarla yadda qalıb. Bu xatirələr əsasında Azərbaycan xalqının nəzərində Türkiyənin hansı şəkildə yer aldığını müəyyənləşdirmək mümkündür.
Eləcə də 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində baş verən II Qarabağ savaşında Türkiyə Respublikasının siyasi və hərbi liderlərinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi açıqlamalar, türk millətinin əvəzsiz dəstəyi 102 ildən sonra hər iki ölkədə eyni ab-havanın yaranmasına səbəb oldu. 10 dekabr 2020-ci ildə baş tutan Zəfər paradında Türkiyə rəsmilərinin və əsgərlərinin iştirakı bu tarixi münasibətlərin ən ali zirvəsi idi.
Osmanlı ordusu və ya “Göydən enən mələklər”
4 iyun 1918-ci ildə Batumda “Səltənəti-Səniyyeyi-Osmaniyyə ilə Azərbaycan Hökuməti-Cümhuriyyəsi beynində mün’əqid mühadənət Müahidənaməsi” imzalandı. 11 maddəlik bu sənədi Osmanlı tərəfdən ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil [Menteşe] bəylə Qafqaz Cəbhəsi Osmanlı Orduları komandanı fəriq (general) Mehmet Vəhib [Kaçı] paşa və Azərbaycan tərəfdən Milli Şura rəisi Məhəmmədəmin Rəsulzadə ilə xariciyyə naziri Məhəmmədhəsən Hacınski imzaladılar. Müahidənamənin 4-cü maddəsində yazılmışdı:
“Azərbaycan Hökuməti-Cümhuriyyəsi tərəfindən tələb vüquunda hökuməti-Osmaniyyə intizam və asayişi-daxilinin təmin və iadəsi üçün lədə-l-icab silah qüvvətiylə müavinətdə bulunacaqdır”.
Bu maddəyə əsasən, Mürsəl [Bakı] paşanın komandanlığı altında Beşinci Qafqaz diviziyası Azərbaycana göndərildi. Həmin diviziya ilə general-leytenant Əli ağa Şıxlinskinin komandanlığındakı Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı altında birləşdirildi, Osmanlı hərbiyyə naziri Ənvər paşa Orduya rəhbərliyi öz qardaşı Nuru [Killigil] paşaya tapşırdı.
Ordunun Azərbaycana gəlişi və zəfər qazanması Azərbaycan xalqının milli hafizəsində həmişəlik yer tutdu.
***
Tədqiqatçı Mehman Süleymanovun yazdığına görə, Bakının azad edilməsindən bir gün sonra Qafqaz İslam Ordusunun rəsmi keçidi baş tutub:
“Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi keçirildi. Rəsmi-keçiddə Xəlil paşa, Nuri paşa, Əli ağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallar və hörmətli şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və köməkçi hissələr hərəkət edirdi. Bütün xalq küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib qoşunlarını salamlayırdı”.
Mart soyqırımından sonra xilaskar ordunun Bakıya daxil olmasının xalq tərəfindən sevinclə, Əhməd Cavadın timsalında şeirlərlə qarşılanması təbii idi. Azərbaycanın dövlətqurma prosesinin qarşısının alınmasına yönəlmiş Bakı və ətrafında 30 min müsəlmanın qətlə yetirilməsi böyük faciə idi. Buna görə də 15 sentyabrda ordu Bakıya daxil olarkən hərarətlə qarşılanmışdı. Azərbaycan Cümhuriyyəti parlamenti üzvlərindən, “Açıq söz”, “Azərbaycan” qəzetinin, “Yeni Kafkasya” jurnalının əməkdaşı Əhməd Həmdi Qaraağazadə yazırdı: “İslam ordusu komandanı Nuri paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.
Bakının azad edilməsində iştirak edən Osmanlı zabitlərindən Süleyman İzzət bəy 1918-ci ilin 27 sentyabrında Bakıda Azərbaycan Cümhuriyyəti hökumət üzvləri ilə tanışlıqdan sonra xüsusi mərasimlə Təzəpir məscidinə getdiklərini yazıb: “Məscidin bir tərəfi rus topçu mərmiləri ilə dağılmışdı. Bu məsciddə böyük bir qələbəliklə cümə namazını qıldıq. Münasib xütbələrlə mövludi-şərif oxundu və eyni mərasimlə ordu qərargahına qayıdıldı”.
Süleyman İzzət bəy əsərində Nuri paşanın Xaçmaz və Qubada necə qarşılanmaları barədə isə bunları yazıb: “Günortaya yaxın avtomobillərlə Qubaya getdik. Kəndlilər yollarda komandan heyətinin avtomobillərini dayandıraraq duz-çörək təqdim etdilər. Qubada hökumət malikanəsi önünə yığılan əhalinin alqışları arasında qəsəbəyə girdik. Dualar oxundu. Əhalinin orduya qoşulmaları tövsiyə edildi”.
Türk ordusu Şuşada da eyni sevgi ilə qarşılanmışdı. Qarabağın tanınmış nəslinin nümayəndəsi Həmidə xanım Cavanşirin yazdığına görə, hər kəs türklərin gəlişini gözləyir, Şuşada böyük pişvaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyindən bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarından birini də Şuşa qadınlarının adından Həmidə xanım ucaltmışdı. “Ağ kəlağayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq: “Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana Şərq istiqlal qazanacaq”.
I Dünya müharibəsinə qoşulan Osmanlı bu dövrdə ən ağır günlərini keçirməsinə baxmayaraq Azərbaycanın xilasına yetişmişdi. Qafqaz İslam Ordusu zabitlərindən Rüştü bəy Bakının azad edilməsindən 2 gün əvvəl Xoca Həsən kəndinin qərbindəki müşahidə mövqeyində olarkən yazırdı:“Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ana vətənin ərazilərini qurtarmaq və geri almaq üçün Azərbaycanda olduğu qədər çətinliyə, qanlı və ələmli itkilərə uğramamışdı. Həm din, həm də soydaşlarını qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə vurmamaq üçün zabit və sıravi əsgərlərimiz böyük bir fədakarlıqla çalışmış, qiymətli qanlarını axıtmış və qorxmadan əziz canlarını da fəda etmişdilər. İstiqlalına aşiq Anadolu türkü nəhayət qonşu və qardaş millətin istiqlalını da çətin mücadilələrlə təmin edərək azərbaycanlıların əlinə təhvil vermişdi. Bakısız Azərbaycan başsız bədən idi. Onsuz bir işə yaramazdı. Odur ki, Azərbaycan Cümhuriyyətini və istiqlaliyyətini mütləq Bakı tamamlayacaqdı. 5-ci Qafqaz firqəsi onu əldə etmək üçün avqustun sonlarında günlərlə üzü-üzə düşmənlə döyüş və mücadilə etdi. Ancaq təəssüf ki, Bakının alınması 39 günə qədər gecikdi. Artıq bu da bu dəfə mütləq Osmanlı silahları ilə alınacaqdı”.
Bu qeyd maraqlıdır ki, döyüşlərin getdiyi vaxt İstanbulda olan Azərbaycan Milli Şurasının rəisi Məhəmmədəmin Rəsulzadə tərəfindən hökumətə göndərilən teleqramda da əksini tapıb: “Nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Xudahafiz, Azərbaycan!”
Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində də Rüştü bəyin qeydinin eynisini yazıb: “... Bizə müraciət edən qəzetəçilərə: “Bakısız Azərbaycan—başsız bədəndir!”—demişdik”.
M.Rəsulzadə 1923-cü ildə İstanbulda nəşr etdiyi bu əsərində Osmanlı ordusunun Azərbaycan xalqında yaratdığı əks-sədanı bu şəkildə ifadə edib: “Nuri paşa ilə bərabər məiyyətində bulunan bir kaç zabiti—İran və Qarabağ təriqilə Gəncəyə varid olmuşlardı. O zaman müdhiş anarşiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuri paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi. Xəlqin kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdir”.
Rəsulzadənin, Osmanlı zabitlərinin Azərbaycan xalqında Türkiyəyə olan rəğbəti ilə bağlı yazdıqları qarşılıqsız deyildi. Eyni şəkildə Osmanlı dövləti ən ali şəkildə müstəqilliyini yeni elan etmiş Azərbaycan Cümhuriyyətinə xoş münasibətdə idi. İstanbula göndərilən Azərbaycan Heyəti-Mürəxxəsəsinin rəisi M.Rəsulzadə 1918-ci il iyulun 6-da hökumətə göndərdiyi raportunda Osmanlı sultanının onlara söylədiyi fikirlərə yer verib:
““Hürr və sevimli Azərbaycanımızın müməssilləri tərəfindən təbrik edildiyimi həyatımın məsud bir vəqəsi olaraq tələqqi edərəm. Əsarətdən xilas olmuş bu yeni türk və müsəlman hökumətinin təmini-hürriyyət və istiqlalı hökumətimin ən müqəddəs vəzifəsini təşkil edər. Azərbaycanın kəsbi-həyat və qüvvət edərək bərabərlikdə ümumi düşmənlərimizə qalib gələcəyimizi ümid elərəm. Salamımın azərbaycanlı qardaşlarımıza təbliğini arzu edərəm”.
Bunun üzərinə təzim edərək çıkmış və qapıdan çıkarkən zati-şahanənin Ənvər paşa həzrətlərinə təqrib edərək: “Bu dəqiqələr ömrümün ən səid dəqiqələridir” buyurduqlarını eşitməklə köksümüz sevinclərlə dolub daşmışdı”.
Sultan kimi Qafqaz İslam Ordusunun komandanı Nuri paşa illər sonra Azərbaycana olan sevgisini belə ifadə edib: “Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı”.
Rüştü bəy əsərində Azərbaycan və Anadolu türklərinin bir-birilərinə olan münasibəti haqqında bunları yazıb: “Eyni soya mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlarla bir qat da həsrət yaratmışdır. Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda çətin, qanlı döyüşləri və mübarizələri əminəm ki, nəsildən-nəsilə keçən unudulmaz dastanlara çevriləcəkdir”.
Belə də oldu. Bolşevik Rusiyasının 27 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətini işğalı türk şəhidlərin xatirələrinə həsr edilmiş türbənin tikilməsinə mane olsa da, döyüş ərazilərinə səpələnmiş şəhid məzarlarının bəzilərini xalq gizli şəkildə qoruyaraq günümüzə əmanət etdi. Bu gün Şamaxıda, Bakıda, döyüşlərin baş verdiyi bəzi ərazilərdə Osmanlı əsgərlərinin məzarları mövcuddur və mütəmadi olaraq əhali tərəfindən ziyarət olunur.
Azərbaycan Cümhuriyyəti Parlamenti üzvlərindən, uzun illər Türkiyədə mühacir həyatı yaşamış Məhəmmədsadıq Aran bu hadisə ilə bağlı yazıb:
“... Azərbaycan türkləri öz könüllərini o əziz və müqəddəs şəhidlərə abidə etmişdir. Hər il 15 sentyabrda onların əziz ruhları önündə xuşu ilə əyilməyi ən uca vəzifə sayarlar, onların gömüldükləri yerə gedərək bu sözlərlə xitab edirlər:
Siz ey gözəl yurdun qoynunda yatan
Şühəda! Yolunuz sevgi izləri...
Hərarətli eşqin zəhrini dadan
Nəsil unutmayacaq əlbət sizləri!”
Qafqaz İslam Ordusunun Bakını azad etməsi dövrün şairlərinin də yaradıcılığına təsir edib. Salman Mümtaz “Öyün millət”, Ümmugülsüm “Yolunu bəklədim!”, Abdulla Şaiq “Niçin böylə gecikdin?” şeirlərini, Cəfər Cabbarlı “Bakı müharibəsi”, Mirzəbala Məhəmmədzadə “Bakı uğrunda müharibə” pyeslərini yazıblar. Seyid ağa Axundzadə bu tarixi hadisə ilə bağlı “Mart hadisəsi – 1918 və yaxud Nuri paşa ordusu tərəfindən Bakının zəbti” adlı əsər qələmə alıb.
Təsadüfi deyil ki, Sovet Azərbaycanı dövründə Bakıda keçirilən Şərq Xalqları Qurultayına gələn Ənvər paşa müdhiş sevgi ilə qarşılanmış, küçədə insanlar ona toxunmaq, əllərini öpmək üçün axın etmişdilər. Mühacir azərbaycanlılar isə mühacirətdə çap etdikləri dərgi və qəzetlərdə 15 sentyabr hadisəsinə həmişə yer veriblər.
II Qarabağ savaşı və Türkiyə amili
27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi noyabr ayının 10-da elan edilən bəyannamə nəticəsində Azərbaycanın qələbəsi ilə bitdi. Ermənistanın 27 sentyabr, saat 06:00 radələrində həyata keçirdiyi hücumun qarşısını almaq məqsədilə bütün istiqamətlərdə cavab verən Azərbaycan ordusu bununla da Böyük Vətən Müharibəsini başlatmış oldu. Sonrakı dövrlərdə adının “Dəmir yumruq” olduğu bilinən əməliyyat nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin böyük qismi azad edildi, 10 dekabrda Bakıda hərbi parad keçirildi.
Müharibənin başladığı ilk gündən Türkiyə rəsmiləri Azərbaycanın yanında olduqlarına dair açıqlama verdilər. 27 sentyabr, 2020-ci il, saat 11:10-da Türkiyə prezidentinin müşaviri İbrahim Kalın Tvitter hesabında Ermənistanı qınayan bəyanat yaydı: “Ermənistanın Azərbaycana hücumlarını kəskin şəkildə qınayırıq. Ermənistan mülki yaşayış yerlərinə hücumlar edərək atəşkəsi pozmuş, sülh və sabitliyə qarşı olduğunu bir daha göstərmişdir. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir. Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.
Saat 12:55-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop açıqlama yaydı: “Mülki əhalinin hədəfə alınması göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün təhdid deyil, bölgədə sülhə təhlükə yaradan islah olunmaz bir terror dövlətidir. Bu təxribatlara görə ancaq Ermənistan məsuliyyət daşıyır. Türkiyə bütün gücü ilə Azərbaycanın yanında olmaqda davam edəcək”.
Saat 13:23-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın açıqlaması yayıldı: “Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Ermənistanın xain hücumlarını qınayırıq. Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir. Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır”.
Saat 13:26-da Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gülün Tvitter açıqlaması yayıldı: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququ pozan intensiv hücumlarını qətiyyətlə qınayırıq. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır”.
Saat 14:15-də Azərbaycan prezidentinin mətbuat xidməti Türkiyə prezidenti R.T.Ərdoğanın telefonla zəng etməsi və Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulamasına dair bilgi verdi. Azərbaycan prezidenti Zəfər paradındakı çıxışında da bu məsələyə toxundu: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi”.
Zəfər paradınadək Türkiyənin Azərbaycana bu səpkili dəstəyi davam etdi. Zəfər paradından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir” fikri Azərbaycanda böyük rəğbət oyatdı.
44 gün ərzində Azərbaycan paytaxtında Türkiyə dövlətinə olan münasibət şəhərin Türkiyə bayraqları ilə bəzədilməsi ilə müşahidə edildi. Buna səbəb Türkiyənin mənəvi dəstəyi ilə yanaşı, Türkiyə istehsalı olan modern silahların da istifadəsi idi. Zəfər paradı günündə birgə mətbuat konfransında Azərbaycan prezidenti açıq şəkildə bildirdi: “Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü”.
Zəfər paradındakı çıxışında Ərdoğanın tarixi yaddaşın mühafizəsi ilə bağlı söylədiyi fikir də önəmli idi: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuri paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür”.
44 günlük Böyük Vətən Müharibəsi dövründə Azərbaycan xalqının nəzərində Türkiyə xüsusi bir mövqeyə sahib oldu. I Qarabağ savaşı dövründən fərqli olaraq budəfəki müharibədə Türkiyənin açıq dəstəyi Azərbaycan xalqında 1918 ruhunu yenidən bərpa etdi. Bu savaş təkcə Azərbaycanın deyil, həm də Türkiyənin zəfəri oldu. Bununla bağlı R.T.Ərdoğan Qarsdakı "Sarıqamış-Karakurt-Xorasan” yolunun açılış mərasimində maraqlı fikirlər işlətdi: “Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parça deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır. Naxçıvan ilə Azərbaycan arasında dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru yolu bağlantısına da sahib olacağıq. Burada ən çox fayda görəcək yerlərin başında Qars durur”.
10 Noyabr bəyanatının imzalanmasının ən önəmli tərəfi də doqquzuncu bəndinin icrası ilə Azərbaycanın Naxçıvan və Türkiyə ilə birləşəcəcəyi faktı oldu.
Nəhayət, Azərbaycan xalqının 44 günlük müharibə dövründə Türkiyə dövlətinə olan sevgisinin təzahürü nəticəsində Zəfər bayramının tarixi Mustafa Kamal Atatürkün anım günü səbəbindən 8 noyabrla – Şuşanın azad edildiyi tarixlə dəyişdirildi.
Müharibənin bitdiyi 10 noyabr tarixində Türkiyə prezidenti ilə telefon danışığında Prezident İlham Əliyev qələbə haqqında bunları bildirdi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.
Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşmaya da bu konteksdən baxmaq lazımdır.
Beləliklə, 1918-ci il Bakı, 2020-ci il II Qarabağ müharibəsi Azərbaycan xalqında Türkiyəyə olan inamı daha da artırıb. Xalq müharibənin başladığı ilk gündən Türkiyənin açıq şəkildə dəstəyini gördüyü üçün evlərini, mağazalarını, maşınlarını Türkiyə bayrağı ilə bəzəmişdi. Təsadüfi deyil ki, bununla bağlı xarici jurnalistlər Azərbaycan prezidentinə sual da ünvanlamışdılar. Eyni hal Türkiyədə də yaşanmışdır. İstər müharibə, istərsə də ondan sonrakı dönəmdə də birliyin simvolu olaraq hər iki bayraq mühüm dövlət qurumlarından, muzeylərdən, evlərdən bərabər şəkildə asıldı.
Prezident İlham Əliyev 7 oktyabr 2020-ci ildə CNN-Türk televiziyasına müsahibəsində işlətdiyi fikirlərdə bu birliyi sərvət adlandırdı:
“Bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir”.
Buna görədir ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda respondentlərin əsaslı hissəsi (95.1%) Türkiyə bayrağına simpatiya duyduğunu bildirib.
1918-ci il noyabrın 10-da Bakıda şəhərin yay klubunda Nuri paşanın şərəfinə verilən ziyafətdə onun müşaviri şuşalı Əhməd bəy Ağaoğlu çıxışında belə demişdi: “Bən Bakıyı İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görürəm ki, dəha ölsəm də qəmim yoxdur, dünyadan kam almış gidirəm”.
44 gündə müddətində Azərbaycan xalqı Ankaranı Bakıda, Bakını Ankarada gördü.
Ədəbiyyat: