22 Mart 2022 09:34
5 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış dilçi alim Əlövsət Abdullayev barədə ilk dəfə səslənən faktları təqdim edirik.

ƏFƏNDİ

Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, Filologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Respublika Dövlət Mükafatı laureatı Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) ilk təhsilini Ucarın Şilyan kəndində bir əfəndidən alıbmış.

Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulmuş alimin qızı, Bakı Dövlət Universitetinin professoru Sənubər Abdullayeva xatırlayır: "Həmin əfəndinin ailəsi atamgilin ailəsiylə dostluq münasibəti saxlayırmış. Əfəndi kiçik yaşlı atamın zirəkliyini görüb onu yanına aparır, evində saxlayır, ona dərs keçir. Atam adını unudub yalnız əfəndi kimi xatırladığı böyük ürək sahibini həmişə ehtiramla yad edirdi".

SOVET MƏKTƏBİ VƏ MÜHARİBƏ

1936-cı ildə Çarhan kənd orta məktəbini bitirən Əlövsət Abdullayev Şamaxı Pedaqoji Məktəbinə daxil olur. 1939-cu ildə Pedməktəbi başa vurduqdan sonra qonşu Göylər kənd məktəbində müəllimlik edir, 1940-cı ildə Bakı Dövlət Universitetinin (onda Azərbaycan Dövlət Universiteti idi) filologiya fakültəsinə daxil olur. Bir il sonra müharibə başlayır və Əlövsət Abdullayev Şimali Qafqazda sovet ordusu sıralarında döyüşür. 1942-ci ilin fevralında ağır yaralanaraq ordudan tərxis olunur, 1943-46-cı illərdə Məlikçobanlı kənd orta məktəbində direktor işləyir.

1946-cı ildə universitetdə təhsilini davam etdirir (Sənubər xanımın sözlərinə görə, 1-ci kursdan), 1950-ci ildə ali məktəbi fərqlənmə diplomuyla bitirir. Elmi Şuranın qərarıyla aspiranturada saxlanır, 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmə" mövzusunda dissertasiya müdafiə edir.

ELMİ FƏALİYYƏT, KARYERA, YARALI QOL

Əlövsət Abdullayev elmi fəaliyyətə 1953-cü ildə BDU-nun Ümumi dilçilik kafedrasında başlayır, 1957-ci ildə dosent adını alır.1962-67-ci ildə illərdə filologiya fakültəsinin dekanı vəzifəsində çalışır. 1963-cü ildə "Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr" mövzusunda doktorluq işi müdafiə edir, 1964-cü Ümumi dilçilik kafedrası üzrə professor adını alır, 1967-88-ci illərdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edir.

Müharibədə sağ qolundan yaralanan Əlövsət Abdullayeva zədənin ağrısından qurtulmur, amma bütün elmi əsərlərini (140-dan çox elmi əsər, 16 kitab) sağ əliylə yazır.

Sənubər xanım danışır: "Evə nəsə almağı, bazarlıq eləməyi xoşlamazdı. Bir dəfə qab-qacaq alıbmış. Qapını döyür, kimsə gəlib açınca qab-qacaq olan bükülünü əlində saxlaya bilməyib, yerə salıb sındırır..."

PROREKTOR POSTU VƏ MOSKVADAN GƏLƏN KOMİSSİYA

Əlövsət Abdullayev 1972-76-cı illərdə Bakı Dövlət Universitetinin humanitar fənlər üzrə prorektoru vəzifəsini tutub.

1976-cı ildə Moskvadan universitetə komissiya gəlir. Sənubər Abdullayeva: "Komissiyanın atamı işdən azad eləməsinin səbəbi haqda az adam bilir. Atama Orta Asiya respublikalarında tədrisin rusca aparıldığını xatırladıb, Azərbaycanda niyə belə təcrübənin tətbiq olunmadığını irad tuturlar. Atam isə Orta Asiya ilə müqayisənin düzgün olmadığını deyir, Qafqaz respublikaları Gürcüstan və Ermənistanda tədrisin milli dildə olduğunu xatırladır.

Buna görə atamı vəzifədən azad edirlər. Hətta tamamilə universitetdən xaric olmaq məsələsi də gündəmə gəlir, amma bu, baş tutmur. Onda atam həm də Respublika Dövlət Mükafatı laureatıydı".

YÜKSƏK MÜKAFAT

1974-cü ildə Əlövsət Abdullayev 4 cilddən ibarət ali məktəblər üçün "Müasir Azərbaycan dili" dərs vəsaitinə görə Respublika Dövlət Mükafatına layiq görülür.

Dörd cildliyi 6 müəllif hazırlamışdı, onların hamısına ali mükafat verilir. "Amma - Sənubər Abdullayeva vurğulayır - atam həm BDU-nun prorektoru, həm də Azərbaycan dilçiliyi kafedrasının müdiri kimi bütün təşkilati işi görmüş, dördcildliyin ərsəyə gəlməsində və ali mükafata təqdim edilməsində müstəsna rol oynamışdı. Mükafatın təqdimolunma mərasimi Filarmoniyada keçirildi. Mən də, anam da tədbirə getdik.

O zaman respublikaya rəhbərlik edən Heydər Əliyev Azərbaycan dilində iki saat sürən uzun bir nitq söylədi. O zaman üçün bu, dilimizə göstərilən diqqətin nümunəsiydi".

Qeyd edək ki, 1974-cü ali məktəblər üçün 4 hissədən ibarət "Müasir Azərbaycan dili" dərs vəsaitinə görə mükafata layiq görülən alimlər aşağıdakılardır:
Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji İnstitutu Azərbaycan dilçiliyi kafedrasının müdiri);
Səlim Əbdüllətif oğlu Cəfərov (filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru);
Muxtar Hüseyn oğlu Hüseynzadə (filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universiteti ümumi dilçilik kafedrasının müdiri);
Əlövsət Zakir oğlu Abdullayev (filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dərs hissəsi üzrə prorektor);
Yusif Mirəhməd oğlu Seyidov (filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universiteti Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri);
Ağamalı Qulu oğlu Həsənov (filologiya elmləri namizədi, Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının dosenti).

Sənubər Abdullayeva atasının heç vaxt təsadüflərlə işləmədiyini deyir: "Onun bütün işləri planlıydı. Ən mühüm xüsusiyyəti kadr seçimiydi. Ən savadlı mütəxəssisləri, potensialı olan gəncləri universitetə gətirirdi. Xarici Dillər İnstitutuna rektor təklif etsələr də, getmədi. Həyatını dilimizə, dilçiliyimizə həsr etdi. Bizim evə heç vaxt haram yol tapmadı".

AİLƏ VƏ KƏND

Səkkiz qardaş, üç bacıdan ibarət böyük bir ailədən - Abullayevlər ailəsindən bir neçə görkəmli şəxs çıxıb: Əlövsət Abdullayev - dilçi alim, Şakir Abdullayev - jurnalist, "Bakı-Baku" qəzetlərinin şöbə müdiri, Ələkbər Abdullayev - iqtisadçı, uzun müddət Kənd Tikinti və Su Təsərrüfatı nazirliklərində nazir müavini, Əbilhəsən Abdullayev - bioloq, BDU-da işləyib, bir müddət sovxoz direktoru olub, Əlikram Abdullayev - fəlsəfə professoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru (bir ara rektor da olub).

Əlövsət Abdullayev öz kəndindən savadlı insanların yetişməsində və irəliləməsində də mühüm rol oynayıb.

Həmişə xeyirxah, yardımsevər ziyalı kimi xatırlanır. Məsələn, akademik Nizami Cəfərovun vaxtilə nəinki univeristetin aspiranturasına qəbul olunmasında, univerisitetdən qovulmasının qarşısının alınmasında da Əlövsət müəllimin əməyini qeyd edir.

NURQƏLƏM MİKAYILOVUN XATİRƏSİ

Professor Nurqələm Mikayılov (1930-2014) öz xatirələrində Əlövsət Abdullayevin 1941-ci ildə Göylər kəndində dərs dediyini yazır və bildirir ki, Əlövsət Abdullayev də daxil bir qrup müəllim qonşu Məlikçobanlı kəndinə teatr verməyə gediblərmiş.

Sənubər Abdullayeva isə atasının Göylər kəndində müharibədən qayıtdıqdan sonra dərs dediyi ehtimalını üstün tutur. Hər bir halda Əlövsət Abdullayevin Göylər kənd orta məktəbində müəllim işlədiyi şübhə doğurmur.

SON MƏNZİL

Əlövsət Abdullayev 1993-cü il mayın 28-də bir qədər ləngidilmiş əməliyyatdan sonra, evə buraxılacağı gündən bir gün öncə, gözlənilmədən dünyasını dəyişir. Az əvvəl, mayın ilk günlərində uzun müddət dostluq elədiyi, millətçi damğasıyla akademiyadan kənarlaşdırılanda Bakı Dövlət Universitetinə işə götürülməsinə nail olduğu ədəbiyyatşünas Abbas Zamanov vəfat eləmişdi...

Əlövsət müəllim statusuna görə İkinci Fəxri Xiyabanda dəfn olunacağını bildiyi üçün Çarhan kəndində, anasının yanında basdırılmağını vəsiyyət edir. Niyə?..

Bu məsələnin üstündən sükutla keçək.


Müəllif: Qurban Yaquboğlu