21 Oktyabr 2022 15:02
4 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərinin erməni işğalından azad edilməsindən sonra məşhur şair, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsi bərpa edildi, onun adı yenidən gündəmə gəldi.

Xalq şairi Səməd Vurğunun 1937-ci ildə qələmə aldığı “Vaqif” dramı birmənalı qarşılanmadığı üçün müstəqillik illərində bu əsərin Qacar şahı Ağaməhəmmədi alçaltması ilə bağlı iddialar irəli sürülüb. Digər tərəfdən Vaqifin Gürcüstan, Rusiya ilə olan münasibətlərini xəyanət kimi dəyərləndirənlər də vardı. Bu baxımdan Vaqifə olan münasibət hazırda da fərqlidir, zaman-zaman mübahisələrə səbəb olmaqdadır.

Mühacirlərin Vaqifə olan münasibəti ilə bağlı düşünərkən ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadənin 1932-ci ildə “İstiqlal” qəzetinin 21-ci sayında çap olunan məqaləsi qarşımıza çıxdı. Şairin ictimai-siyasi fəaliyyəti ilə bağlı olan bu məqalədə müəllif dövrün mənzərəsini də əks etdirib, Vaqifə yüksək dəyər verib.
Molla Pənah Vaqiflə bağlı müzakirələrə maraq qatacağı üçün həmin məqaləni dilimizə uyğunlaşdırıb təqdim edirik.

***

Mirzəbala Məhəmmədzadə
Molla Pənah Vaqif
(Doğumunun 200-cü ildönümü)
“Hər oxuyan Molla Pənah olmaz”
Xalq sözü
1797-ci ildə, hicri 1212 tarixində, səfər ayının sonlarında Azərbaycanın Qarabağ xanlığında, Şuşanın Cıdır düzü məhəlləsində tükürpədici bir cinayət törədilirdi: Azərbaycanın 200 il bundan əvvəl dünyaya gəlmiş ilahi şairi Molla Pənah Vaqif özü kimi şair olan oğlu Əli ağa ilə birlikdə Məhəmməd bəy Cavanşir tərəfindən qətl edilirdi.

Qudurğan dərəbəyliyin qanlı tarixlərində ən qanlı səhifə təşkil edən bu cinayət haqqında İbrahim xan Cavanşirin vəzirlərindən mərhum Mirzə Camalın böyük oğlu Rzaqulu bəy hicri tarixi ilə 1282-ci ildə Qafqaz şeyxülislamı Axund Molla Əhməd Səlyaniyə bu sətirləri yazmışdı: “Hərçənd mərhum axund o zalımlara yalvarır ki, məni öldürün, amma bu binəva nakamı öldürməyin. Görür ki, əlac yoxdur. Təvəqqe edir ki, əvvəl məni öldürün, barı bunun ölümünü görməyim. O rəhmsizlər buna baxmayıb əvvəl Əli ağanı, sonra da axundu öldürüb həmin yerdə öz oğlu ilə birgə dəfn edirlər. Belə ki, indi mədfun olan yerdə günbət vardır. Həmin gecə Məhəmməd bəy axundun evini qarət edib arvadını (zövcəsini) öz evinə aparıb alır...”.

Vaqif dərəbəylik dövründə yetişmiş və yaşamış, açıq xalq dilində və milli vəzndə yazmış şairlərimizdən biridir.
Onun dil, sənət, zövq, fikir etibarilə, şübhəsiz ki, mühüm bir mövqeyi vardır.

Azərbaycan xalqı “Hər oxuyan Molla Pənah olmaz” deməklə ona ali, kamil bir alim payəsi ayırmışdır. İstər bu cəhətdən, istərsə də fars dilinin müdhiş təhəkküm dövrü olan XVIII əsrdə qeyri-dini və sırf milli şeirləri ilə türkcəmizin yaşamasına çalışması etibarilə Vaqif əhəmiyyət kəsb edir.

Vaqifin ölümü bir çox tarixi və siyasi hadisələrlə sıx surətdə bağlı idi.

Biz bu qanlı faciəyə təqəddüm edən hadisələrin üzərində dayandığımız zaman Vaqifi qarşımızda bütün Qafqazın müqəddaratı həll olunan bir dövrdə Ağaməhəmməd şah Qacar istilasına qarşı öz istiqlalını müdafiə edən İbrahim xanın vəziri olaraq görürük. Vaqifin bir vəzir sifəti ilə Tiflisi ziyarət edərək Gürcüstan sarayı ilə təmas qurduğuna və İbrahim xanla İrakli arasında İran imperializminə qarşı ittifaq və yaxud əməkdaşlıq yaratmaq istədiyinə şahid olmaqdayıq.

Azərbaycanla Gürcüstanın müqəddəratı Sasanilər dövründə olduğu kimi yenə İran despotizminə qarşı birləşirdi. Biz bu yaxınlığı Molla Pənah Vaqifin Tiflis, Gürcüstan və İrakli sarayı haqqında yazdığı səmimi şeirlərində gördüyümüz kimi, Ağaməhəmməd şah Qacarın qətliamını təsvir edən “Şikəsteyi-Şirin”in yanıqlı mənzuməsində dəxi oxumaqdayıq.

Ağaməhəmməd 33 gün Şuşa qalasını mühasirəyə almış, fəqət almağa müvəffəq olmamış, oradan 1795-ci ildə Tiflisə hücum edərək bu gözəl və şirin şəhəri yerləyeksan eləmişdi. Qarabağ dayanırdı.

Ağaməhəmməd buranı öz halına buraxaraq Xorasan və Buxara üzərinə yürümüşdü. Ağaməhəmmədin bu basqın və yağmaları xristian Gürcüstanı Rusiyanın himayəsinə sığınmağa sövq edirdi. Hələ 1783-cü ildə Kaxetiya və Kartli kralı II İrakli Rusiyaya ilhaq haqqında bir müahədə əqd eyləmişdi. 1796-cı ildə rus ordusu Zubovun komandanlığı altında Dərbənd-Bakı-Şamaxı və Gəncəni işğal etmişdi. Fəqət Katerinadan sonra rus ordusu Azərbaycanı təxliyyə etməyə məcbur oldu. 1799-cu ildə Gürcüstan kralı XIII Georginin ricası üzərinə ruslar general Lazarevin komandanlığı altında Maverayi-Qafqaza endilər və bir daha dönmədilər və yalnız Qafqaz millətləri üçün deyil, Qafqazın qonşuları olan İran və Türkiyə üçün də ölüm təhlükəsi halında zamanımıza qədər dayandılar. Ağaməhəmməd şah Qacar Buxarada ikən Gürcüstanın Rusiya himayəsinə keçmək üzərə olduğunu öyrənmiş və təlaşla Qafqaza qayıtmış, belə mühüm bir zamanda hər şeydən əvvəl Qarabağın aradan götürülməsinə qərar vermişdi.

İbrahim xan Şuşayı tərk edərək çəkilmiş, Ağaməhəmməd Qarabağın mərkəzinə girmişdi. Nədənsə İbrahim xanla bərabər gedə bilməyən şair-vəzirimiz Vaqif oğlu ilə birlikdə Ağaməhəmməd şah tərəfindən ertəsi günü edam edilmək üzərə tövqif edilmişdi. Fəqət o gecə Ağaməhəmməd şah qətl edildiyi üçün Vaqif xilas olaraq “bu gərdişi dövranı” şair dostu Vidadiyə şeir ilə xəbər verirdi. Diqqətə şayandır ki, bu hadisədən altı il sonra 1803-cü ildə XIII Georginin arvadı Mari general Lazarevi xəncərlə öldürmüşdü.

Ağaməhəmməd şahın istila və vəhşətləri Gürcüstanı xaricdən qüvvətli bir himayə axtarmağa sövq etdi. Sasanilər zamanında bu xaricdən çağırılan hami Bizans, Atilla, xəzərlər olurdu. O zaman dəxi İran ölüm zərbəsi yemişdi. İndi Sasanilərin taxtına oturmuş Qacarlar Gürcüstanı Rusiyanı çağırmağa icbar edirdi.
Bu gəliş Azərbaycan xanlıqlarının həyatına xatimə çəkmiş və Dağıstan milli mücadiləsini də dəmir bir çənbər içərisində boğub öldürmüşdü. Bu niyə belə oldu?

Bunun səbəbini yalnız Ağaməhəmməd şahın kor siyasətində axtarmaq doğru deyildir. O zaman istər Gürcüstan, istərsə də Azərbaycan siyasi və idari, əsgəri bir vəhdət təşkil etmirdilər.

Gürcüstan daima ixtilaf halında olan bir neçə müstəqil knyazlıqdan ibarət olduğu kimi Azərbaycan da bir çox xanlıqlar halında idi. Bu xanlıqlar öz istiqlal və hakimiyyətlərini hər zaman və hər kəsə qarşı müdafiə eyləmişdirlər. Şirvanın Səfəvilərlə on illərlə sürən hərbi, Şəkinin Nadirə müqaviməti və müvəffəqiyyəti, Qarabağın Ağaməhəmməd şaha qarşı göstərdiyi rəşadət, Gəncə, Bakı, Dərbənd və Lənkəranın ruslara qarşı müharibələri bunun canlı dəlilləridir.

Fəqət bu xanlıqlar arasında əsgəri və siyasi bir vəhdət yoxdu. Nadirin vəfatından sonra Şəki xanı Çələbi bir müddət bütün Azərbaycana hakim olmağa müvəffəq olmuşdu. Ondan bir az əvvəl Nadirin vəfatı üzərinə başlayan anarxiya zamanı Azərbaycanı və Dağıstanı istila edən şahsevən Əhməd xana qarşı bütün xanlar birləşərək Ağsu səhrasında ona bir hərb vermiş və məğlub etmişlərdi.

Şübhə yoxdur ki, Ağaməhəmməd şahın zühuru və vurduğu zərbələr Azərbaycan xanlıqlarını zəif salmış, birləşmə əməliyyatının ikmalına imkan verməmiş, eyni zamanda rusların asanlıqla yerləşmə və istilalarını təmin eyləmişdir.

Bununla birlikdə xanların kor, cahil və məğrur dərəbəylərdən başqa bir şey olmadıqları da məlumdur. Azərbaycanın xanlıq dövrü ədəbiyyatı xanların bir-biri ilə necə boğuşma müsabiqəsi etməkdə olduqları ilə doludur. Bir müddət Qarabağ, Gəncə, Qaradağ Şəkiyə qarşı yağma və basqın ittifaqı edərək Gürcüstanı da özlərinə ortaq dəvət edirdilər. Bir zaman gəlir ki, Şəki xan sülaləsinə mənsub digər biri ləzgiləri dəvət edərək Şəki ilə Şirvanı məzarıstana çevirirdi. Bu “xan-xan oyunu” davam edərkən aşağıdan Ağaməhəmməd şah, yuxarıdan Rusiya dişlərini qıcırdada-qıcırdada milli vücudumuza göz dikməyə başlayırdı.

Qarabağ həmən siyasətini təyin edir: Gürcüstanla bərabər Ağaməhəmmədə qarşı. Bakı-Gəncə-Şirvan isə rus təhlükəsini daha çox hiss edirlər. Qarabağ İrana müqavimət etdiyi kimi Gəncə də ondan 7-8 il sonra eyni inadla Rusiyaya qarşı müqavimət edirdi. Ağaməhəmməd şah Şuşada qətl edildiyi kimi Gəncəni qılıncdan keçirən general Sisianov da Bakıda öldürülürdü.

Halbuki bu zaman Qarabağ ruslara müqavimətsiz təslim olmuşdu. Necə ki Gəncə və Şirvan da Ağaməhəmməd şaha müqavimət göstərmədən təbəiyyət edirlərdi. Siyasi bir vəhdət yoxdu. Çünki milli vəhdət mövcud deyildi. Milli vəhdət mövcud olsaydı, Qarabağ Ağaməhəmməd şahla qırtlaq-qırtlağa gəlmiş olduğu zaman Gəncə, Şəki, Şirvan, Bakı və Dərbənd seyrçi qalmayacaqdı. Ruslar Gəncəni yerləyeksan etməkdə ikən Qarabağ, Şəki və Şirvan Sisianova təslim bayrağı açmayacaqdı.

Əsasən milli vəhdət mövcud olsa idi, bütün Qafqaz Ağaməhəmməd şaha qarşı müvəffəqiyyətlə dayana bilərdi və Rusiyaya Qafqaz silsiləsini enməyə imkan hasil olmayacaqdı.

Gəncənin zəbtindən səkkiz il sonra Rusiya Napoleon tərəfindən istila edilmişdi. Lənkəran ruslar tərəfindən işğal olunduğu anda fransız ordusu Moskvada idi.

Milli, siyasi, əsgəri və dövləti bir vəhdətin adəmi-mövcudiyyəti Azərbaycan xanlıqlarını özbaşına hərəkətə sövq etmiş və bu müsaid vəziyyətdən istifadələrini imkansız qılmışdı.

Halbuki Azərbaycan xanlıqları beynəlmiləl bir ada və şöhrətə malik, bütün yaxın və orta şərqi əsrlərlə titrədən qoca imperatorluqların ənqazı (dağıntısı) üzərində qurulmuşdu. Elxanilərlə, Ağqoyunlularla, Səfəvilərlə onları ayıran zaman çox uzaq deyildi. Fəqət dərəbəylik onların tarixi təcrübələrindən dərs almamışdı.

Ağaməhəmməd şah Qacarın istila və zərbələri olmasaydı, xanlıqların Şəki-Şirvan hegemoniyası altında birləşəcəkləri şübhəsizdi. Tarixin seyri onu göstərirdi. Eyni zamanda xanlıqların iqtisadi vəhdəti qüvvətlənirdi. Şabrandan Şamaxı, Bərdə, Təbrizə qədər beynəlmiləl bir ticarət yolu uzanırdı. Şəhərlər arasında ticarət artırdı. Şamaxı, Bərdə, Təbriz, Gəncə, Bakı bir ticarət və sənaye mərkəzi idi. Ziraət bütün müxtəlif qismləri ilə yüksəlməyə doğru üz tutmuşdu. Suvarma və kanalizasiya texnikası son dərəcə tərəqqi etməkdə idi. Xəzər, Kür və Araz çayları Şirvan, Mil, Muğan çölləri Azərbaycan xanlıqlarında yaşayan xalqları təbii surətdə birləşdirən və bir cəmiyyət halına gətirən asan vasitələr idi. Bu həyat xanlıqları nəticə etibarilə yaxınlaşmağa və birləşməyə məcbur edəcəkdi. Xanlıqlar arasında ədəbi və mədəni bir münasibət dəxi mövcud idi. Qarabağ, Şirvan, Şəki kimi xanlıqlarda və saraylarda bir çox türk şairləri himayədə idilər. Vaqif ilə bir əsrdə yaşamış Şəki xanı Məhəmmədhüseyn xan Müştaq şair idi. Vaqif ilə Müştaq arasında ədəbi müharibələr cərəyan edərdi. Qarabağda bu mədəni və ədəbiyyat birliyini Molla Pənah Vaqif təmsil etməkdə idi. Qazaxda bu birliyin müməssili şair Vidadi idi.

Cənubdan gələn və Azərbaycanı İran-fars despotizminə bağlamaq istəyən dalğa xanlıqlar arasında təbii yaxınlaşma və birləşmə inkişafını pozmaqdan əlavə Rusiyanın Maverayi-Qafqaza enməsinə də səbəb təşkil etdi. Xanlıqlar Rusiyaya qarşı birləşə bilmədilər. Rusiyaya qarşı olan müqavimət çox qanlı və çox şiddətli olmaqla bərabər müttəhid (birləşmiş) bir cəbhə halında olmadı.

Təkcə bir-biriləri ilə deyil, vaxtilə Gürcüstanla da birləşə bilməmişdilər. Halbuki Vaqif hər iki birləşməni təmsil edən bir şəxsiyyət idi. O, xanlıqlar arasında davam edən qanlı rəqabətə qurban getdi.

Ağaməhəmməd şahın qətlindən sonra Qarabağda İbrahim xanın taxtına oturan Mehralı bəy oğlu Məhəmməd bəy rəqibi İbrahim xanın bütün istinadgahlarını yox etmək üçün böyük Vaqifi, altmış beş yaşında olan bir ixtiyarı aradan götürməyə təşəbbüs etdi. Vaqif öldü. Fəqət onu kimsə unutmadı. Onun adı dillərdən-dillərə, ellərdən-ellərə yayıldı. Xalq ona öz qəlbində məhəbbətdən bir abidə tikdi və üzərində bu sözləri yazdı: “Hər oxuyan Molla Pənah olmaz!”. Bəli, hər oxuyan Molla Pənah olmaz və ola bilməz!

Hələ XVIII əsrdə, dərəbəyliyin qudurğan dövründə, xarici və daxili təhlükələr zamanında, Azərbaycanın yaşamaqda olduğu dini-ümmət çağlarında o, xalqın milli türk mədəniyyətindən ayrılmamışdı. O, bütün eşqini, zövqünü, duyğularını xalqın danışdığı, anladığı dildə, xalqın milli vəzni ilə öz sazında çaldı, tərənnüm etdi. O, yad qüvvətin mənəvi istilasına qarşı sinə gərdi, mücadilə apardı və müasir milliyyət hərəkatımızın təməllərini qəhrəmancasına yaşatdı. Vaqif yadların maddi və siyasi istilasına qarşı da maddi və siyasi müqavimət göstərdi. Vəziri olduğu xanlığın hürriyyət və istiqlalını müdafiə etmək üçün müttəfiqlər axtardı. Eyni dərddə, eyni təhlükə altında olan qonşunun təyinində bir isabət göstərdi. Hələ bir əsr yarım əvvəl Vaqifin Tiflis ilə etmək istəydiyi ittifaq idealı 1919-cu ildə milli Azərbaycan Cümhuriyyəti ilə milli Gürcüstan arasında təhəqqüq etmiş,indi isə əsri və mədəni prinsiplər üzərində qurulmuş bir konfederasiya misaqı mahiyyətini qazanmışdır.

Qafqaz millətləri bu konfederasiya bayrağı altında rus istilasına qarşı birləşmişdir. Vaqifin idealı təhəqqüq edir. Müştərək düşmənə qarşı müştərək cəbhə təşəkkül etmişdir.

Eyni zamanda cənub qonşuları da bir əsr yarım əvvəl edilən xətanın ağrısını Qafqaz millətləri qədər dadmış olduqlarından Qafqaz birliyinin onları da rus təhlükə və müdaxiləsindən qurtaracağına qane olmuşdur.
Milli istiqlala aparan bu məsud nəticə yenə Vaqifin müdafiə və himayə etdiyi milli mədəniyyət, milli dil və ədəbiyyat sayəsində hüsula gəlmişdir. O milli mədəniyyət ki, XIX əsrdə iri addımları ilə inkişaf etmiş, XX əsrdə XVIII əsr xanlıqlarının ənqazı üzərində yekvücud bir Azərbaycan milləti doğurmuşdur. Onda milli qürur, milli mənlik, milli şüur, istiqlal və hakimiyyət fikri və bu müştərək milli mənfəətdən doğan milli xarici bir siyasət, dostlarla, qonşularla, qardaşlarla sıx bir əməkdaşlıq, təsanüd və birlik siyasəti meydana gətirmişdir.
Vaqif böyükdür. Onun böyüklüyü qarşısında bu günün, sabahın və daha sabahların nəsilləri hörmətlə əyilməlidir.

Onun sədaqətlə sarıldığı fikirlərə eyni hərarətlə sarılmalıdır.

Çünki o prinsiplər yaşamaq və qurtulmaq yolunu aydınladan dilək ulduzlarıdır.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər