23 Oktyabr 2022 21:46
5 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı mühacirət mətbuatında

Yazıçı-dramaturq, ictimai-siyasi xadim Cəfər Cabbarlı Azərbaycan Cümhuriyyəti dövründə parlamentdə çalışıb, dövrün önəmli hadisələrini yaradıcılığında əks etdirib.

Cümhuriyyətə gedən yolda və 27 aprel 1920-ci il işğalından sonra Cəfər Cabbarlı dönəmin bir sıra ictimai-siyasi xadimləri ilə eyni hədəf uğrunda çalışıb, onlarla birlikdə gizli təşkilatın qurulmasında iştirak edib.

Sovet Azərbaycanında qalaraq fəaliyyətini davam etdirən Cəfər Cabbarlı haqqında mühacirətdə yaşayan əqidədaşları, gənclik yoldaşları bir sıra məqalələr qələmə alıb, onun bəzi əsərlərini çap ediblər.

Bu məqalələrdə Cabbarlının Sovet dövründə yazılan rəsmi bioqrafiyasından fərqli nüanslar yer alıb və ictimai-siyasi fəaliyyəti barədə detallı bilgilər verilib.

Azərbaycan mühacirət mətbuatında Cəfər Cabbarlı şəxsiyyəti və irsi barədə yazan mühacirlər onun gənclik dostları, eyni zamanda mücadilə silahdaşları olan Mirzəbala Məhəmmədzadə və Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) olub.

Cabbarlı Azərbaycan Cümhuriyyəti dövründə Mirzəbala Məhəmmədzadə ilə birgə parlamentdə çalışıb, bolşevik işğalından sonra qurulan gizli Müsavat təşkilatında yer alıblar. 1923-cü ildə bir çox gənc ictimai-siyasi xadimlər kimi Cəfər Cabbarlı da həbs edilib.

Onun həbsi ilə bağlı ömrünü sürgün və mühacirətdə keçirən Əbdülvahab Məhəmmədzadə xatirələrində detallı yazıb.

Qeyd edək ki, bu yazılar uzun müddət Sovet təbliğatının təqdim etdiyi Cəfər Cabbarlı şəxsiyyətinin bioqrafiyasının gizlədilmiş tərəflərinə işıq salıb, onun bolşevik işğalına qarşı mübarizə apardığı illər barədə mühüm bilgilər verib.

Cəfər Cabbarlının vəfat xəbərini mühacirətdə yaşayan azərbaycanlılara Məhəmmədəmin Rəsulzadənin Berlində nəşr etdiyi “Qurtuluş” jurnalı çatdırıb. Həmin dərginin 1935-ci ildə çıxan 4-cü sayında Mirzəbala Məhəmmədzadənin məqaləsi dərc olunub. “Cəfər Cabbarlı. Diriliyi, yaratdıqları və vaxtsız ölümü” adlı məqalə dramaturqun “Aydın” əsərindən sitatla başlanılıb.

Ardınca M.Məhəmmədzadə mühacirətdə yaşayan azərbaycanlılara onun vəfat xəbərini çatdırıb: “Qara, çox qara bir xəbər... Hürriyyət düşkünü, milliyyət vurğunu, istiqlal aşiqi gənc bir sənətkar çox sevdiyi yurdunun qurtuluşunu görmədən gözlərini qapadı”.

Vəfat xəbərinin ardınca Məhəmmədzadə Cabbarlının geniş bir coğrafiyada tanınmasından bəhs edib: “O, təkcə Azərbaycanda deyil, bütün Qafqazda, Türküstanda, İdil-Ural ölkəsində, Krımda tanınmış qüvvətli bir mühərrir, dramaturq, şair, ədib və rejissor idi. Onun pyesləri türkməncə, özbkcə, tatarca kimi türk şivələrindən başqa, gürcü, erməni və rus dillərinə də çevrilib, bu gün də təmsil edilməkdədir”.

Mirzəbala Məhəmmədzadə məqaləsində bolşeviklərin Cəfər Cabbarlıya olan münasibətindən bəhs etdikdən sonra onun Müsavat hökuməti dövründəki fəaliyyətinə və həbsinə toxunub: “1919-1920-ci illərdə Müsavat firqəsinin Bakı komitəsinin əzası olan Cəfər Cabbarlı aprel istilasının dördüncü ilində, yəni 1923-cü ilin yayında Müsavat firqəsinin gizli mərkəzinin əzası sifəti ilə Bağırovun Çekasında dizə qədər su dolu qaranlıq zirzəmidə saxlanılırdı”.

Məqalədə Cabbarlının bioqrafiyası geniş şəkildə təqdim edilib, onun təhsili, əməkdaşlıq etdiyi mətbuat, 1917-ci ildə iştirak etdiyi ictimai-siyasi qurultaylar, Qafqaz İslam Ordusuna həsr etdiyi əsərlər, gizli mətbəədə hazırlanan “İstiqlal” qəzetindəki fəaliyyəti və Sovet dövründə yazdığı əsərlərin təhlili verilib.

Əbdülvahab Yurdsevər 1939-cu ildə “Qurtuluş” jurnalında qələmə aldığı “QPU vəhşətləri” adlı silsilə xatirələrində Cəfər Cabbarlının həbsindən yazıb. Onun yazdığına görə, C.Cabbarlı iki dəfə “ÇeKa” zirzəmisinə salınıb.

15 iyun 1923-cü ildə bir qrup istiqlalçı ilə birlikdə həbs edilib. Bir neçə gün sulu və üfunət qoxulu zirzəmidə saxlanıldıqdan, küfr, təhdid altında istintaq aparıldıqdan sonra oğru və qatillərin saxlanıldığı kameraya aparılıb. Burada o, rus millətçilərinin “Atəşin qəlb” təşkilatının həbs edilmiş üzvlərinin edamına şahid olub. İki aylıq həbsdən sonra buraxılan Cabbarlının ilk işi evində axtarış aparılarkən müsadirə edilən əlyazmalarını və tamamlanmamış əsərlərini geri almaq üçün “ÇeKa”ya getmək olub.

Yurdsevər yazıb: “Çekistlər tərəfindən araşdırılmış və yırtılmış, otağın içərisində hər tərəfə atılmış bu ədəbi əsərləri müəllifin özü də bir yerə toplaya bilmirdi. Bir çox parçalar və yazılar tamamilə itmişdi. Oğurlanmış və məhv edilmiş əməyinin geridə qalan qismini qurtarmağa çalışan sənətkar dizi üstünə çökərək, bu qiymətli sənədləri bir araya yığmaqla məşğul olur, çekistlərin istehzalı gülüşləri ilə qarşılaşırdı. Qeyb olan əsərlərindən biri də Azərbaycanın milli istiqlal bayramının ikinci ildönümü münasibətilə qələmə alınmış “Qız qalası” poemasının əlyazması idi”.

Yurdsevərin yazdığına görə, Cəfər ikinci dəfə 5 oktyabr 1923-cü ildə həbs olunub. Yenə böyük qrup istiqlalçı ilə birlikdə zirzəmiyə salınan Cəfəri müstəntiq Nikolayevin əmri ilə bir neçə gün ac-susuz saxlayıblar. “Soyuq və rüzgarlı bir son bahar günündə sulu və üfunətli zirzəmidən tək adamlıq kameraya aparılan Cəfərin halı sarsıdıcı idi. Üzərindəki paltar su içərisində idi. Zəif vücudu titrəyirdi. Qonşu kameralarda olduğumuz üçün şair ona edilən vəhşi rəftarı ürəkağrıdıcı dillə mənə danışırdı”, – şairlə eyni “suç”dan həbs edilən Əbdülvahab o günlərə belə şahidlik edib. Yenə şahidin yazdığına görə, Cəfər kamerada tapdığı kiçik vərəqlərə “Qız qalası” poemasını yenidən yazmağa başlayıb. İstintaq Cəfərin “suç”unu isbat edə bilmədiyinə görə onu bu dəfə azad edib. Amma vəfat gününədək daim təqib altında yaşayıb.

Arxiv sənədləri ilə təsdiq olunmasa da, Əbdülvahab Məhəmmədzadə Cabbarlının intihar etdiyini qeyd edib: “Moskva çıxışı əcnəbi mətbuatda əks olununca QPU-nun təhdidləri olduqca artmış və sıxlaşmışdı. Şairi yeni həbslər gözləyirdi. Bu çıxılmaz vəziyyət qarşısında qalan Cəfər intihardan başqa çarə tapmadı. Buna görə də Sovet qəzetlərinin Cəfərin təbii ölümlə öldüyünə dair verdikləri xəbərlər büsbütün yalan və uydurmadır. Cəfər təbii ölümlə ölməyib, intihar edib. Bu fikri son illər ərzində Bakıdan vətənlərinə sürgün edilən iranlılar bir ağızdan doğrulayırlar. Təfsilatı belədir: Vəfatından bir gün əvvəl QPU-ya dəvət edilən Cəfər çekistlərin küfr və təhdidləri ilə qarşılaşmışdı. Uzun müzakirələrdən sonra düşünmək üçün ona bir neçə gün möhlət verilib, keçmiş nöqsanlarını tamamilə aradan qaldırması təklif edilib. Pərişan bir halda evinə dönən şair kimsə ilə danışmadan və yemək yemədən öz otağına çəkilib, paltarını çıxarmadan yatağına girib. Ertəsi gün onu ölü tapıblar və təhqiqat nəticəsində zəhər içdiyini aşkar ediblər”.

Əbdülvahab Məhəmmədzadə 1952-ci ildə Ankarada Azərbaycan Kültür Dərnəyinin nəşr etdiyi “Azərbaycan” jurnalının 4, 5 və 6-cı sayılarında “Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı” başlıqlı məqalə qələmə alıb. Bu məqalədə də dramaturqun geniş bioqrafiyası və əsərlərinin təhlili verilib.

Ümumiyyətlə, “Azərbaycan” jurnalında Cəfər Cabbarlının “Gözləri”, “Səhər vaxtı siyasi bir məhbus”, “Ana” kimi şeirləri, “Qız qalası” poeması nəşr edilib.

Mühacirətdə çap olunan “Mücahid” jurnalının 1956-cı il tarixli 6-cı sayında N.Kulugil imzası ilə “Cəfər Cabbarlıya dair kiçik bir xatirə” adlı məqalə işıq üzü görüb. Dramaturqun vəfatının 21-ci ildönümünə həsr edilmiş yazıda onun Gəncəyə gəlməsi ilə bağlı xatirə yer alıb. Məqalədə Cəfərin rejissorluq fəaliyyətindən bəhs edilib: “İstər sənətçiləri, istərsə də, rəhmətlik Cəfəri görmək üçün günün hər saatında teatrın önündə və yanındakı baxçada gənclər toplanaraq izdiham təşkil edirdilər. Hər gün günortadan sonra yenə eyni yerdə sınaq oyunları keçirilirdi. Həmin sınaqların birində içəriyə girə bilən 3-5 kənar şəxsdən biri də biz idik. “Almas”ın sınağı idi. Dramaturq, rejissor kimi Cabbarlı diqqətlə səhnəni seyr edirdi. Bir ara növbə Mustafa Mərdana gəldi. O, oturduğu hündür yerdən yavaş-yavaş aşağı enərkən danışmağa başladı. Roluna o qədər aludə idi ki, oynadığı obrazın mükəmməlliyi bəlli olurdu. Sınaqda olmalarını unudaraq, səhnədəki artistlər də daxil olmaqla hər kəs M.Mərdanı alovlu şəkildə alqışlamağa başladı. Cəfərə baxdım, ayağa qalxmışdı, yuvasından fırlarcasına gözləri parıldayırdı, izahedilməz bir sevinc və qürur içində idi. Böyük aktyora təqdir və təşəkkürlərini söylədikdən sonra sınağa davam edilməsi üçün əli ilə işarə etdi”.

Beləliklə, Cəfər Cabbarlı irsi onun vəfatından sonra təkcə Sovet Azərbaycanında deyil, eləcə də mühacirətdə yaşayan azərbaycanlılar tərəfindən də təbliğ edilib, xüsusilə, onun ictimai-siyasi fəaliyyəti barədə gizlədilən fəaliyyətlərə geniş yer verilib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər