24 Noyabr 2022 11:40
5 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teqraf.com şair-qəzəlxan Yasin Xəlilin “Şahin Fazil: Azərbaycan qəzəlinin saflığı uğrunda çox illik mübarizə” adlı aktual bir mövzuya həsr olunmuş məqaləsini (1-ci yazı) təqdim edir.

Ədəbi məclislərə ziyarətim tamamilə təsadüfi olmuşdu. 2006-cı ilin aprel ayında bir bazar günü Filarmoniya bağında gəzərkən o zaman bu bağda yerləşən çayxanada əsasən televizordan tanıdığım rəhmətlik qəzəlxan şairimiz Həkim Qənini və ətrafında 10 nəfərə qədər adamın yığışdığını müşahidə edib yaxınlaşmışdım. İcazə almadan oturub çay sifariş etmişdim və elə ordaca başa düşmüşdüm ki, bu, ciddi bir ədəbi məclisdir. Burda oturanlar isə o zamanın tanınmış əruz şairləridir. Şerlər (əsasən qəzəllər) oxunur və ardınca da ciddi müzakirələr gedirdi. Qoşuldum və beləliklə, mənim ədəbi həyatım başladı.

Təbii ki, o vaxta qədər mən, ümumiyyətlə, Bakıda tarixi uzaq keçmişə gedib çıxan, ədəbiyyat dərsliklərindən bildiyim ədəbi məclislərin fəaliyyət göstərdiyini bilmirdim, heç ağlıma da gəlmirdi ki, haçansa Həkim Qəni, Ənvər Nəzərli, Mir Cəlal Zəki, Şahin Fazil, Rafiq Şirvani kimi dövrümüzün nəhəng əruz biliciləri ilə tanış olacaq, klassik şerin sehrinə düşəcək, Həsənoğludan üzü bəri bizim dövrə qədər yazılı ədəbi əsərləri gəlib çatmış Azərbaycan və dünya klassiklərinin ədəbi irsi ilə bağlı ciddi müzakirələrin ən azı dinləyicisi və iştirakçısı olacaq, müasir əruz şerimizdə tendensiya və istiqamətləri müəyyənləşdirən görkəmli simalarla nəinki tanış, hətta yaxın dist ola biləcəyəm.

Heç ağlıma gəlməzdi ki, Həkim Qəninin, Mir Cəlal ağanın, Ənvər Nəzərlinin ölüm ayağında görüşüb vidalaşmağı arzuladıqları adamlardan biri olacaq, ilk kitabımın təqdimatını Hacı Rafiq Şirvani aparacaq və günlərin bir günü mən elminə, şairliyinə, insanlığına, müdrikliyinə sözün əsl mənasında pərəstiş etdiyim Şahin Fazil haqqında onun 80 illik yubileyi münasibətilə bir məqalə yazmağa cürət edəcəyəm.

Hələ sonra biləcəkdim ki, əruzda tendensioz, müasirliklə ayaqlaşmayan meyllərdən qurtulma prosesi ağrılı, hətta bəzən ciddi mübarizə şəraitində keçir və bu prosesin Şahin Fazil kimi olduqca ciddi, fədakar bir lideri var. Hələ sonra biləcəkdim ki, əruz şairlərinin bir qismi hələ də əsərlərində fars, ərəb izafət birləşmələrindən gen-bol istifadə edərək hər vəchlə öz mühafizakar mövqelərini guya bu dillərin geniş imkanlara malik olması ilə əsaslandırmağa çalışır, az qala təmiz türk dilində qəzəl yazmağın mümkün olmadığını sübut etməyə, digər bir qismi isə öz şəxsi nümunələri ilə bu stereotipləri uğurla, inadkarlıqla qırmağa çalışır.

İlk gündən ana dilində qəzəl yazmağa üstünlük verən biri kimi hələ çox sonra böyük anadilli, rəvan təbli şairimiz Ənvər Nəzərli mənə “əruzçular” tərəfindən qəbul edilməyimm üçün tez-tez qəzəllərimdə fars, ərəb tərkiblərindən istifadə etməyimi tövsiyə edəcək.

Hələ sonra biləcəkdim ki, təmiz ana dilində klassik şeir nümunələri yaratmaq səyləri, bir qism şairlərimizin paxıllıq zəminində Şahin müəllimlə şəxsi düşmənçilik aparmaq üçün bəhanə və əsas olacaq, bu, onlardan birinin hətta şeir kitabının özü tərəfindən yazılmış ön sözünün az qala baş mövzusuna çevriləcək, ədəbi diskussiya müstəvisindən iftira, ləkələmə və şərləmə müstəvisinə daşınacaq.

Hələ sonra biləcəkdim ki, bəzi cılız, milli köklərindən sıyrılmış şairlərimiz bu gün də arxaik, məzhəbçilik düşüncələrini poeziyaya daşımaqla çağdaş poeziyamızı Kərbəla müsibətinə sürükləyir, bilərəkdən və ya bilməyərəkdən ayrımçılıq ideyalarını təbliğ edir, dini-sxolostik baxışlarının əsiri olmaqla klassik poeziyanın imkanlarını bir sıra mifik, tarixi obrazların tərifi və təbliği ilə məhdudlaşdırırlar. Hələ sonra biləcəkdim ki, bir sıra müasir, hətta gənc şairlərimiz qəzəl yazanda türk-ərəb, türk-fars sözlüklərini və klassik şairlərimizin əsərlərini qarşılarına qoyaraq üşşaqın tərifi, əğyarın lənətlənməsi üçün ciddi-cəhdlə ərəb, fars sözləri axtarırlar.

Başa düşmək istəmirlər ki, obrazlı desək, artıq həcc ziyarətinə heç kim dəvə üstündə getmir və bu nəinki vaxt, heç müasir dövlətlərarası əlaqələr və sənədləşmə proseduru baxımından da mümkün deyil. Və artıq çoxdan pərvanələr şəmin yox, elektrik lampalarının ətrafında dönürlər ( o isə söndürməsən davamlı yanır), baxışlar, terminlər və münasibətlər tamamilə yeni forma və məzmun üzərində, daha çevik və dinamik şəkildə təzahür etməkdədir.

Köhnə fikir və düşüncələri çox vaxt sələflərdən qat-qat bəsit şəkildə müasir əruz poeziyasında yaşatmaq cəhdi isə elə onun bilməyərəkdən fatihəsini oxumaq kimi bir şeydir, bəzən hətta müasir oxucuda ironik gülüş doğurur. Bu “naftalin iyi verən ədəbi zümrə” ilə sistemli, davamlı mübarizəni isə ilk dəfə hörmətli Şahin müəllim başlatdı və bu gün də onu uğurla davam etdirməkdədir.

İndi isə necə deyərlər, keçirəm əsas mətləbə. Əslində, əsas mətləb də elə yuxarıda qeyd etdiyim və əsasən çağdaş ədəbiyyatda ən azı məzmun baxımından aktuallığını itirmiş “ənənəçiliy”i ciddi-cəhdlə mühafizə edən bir qrupla əsasən elə əruz ədəbi dilində, şəxsi nümunələri, ədəbi polemika üslubu ilə özünə xas ağırlıq, sambal və təmkinlə poeziya dilimizi qorumaq və üstünlüklərini göstərmək uğrunda səylər göstərən professor, tarixçi-alim Şahin Fazilin fəaliyyəti və ədəbi irsi ilə bağlı məhz bu kontekstdən öz fikir və mülahizələrimi yazmaqdan ibarətdir.

Düşünürəm ki, az-çox əruz ədəbiyyatına bələd olmağım, daha çox mühafizəkarlığa əks mövqedə duraraq Şahin müəllim kimi poeziyada dünyəviliyi, milli-liberal mövqeyi müdafiə etməyim, şəxsi tanışlığım və uzun müddət bu və ya digər məsələlər üzrə geniş fikir mübadiləsi aparmağımız onun Azərbaycan qəzəlinin saflığı uğrunda çoxillik mübarizəsini daha əhatəli və obyektiv işıqlandırmama imkan verəcək.

Yuxarıda Şahin müəllimin tarixçi-alim olmağını qeyd etməyim də əslində təsadüfi deyil. Bir kimyaçı-texnoloq alimin digər bir tarixçi-alimin klassik poeziya irsi haqqında fikir yürütməsinə cəhdinin özündə bir parodoksallıq olmasına baxmayaraq, bu məqaləni Şahin müəllimin üzünə deyə bilmədiyim, amma ürəyimdən gələn fikirlərimi bildirmək üçün bir fürsət, bir şairin “sağlığında qiymət verin insanlara” məntiqi ilə çıxış edərək poeziyamızın müqtədir ağsaqqalına heç olmasa layiq olduğundan qat-qat az da olsa belə bir dəyərin onun həmkarı və dostu olaraq vaxtında, sağlığında verilməsi üçün həm də bir imkan hesab edirəm.

Məlumdur ki, xalqın dili onun milli-mədəni varlığının ən mühüm komponentlərindən biridir. Ona görə də ədəbi dilin mühafizəsi, inkişaf etdirilməsi, düzgün istifadə olunması onun beynəlxalq aləmdə də milli mövqelərinin gücləndirilməsində mühüm rol oynayır. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başladı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi.

Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı.

Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları təəssüf ki, hələ də geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir.

Belə şəraitdə şairlər ana dilimizin saflığı uğrunda mübarizənin önündə getməli olduqları halda hələ də yuxarıda qeyd etdiyimiz kimi bir çoxlarının şeirlərində yabançı söz və fikirlərdən gen-bol istifadə etmələri, əlbəttə ki, təəssüf doğurur.

Bu səbəbdən də həyatımızın bütün sahələrində, o cümlədən poeziyamızda və o cümlədən, əruz vəznli şeirlərimizdə dilimizin saflığının qorunması uğrunda mübarizə olduqca əhəmiyyətli və aktualdır.

Elə düşünürəm ki, qəzəl dilinin sadələşdirilməsi uğrunda mübarizə elə ilk ana dilli qəzəllər yazıldığı dövrdən başlanmışdır. Əslində elə ana dilində qəzəl yazmaq ənənəsinin başlanması min il bundan əvvəl poetik özünüdərkin aktiv fazaya qədəm qoyması idi. Təbii ki, bu uzun müddət ərzində kimsə özünə qayıda bildi, kimsə də elə köhnə stereotiplərin ağuşunda qaldı. Böyük şairimiz M.Füzuli yazırdı ki:

Qəzəldir səfabəxşi-əhli nəzər,

Qəzəldir güli-busatini-hünər.

Qəzəl de ki, məşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola.

Bununla o, qəzəlin oxunuşunu və yazılışını asan görmək istəyirdi. Eyni zamanda təəssüf ki, o dövrün məlum ictimai-siyasi mühiti mükəmməl ana dilli ədəbi cərəyanın formalaşmasına imkan vermirdi.

Bir qitəsində də çətin sözlü qəzəlin faydasız olduğunu, belə şeirləri eşidənlərin isə əziyyət çəkdiklərini bildirirdi:

Ondan nə sud ki, ola mübhəm ibarəti,

Hər yerdə istimain edənlər məlul ola?

Bununla belə, dahi şair təəssüf ki, bu aludəçilikdən özü də xilas ola bilmir və hətta bir qitəsində öz narahatçılıq və istəklərini belə ifadə edirdi:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib

Əksərən əlfazi namərbutü nahəmvar olur.

Məndə tovfiq olsa bu düşvarı asan eylərəm,

Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

Şahin Fazil hələ 2004-cü ildə "Füzulinin asanlaşdıra bilmədiyi çətin bir məsələ barədə" məqaləsində ("Azərbaycan" jurnalı, № 1) yazırdı: "Məndə tovfiq olsa bu düşvarı asan eylərəm" deyən Füzuli, həmin düşvarı asan eləyə bilmir, yəni qəzəllərində çətin qavranılan, dərk edilən, indinin özündə də anlaşılmayan ərəb və fars sözləri, ifadələri işlədir".

O bunu heç də Füzulinin şairlik gücünün zəifliyi ilə yox, dövrün ictimai-siyasi konyukturası, islam ənənələrinin və ərəb-fars təsirinin güclü olması, eləcə də şairin buna çox da cəhd və həvəs göstərməməsi ilə izah etməsinə baxmayaraq, o zaman hörmətli ədəbi tənqidçilərimizdən biri, mənim dərin hörmət etdiyim, əziz dostum Vaqif Yusifli yazdığı məqalənin məqsəd və ruhuyla çox da səslənməyən bir tərzdə hörmətli Şahin müəllimlə razılaşmayıb yazmışdı: "Təbii ki, Füzulinin dili ərəb və farsın ifadə və tərkiblərindən xilas ola bilməzdi. Birincisi, ona görə ki, o dövrün ədəbi dili hələ bu təsirdən xilas ola bilməmişdi. O yazırdı: Sizin Füzulidən "asan" hesab etdiyiniz Həsənoğlu da, Bürhanəddin də, Həqiqi də, Seyid Əzimdən "asan" bildiyiniz Xətai də, Süruri də, Saib Təbrizi də, Vidadi də bu və ya digər dərəcədə ərəb və fars dillərinin təsiri altında olmuşlar.

Bəs XX əsr şairi Məhəmməd Hadiyə nə deyirsiniz? Lap elə xalqın çox sevdiyi Sabir də ərəb və fars sözlərindən bol-bol istifadə etmişdir. Siz "Füzuli qəliz yazır" deyəndə yəqin ki, "Füzuli XX və XXI əsr qəzəl şairləri kimi yazmalıydı" deyə düşünürsünüz. Axı, XVI əsrlə XX əsr arasında ədəbi dil nöqteyi-nəzərindən eyniləşmə ola bilməz. Siz Nəsimini Füzulidən "asan" yazan şair hesab edirsiniz. Amma baxın Nəsiminin külliyyatına - hədis, əbəd, ərş, fərş, səlsəbil, sədiəkbər, ruhi-qüds, xəlvəti-ərbəin kimi sırf dini-fəlsəfi söz və ifadələr azmı işlənib?

Siz XV əsr şairi Cahanşah Həqiqinin də şeirlərinin Füzuli şeirinə nisbətən sadə olduğunu iddia edirsiniz. Amma baxın, C.Həqiqinin şeirlərinə - ülaikə, ayəti-vəşşəmsə, dami-zülfi-dust, nuri-ləmyəzəl, xaki-rahi-məqdəm, abidi-səccaf və s." (“Ədalət” qəzeti. 2017.- 21 oktyabr.- S.15.).

Məqaləsində müəllif ya Şahin müəllimin nə demək istədiyinin mahiyyətinə varmır, ya da heç varmaq istəmir. Əslində, müxtəlif formada və emosional tərzdə də olsa hər iki alim eyni fikri çatdırır. Əslində, görkəmli tənqidçi alimimiz Şahin müəllimə dəstək olub müasir qəzəl ədəbi dilinin saflaşdırılması, mövzu dairəsinin aktuallaşdırılması üçün gənclərə tövsiyədə bulunmaq əvəzinə bu məsələdə polemika açması ən azı təəssüf doğurur.

Çoxillik şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Şahin müəllim, qüdrətli Füzuli poeziyasının heyranlarından biridir və əlbəttə ki, onun qəliz yazmasını, ərəb-fars izafət tərkiblərindən geniş istifadəsini bəşəriyyətin böyük şairinin əsla zəifliyi və ya acizliyi kimi təqdim etmir, əsla aşağılamır, o bunu Füzulinin spesifik şeir dilinin olması ilə izah edir.

Apardığı bütün müqayisələr isə təbii ki, nisbidir. Söhbət yaradıcılıqları müqayisə edilən şairlərin poeziya dilinin orta oxucu tərəfindən anlaşılma səviyyəsindən gedir.

Yazıda müdafiəsinə əsla ehtiyacı olmayan dahi şairə müasir, ana dilli vətənpərvər bir şairin fikirlərini təhrif etməklə az qala sahib çıxma iddiası görünür. Digər bir hörmətli əruz şairimiz, əruz “dilinin” saflaşdırılması uğrunda xeyli işlər görmüş, mənim çox sevdiyim şair İlqar Fəhmi də müsahibələrinin birində (Modern.az saytı. 14 sentyabr 2013, 11:11 | MƏDƏNİYYƏT. Qəzəlxan-şair: “Bizim filmdə erotik səhnə yoxdur, qız yalnız üst paltarını soyunur...” – müsahibə) Şahin Fazili birmənalı olaraq Azərbaycan qəzəlində dilimizin saflaşdırılması uğrunda mübarizənin flaqmanı olduğunu qeyd etsə də, onun əsərlərinin guya olduqca sadə olduğunu iddia edərək, əslində onun bu istiqamətdə fəaliyyətinə fikrinin əvvəlində verdiyi düzgün qiyməti təəssüf ki, elə özü də dəyərdən salmağa çalışır.

Fikrimcə, “qəzəlin sadələşdirilməsi” anlayışı özü qüsurludur. Əslində söhbət sadə və ya mürəkkəb (qəliz) yazmaqdan yox, bir türkdilli şairin qəzəli anlaşıqlı, doğma ana dilində və ya böyük əksəriyyətin başa düşmədiyi əcnəbi, əsasən, fars və ya ərəb sözlərindən bol-bol istifadə etməklə yazmasından getməlidir. Yəni “anlaşılmırsa, demək, dərindir” fikri, əlbəttə, qüsurludur.

Belə olan halda elə həmin uğurla, məsələn, rus, ingilis sözlərindən də istifadə edilə bilər. Biz əgər diqqətlə qəliz (və ya mürəkkəb) əcnəbi yad sözlərdən geniş istifadə etməklə qəzəllərini yazan şairlərin (Füzulidən bu günə kimi), əsərlərinə nəzər salsaq, görərik ki, qəzəlin mövzusunda və xüsusilə, dilində ciddi dəyişiklik yoxdur.

Leyli və Məcnun, şəm-pərvanə, bülbül-gül əfsanələri və mifik-dini (bəzən irfani rəmzlər və s. kimi şəkilləndirilərək pafosla oxucuya sırınan) baxışların sadəcə və çox vaxt çılız söz oyunu alətiylə oxucuya “təqdim olunması” min illərdi ki, davam etdirilir.

Oxucuya kosmos əsrində hələ də elmi əsası olmayan mifik düşüncələrin aşılanması, özü də hələ yad, yabançı, anlaşılmaz sözlərin köməyi ilə çatdırılması cəhdlərinin bu gün də davam etdirilməsi artıq çağdaş poeziyamızın bir qolunun - əruz qolunun ciddi kanserogen xəstəliyindən xəbər verir. Yəni bizim mürəkkəb, qəliz və ya guya ki, dərin deyə düşündüyümüz qəzəllərin “dərinliyi” sadəcə onların başqa dildə yazılmasındadır.

1000 ildi “çevir tatı, vur tatı” oyunundan başqa ortada heyrətləndirici bir şey yoxdur. Əgər XX əsrin əvvəlinə kimi buna haqq qazandırmaq olardısa, artıq bu gün əruzun ən azı dili orta azərbaycanlıya tanış və aydın olmalıdır.

Yasin Xəlilov

(Ardı var)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər