Video əlavə olunub.
***
12:38
Ermənistanda vəziyyət yaxşı deyil, qarşıdurma getdikcə güclənir. Paşinyan istefa vermək istəmir, parlament seçkilərinin yenidən keçirilməsini tələb edir. Amma ona qarşı qüvvələr çox aqressivdir. Qorxurlar ki, parlament seçkiləri zamanı Paşinyan saxtakarlığa yol versin və yenidən seçilsin. Paşinyan iddia edir ki, bəyanatı imzalamasaydı, bütün Ermənistan məhvə doğru gedəcəkdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Ermənistandakı vəziyyət haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hazırda Zəngəzur zonasında bir neçə kəndin Azərbaycanın nəzarətinə keçməsini ermənilər çox pis qarşılayırlar:
“Demək olar ki, yeni müharibə təhlükəsi mövcuddur. Ermənistanda məsələ qaldırılıb ki, müharibədən əvvəl, təxminən 2 milyard dollara qədər Paşinyan Rusiyadan əvəzi ödənilmədən silah alıb. Ordumuz döyüşdə bu silahların bir qismini məhv etdi, qalanını qənimət olaraq götürdü.
Əvəzini çıxmaq üçün Ermənistan rəhbərliyi diaspordan pul toplamaq istəyir. Moskvadan Samir Arutunyan diaspora 5 milyon dollar pul göndərib. Erməni diasporu isə Paşinyan hakimiyyətdə olduğu müddətdə pul vermək istəmir. Onlar gözləyirlər ki, Paşinyanın yerinə bir namizəd olsun. Lakin hələ elə bir namizəd tapa bilmirlər”.
İsmayıl Tanrıverdi bildirib ki, düşmən tərəf yenidən müharibəyə hazırlıqlar görür: “Yeni "Gələcək əsgər" adlı dərnək yaradıblar. Bu dərnəyə 10 yaşından 17 yaşınadək erməni uşaqları cəlb olunur. Dərnəyə İrəvandan 60-a yaxın könüllü gəlib. Komandirlərinə dünən sual veriblər ki, dərnəyin fəaliyyəti necə olacaq? Cavabında isə müharibəyə hazırlaşdıqlarını deyib. Bütün Ermənistana dərnəklə bağlı elanlar verilir, xərcləri diaspor qarşılayır. Burada ən vacib məsələ odur ki, dərnəyin fəaliyyətində əlbəyaxa döyüş fəndləri ilə yanaşı, Azərbaycan dili də öyrədilir”.
İsmayıl Tanrıverdi rus sülməramlılarının regiondakı davranışlarına da diqqət çəkib: “Rusiya sülhməramlılarının davranışları Türkiyəni qıcıqlandırır. Hulusi Akar da buna çox ciddi reaksiya verib. Ermənilər rus sülhməramlılarını ələ almağa çalışırlar. Məsələn, rus əsgərləri mağazadan nəsə alanda onlardan ödəniş tələb etmirlər. Yanvarda rusların erməniləri təbrik etməsi də bizdən çox türkləri qıcıqlandırdı.
Erməni katalikosu rus sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradovu Alban kilsəsinə apararaq, oranı erməni kilsəsi kimi təqdim etdi.
Guya ordumuzun müharibədə Xankəndinə hücum etdiyini deyərək, özləri şəhərin ətrafını minalayıblar. İndi həmin minaları rus əsgərlərinə təmizlətməyə çalışırlar. Ruslardan da bunun üçün xüsusi minatəmizləyən qruplar gətirilib. İlk gün 60 nəfər deyilsə də, sayları getdikcə çoxalır”.