Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirilir.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, aksiyada iştirak edənlər sonuncu müharibə iştirakçılarıdır və onlar nazirlikdən qanunla onlara ödənilməli olan pullarını tələb edirlər.
Könüllü döyüşçü olan David Ovanisyan bildirib ki, cəbhədən noyabrın 30-da qayıdıb: “Hələ də pul təzminatını almaq üçün müxtəlif orqanlara müraciət edirik, lakin heç kim bizə heç nə vermir. 30 dekabrda Nazirlər Kabinetinə, ondan iki gün əvvəl – Müdafiə Nazirliyinə müraciət etmişik. Amma dəqiq bir cavab yoxdur. 28 dekabrda nazirliyə gəldik, polkovnik Ara Arakelyan tərəfindən qəbul edildik və bütün transferlərin 30 dekabr tarixində ediləcəyinə söz verdildi, lakin yerinə yetirilmədi. Arakelyanla yenidən əlaqə saxladım, bu problemdən xəbərdar olduğunu və ehtiyac duyan hər kəsə artıq hesabat verdiyini söylədi. Problemin bəzi sənədlərlə əlaqəli olduğunu dedi. Amma bizim problem həll edilməyib”.
O əlavə edib ki, Ermənistan Baş nazirinin köməkçisi Nairi Sərkisyanla da əlaqə saxlayıblar: “Bizə dedi ki, qış tətili ilə bağlı məsələ tez həll edilməyəcək. Ancaq tətil bitən kimi bunu etməyə başlayacaqlar. 2021-ci ilin ilk iş günlərində general-mayor Vardan Avetisyanla görüşdük. Bizə müvafiq komissiyanın bu məsələ ilə məşğul olduğunu, bu həftə qərar veriləcəyini bildirdi, ancaq yenə də bizə pul ödənməyib. Biz tələb edirik ki, nəyin baş verdiyini bizə izah etsinlər. Həm də suala dəqiq cavab versinlər. Bizə pulu nə vaxt ödəyəcəklər?”.