Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyanın İrəvandakı kafelərdən birində jurnalist Pailak Faxradyana hücum etməsinin görüntüləri yayılıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, nazirin jurnalistə hücumunun görüntülərini “Mediaport” teleqram kanalı paylaşıb.
Görüntülərdə jurnalistin kafedə kompüterlə işlədiyi zaman nazirin ona hücum edərək yumruq atdığı, habelə, kompüteri masadan yerə saldığı görünür.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Jurnalist Faxradyan kafedə naziri görüb və ondan iş vaxtı kafedə olmasının səbəblərini soruşub. Daha sonra nazirlə jurnalist arasında mübahisə yaranıb. Hadisədən az sonra nazir jurnalistə hücum edib.
Ermənistan İstintaq Komitəsi baş verən faktı araşdırdığını bəyan edib.
Qeyd edək ki, hücum zamanı erməni jurnalistin kompüter və mobil telefonu zədələnib.