Türkiyə ilə Ermənistan arasında birbaşa aviareyslərə bu gündən etibarən icazə verilib. Uçuşları Türkiyə tərəfindən “Pegasus”, Ermənistan tərəfindən “FlyOne Armenia” aviaşirkətləti həyata keçirəcək.
Teleqraf.com-un məlumatına görə, həftədə üç dəfə həyata keçiriləcək reyslərə biletlərin qiyməti açıqlanıb.
“Pegasus” aviaşirkətinin reysləri üzrə İrəvan hava limanından İstanbulun Sabiha Gökçen hava limanına bilet qiymətləri 69,99 avrodan, Sabiha Gökçen hava limanından İrəvana biletlər 59,99 avrodan başlayacaq.
“FlyOne Armenia”nın reyslərinə bilet qiymətləri 39 avrodan başlayacaq. “Pegasus” İstanbuldan İrəvana həftənin bazar ertəsi, cümə axşamı və şənbə günləri, Yerevandan İstanbula çərşənbə axşamı, cümə və bazar günləri uçuşlar keçirəcək. “FlyOne Armenia”nın reysləri isə bazar ertəsi, çərşənbə və cümə günləri baş tutacaq.
Qeyd edək ki, bir müddət öncə Bakı-İstanbul və İrəvan-İstanbul bilet qiymətləri geniş müzakirələr səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri İrəvan-İstanbul bilet qiymətlərinin daha ucuz olmasını bildirirdilər. Müqayisə üçün bildərək ki, Bakıdan İstanbula bilet qiymətləri 29 avrodan başlayır. Bu qiymət isə İrəvan-İstanbul biletinin qiymətindən 10 avro ucuzdur.