26 Oktyabr 2022 09:05
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın Ermənistana silah satacağı, xüsusilə dronlar verəcəyi haqda fikirlər var. Mən hesab edirəm ki, İran buna getməməlidir, amma getsə belə, bu, heç nəyi dəyişməyəcək”.

Bu fikirləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə bildirib.

Mütəxəssis qeyd edib ki, İran istehsalı olan Pilotsuz Uçuş Aparatları (PUA) çox da təhlükəli deyil.

"Belə dronların qarşısını almaq mümkünsüz deyil. Ukrayna müharibəsində İran istehsalı olan dronlar bir qədər effekt verə bildi. Səbəb də odur ki, Ukrayna ordusu gözləmirdi ki, PUA-lardan mülki obyektlərə və infrastruktura qarşı istifadə edilə bilər. Ümumiyyətlə Rusiyanın öz istehsalı olmayan dronlardan istifadəsi də gözlənilmirdi. Bu səbəblərdən İran istehsalı olan dronlar Ukraynada müəyyən qədər özünü göstərə bilib”.

Azad İsazadə əlavə edib ki, cəbhə boyu qoşunların düzüldüyü ərazilərdə bu dronları çox asanlıqla zərərsizləşdirmək olur:

“Təsəvvür edin ki, bu dronları pulemyotlarla vurmaq mümkündür. Məsələn, Ukraynada mülki obyektlərin damına yüngül zenit qurğusu və ya pulemyot yerləşdirməklə belə dronların qarşısını almağa çalışırlar. Bu yenilikdir. Artıq İran dronlarının çox hissəsini vurublar. Yəni belə dronları zərərsizləşdirmək üçün anti-dron stansiyalarına ciddi ehtiyac da yoxdur.

Bəli, sabah Ermənistana belə silahlar veriləcəksə, biz bunu təhlükə kimi qarşılamalıyıq. Ancaq biz eyni zamanda Ukrayna təcrübəsindən istifadə edərək hansısa nəticəyə gələ biləcəyik”.

Mütəxəssis vurğulayıb ki, belə silahlar Ermənistan Silahlı Qüvvələrinə daxil edilsə və biz onları məhv edərək ortaya fakt çıxarsaq, sözsüz ki, bu Azərbaycan-İran münasibətlərinə ciddi təsir edəcək: “Eləcə də istisna etmirəm ki, Tehran-Ankara əlaqələrinə ziyan ola bilər. Və hətta bu hal Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsinə qədər gedib çıxa bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər