Ermənistanın İT şirkətlərinin böyük əksəriyyəti ixrac üçün işləyir və ödənişləri xarici valyuta ilə alırlar. Dramın dollar və avro qarşısında möhkəmlənməsi gözlənildiyi kimi bu şirkətlər üçün ciddi problemlərə səbəb olub.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bəzi şirkətlər işçilərini ixtisar etməyə başlayıb, bəziləri vergi sahəsini tərk edib, bəziləri isə təhsillə bağlı layihələrini dayandırır. Bir çoxları isə bağlanıb.
İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin orta gəlirliliyi 20% təşkil edir. Lakin dramın bahalaşması səbəbindən Ermənistanın İT şirkətlərinin gəlirləri 25% azalıb.
Qabaqcıl Texnologiya Müəssisələri İttifaqının idarə heyətinin üzvü, “Earlyone” və “LimeTech” şirkətlərinin direktoru Gevorq Səfəryan jurnalistlərə bildirib ki, bu gün konkret proqram üçün investisiya almış layihələr üçün xüsusilə çətindir.
“Təsəvvür edək ki, startap 1 milyon dollar investisiya alıb-bu pul inkişafa yatırılmalıdır. İndi isə o milyon 700 minə çevrilib, nəticədə startapın uğur şansı da azalıb”.
Ölkədəki mövcud vəziyyətə görə neçə şirkət bağlandığına gəldikdə Səfəryan cavab verib ki, o, dəqiq rəqəm deyə bilməz, çünki bir çoxları adlarını itirməmək üçün bağlandıqlarını gizlədirlər.
Dramın möhkəmlənməsi və dolların kəskin devalvasiyası ilə bağlı problemlər, ekspertlərin fikrincə, təkcə erməni şirkətlərinə deyil, Rusiya şirkətlərinə də təsir edir, çünki onların çoxu son aylarda Ermənistana köçüb. İşlər indiki kimi qalsa, bu şirkətlərin əksəriyyəti yerli şirkətlər kimi ya bağlanacaq, ya da başqa ölkələrə köçəcək.