Rusiya sərhədçiləri Ermənistan Baş naziri Nikol Paşinyanın türkləri qucaq açaraq qarşılamasına mane olur.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Svpressa.ru saytı yazır.
Rusiya portalı məsələyə başqa don geyindirməyə çalışsa da, dolayı yolla etiraf edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına Moskva mane olur. Bu fonda da Cənubi Qafqazda sülhə...
Nəşr qeyd edir ki, İrəvan Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə Rusiyanın müvafiq qurumu arasında birgə fəaliyyəti dayandırmaq qərarına gəlib:
“Avqustun 1-dək Rusiya sərhədçiləri İrəvandakı “Zvartnots” hava limanından çıxarılacaq. Eyni zamanda, Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə görə, Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasından söhbət gedə bilməz”.
Rusiyalı analitik Mixail Neyjmakov hesab edir ki, Ermənistan ilk dəfə olaraq Rusiyasız öz sərhədlərini müdafiəyə hazır deyil:
“Bu yaxınlarda NATO-nun keçmiş baş katibi Anders foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” qrupu Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə məsləhət gördü ki, Ermənistanın sərhəd-keçid məntəqələrində erməni sərhədçiləri ilə birgə işləsin. Bəllidir ki, bu təklif digər məsələlərlə yanaşı, Qərbin Ermənistana təsirini gücləndirmək və İrəvana sərhəd təhlükəsizliyinə dair müəyyən təminatlar vermək istəyi ilə bağlıdır. Dolayısı ilə bu, həm də Qərbin Ermənistanın sərhədlərini qorumaq üçün öz imkanlarının hazırda yetərli olmaya biləcəyi barədə təsəvvürünü əks etdirir”.
Ekspertin fikrincə, hazırda Ermənistan-Türkiyə sərhədinin açılması üçün zəmin yoxdur:
“Əvvəllərlə müqayisədə Ermənistanla Türkiyə arasında gərginlik müəyyən qədər azalıb, amma bu o demək deyil ki, İrəvan sərhədləri, məsələn, Avropa Birliyi ölkələri arasında olduğu kimi açmağa hazırdır”.
Neyjmakov İrəvanın Moskvadan dəstək almaq üçün oyun oynadığını da istisna etmir:
“Nikol Paşinyan oyun qaydalarına öz xeyrinə yenidən baxmağa və Moskva ilə siyasi danışıqlarda mövqelərini gücləndirməyə çalışır. Amma bu o demək deyil ki, Rusiya ilə əlaqələri dərhal radikal şəkildə kəsməyə fokuslanıb. Bu taktikanın təzahürlərindən biri elə Simonyanın açıqlamasıdır. O, Ankara ilə İrəvan arasında hipotetik münaqişə baş verəcəyi təqdirdə Rusiya sərhədçilərinin Ermənistana yardım etməyəcəyini söylədi. Bununla belə qeyd etdi ki, rus sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasından söhbət gedə bilməz”.