Ermənistanın tələsik addımları Rusiya və KTMT-nin digər ölkələri ilə ümumi müdafiə sahəsinin yaradılması üzrə birgə işə qayıtmağı mümkünsüz edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, İrəvan Qərbin əməkdaşlığın gücləndirilməsinə, o cümlədən təhlükəsizlik sahəsində böyük maraq göstərdiyi məqamdan istifadə etmək istəyir:
“Bununla belə, Qərb ölkələrinə milli məlumat bazaları və ölkənin təhlükəsizliyi üçün həssas məlumatlara tam çıxış imkanı verəcək tələsik qərarlar nəinki son nəticədə dövlətin suverenliyini təhdid edir, həm də Rusiya və KTMT-nin digər ölkələri ilə ümumi müdafiə sahəsinin yaradılması üzrə birgə işə qayıtmağı mümkünsüz edə bilər”.
Qaluzin KTMT-yə üzvlük və Rusiya ilə sıx hərbi əlaqələrin Ermənistanın müstəqilliyi üçün əsas amil olduğunu vurğulayıb.
“Nə qədər vədlər verilsə də, KTMT-yə effektiv alternativlər və Ermənistanda təhlükəsizlik mexanizmi yoxdur”, - rus diplomat əlavə edib.