Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin premyerası keçirilmişdir.
Teleqraf.com AzərTAc-a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva filmin premyerasında olmuşdur.
Premyeradan sonra "Justice for Khojaly" ("Xocalıya ədalət") beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini bildirərək, "Endless Corridor" filminin çəkilməsindən məmnun qaldığını dilə gətirmişdir.
Leyla Əliyeva qeyd etmişdir ki, "Endless Corridor" erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. "Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik", - deyə Leyla Əliyeva vurğulamışdır.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), "Games of Thrones" adlı populyar teleserialın ulduzlarından biri İen Qlen də iştirak etmişlər.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilmişdir.
Sənədli film üzərində 5 ilə yaxın çalışmış A.Brokas qeyd etmişdir ki, o, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərmişdir. O, postsovet respublikası olan Litva vətəndaşı kimi məsələyə öz münasibətini bildirərkən qeyd etmişdir ki, azadlıq və müstəqilliyə gedən yol bütün keçmiş Sovet respublikalarında oxşar olub: "Müstəqillik insanların qanı bahasına başa gəlib. Xocalı faciəsi günahsız insanların taleyinə amansız və qəddarcasına qərar verilməsinə dair bariz nümunədir,"- deyə A.Brokas vurğulamışdır.
ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış və hazırda Vaşinqtonda böyük tamaşaçı auditoriyasına malik olan "Camp David" şou proqramının prodüseri Cerald Rafşun diqqətə çatdırmışdır ki, beynəlxalq səylərə baxmayraq Dağlıq Qarabağ münaqişəsi bugünədək həll olunmayıb. O, ümidvar olduğunu bildirmişdir ki, bu film sayəsində beynəlxalq diqqət 20 ildən artıq münaqişə alovuna bürünmüş bu regiona yönələcəkdir.
Filmdə litvalı jurnalist Riçard Lapaitis demişdir ki, o vaxtdan bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini 20 ildən sonra müharibə müxbiri kimi nəql edir. R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında "Sonsuz dəhliz"də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.
Filmdə faciəni törədən erməni komandirlər də müharibənin strategiya və səbəblərindən danışırlar. BMT və digər beynəlxalq qurumların erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu bu günədək işğal altında saxlamaqda davam edir.
Premyeradan sonra "Sonsuz dəhliz" sənədli filminin dünyanın aparıcı televiziya kanalarında nümayişi planlaşdırılır.
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) kino, televiziya filmləri və video oyunları kimi incəsənət nümunələrinin ən yaxşılarını müəyyənləşdirib mükafatlandırması ilə məşğuldur. BAFTA kinonun təbliği və inkişafına dəstək verir.
Böyük Britaniyada film sənətini dəstəkləyən aparıcı xeyriyyəçi kimi tanınan BAFTA-nın fəlsəfəsinə görə, ən yaxşı yaradıcı iş yalnız auditoriya tərəfindən dəyərləndirilə və qiymətləndirilə bilər.
Aleksandr Brokas litvalı prodüser və rejisordur. Helsinki Tətbiqi Elmlər Metropolia Universitetinin beynəlxalq filmşünaslıq bölməsini və Litva Musiqi və Teatr Akademiyasını bitirmiş, postsovet regionunda qadın hüquqlarına dair film layihələrinin iştirakçısı olmuşdur. Rejisor Soros Fondu, Skandinaviya və Baltikyanı ölkələrin televiziya kanalları ilə uğurlu əməkdaşlığın ardınca diqqətini Qafqaza yönəltmişdir ki, buradakı layihəsinin kuliminasiya nöqtəsi də "Sonsuz dəhliz" sənədli filmidir.