Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır.
Bazar günü Rusiyanın xarici işlər nazirliyi Ukrayna ərazisindən atılan mərminin Rusiyanın sərhədyanı şəhərində partladığını bəyan edib. Rəsmi Kiyev Rusiyanın bu iddalarını təkzib edib. Rusiya tərəfindən bildirilib ki, mərmi Rostov vilayətində yerləşən Donetsk qəsəbəsində yaşayış sahəsinin həyətində partlayıb və Andrey Şulyatev adlı yerli sakin həlak olub. İnsident nəticəsində qurbanın anası da yaralanıb.
Rusiyanın “Rossiya” telekanalının verdiyi məlumata görə, mərminin partlamasından sonra binanın pəncərələri və qapıları dağılıb. İkinci mərmi isə evin arxasına düşüb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə şurasının rəsmisi qonşu ölkənin ərazisinə Ukrayna ordusunun heç bir artileriya zərbəsi endirmədiyini bəyan edib. O hücuma görə elə rusiyayönümlü üsyançıları təqsirkar bilib.
Donetskin qərbində yerləşən Mayinka qəsəbəsində gecə ilə baş verən artileriya bombardmanından sonra 150-ə yaxın sakin evlərini tərk edib. Artilleriya zərbələri üsyançılara məxsus bazanın yaxınlığında yerləşən yaşayış məhlələrinə tuş gəlib. Mərmilərin partlaması nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir. Minaatanlardan kimlərin istifadə etdiyi bəlli deyil. Sakinlərin təhlükəsizliyi üçün onlar müvəqqəti olaraq Donetks Universitetinin yataqxanalarına yerləşdirilib, bəziləri qəsəbədən aralıda yaşayan qohumlarının evinə sığınıb.
Qeyd edək ki, Ukraynanın şərqində üsyançılarla hökümət qüvvələri arasında gedən döyüşlər azı 400 nəfərin həyatına son qoyub, on minlərlə insan qaçqın və məcburi köçkün düşüb.
/ans press/