Bu gün Azərbaycanda LGBT forumu keçirildiyi bir vaxtda cinsi azlıqlar hüquqlarının qorunmamasından narahatdır.
BBC Azərbaycancaya danışan cinsi azlıq nümayəndələrindən bəziləri xarici görünüşlərinə görə iş tapa bilmələrindən, digərləri isə hüquq-mühafizə orqanlarından şikayət edir.
“Dediyiniz o insanlarla bağlı da heç bir problem yoxdur, sizin ölkədə vəziyyət necədirsə bizim də ölkədə vəziyyət elədir", prezident İlham Əliyev bu ilin iyununda AŞPA sessiyasında çıxış edərkən norveçli deputatın cinsi azlıqların hüquqları ilə bağlı sualını cavablandırarkən bildirib.Hərçənd ki, Azərbaycan rəsmiləri cinsi azlıqlarla bağlı ölkədə heç bir problem olmadığını deyir.
22 yaşlı transgender Julian (özünü belə adlandırır) bir müddətdir ki, iş tapa bilmir. O deyir ki, harasa şəkilsiz CV göndərir, müsahibəyə gedəndə isə işverən "sanki şok keçirir".
"Mənəvi çox sıxılırsan. Olduqca kobud suallar verməyə başlayırlar. Sən niyə beləsən? Ailən belə olduğunu bilir? Yəni onları heç maraqlandırmayan şeylərdən danışırlar. Məcbur olursan sənədlərini götürüb müəssisəni tərk etməyə".
Bundan əvvəl Sos Uşaq Kəndlərində könüllü işləyən Julianın sözlərinə görə, "könüllü işlədiyindən heç bir problemi olmayıb". Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil almış Julian sonra rejissor asistenti işləyib. Dediyinə görə, burada ondan qadın kimi geyinməsini istəyiblər.
Lakin Julianın problemləri bununla bitmir.
"Adi bərbərə gedə bilmirəm saçımı kəsdirməyə. İctimai tualetlərdən istifadə edə bilmirəm ümumiyyətlə", Julian BBC Azərbaycancaya danışır.
Özündən yaşca böyük, ailəli bacısı olduğunu deyən Julian həm ailəsində, həm də cəmiyyət içərisində qınandığını bildirir.
"Ailəm görünüşümü görür və bilir ki, mən başqalarından fərqliyəm, təzyiq edib məni dəyişdirməyə çalışırlar, lakin alınmır.
Küçədə isə o, əsasən oğlanlarla mübahisələr yaşayır.
"Elə bilirlər ki mən geyəm, ona görə söz atırlar, hətta davalar filan da olub əlbəyaxa. Çünki üzümdə femin cizgilər var".
Julianın sadaladıqları Azərbaycanda demək olar ki bütün LGBT (lesbiyan-gey-biseksual-trans) nümayəndələrinə aid olsa da, LGBT hüquqları ilə məşğul olan qurumlar da problemlə qarşılaşır.
Belə təşkilatlardan biri 2012-ci ildən qeydiyyatsız fəaliyyət göstərən "Nəfəs" LGBT Azərbaycan təşkilatıdır. Təşkilat yarandığı dövrdən bəri ikinci dəfə bu ilin mayında Ədliyyə Nazirliyi Baş Notariat Şöbəsinə müraciət göndərsə də, qurumdan heç bir cavab ala bilmədiyini deyir. İlk dəfə Nazirliyə 2012-ci ildə müraciət edilib.
"Heç bir reaksiya yoxdur. Sənədləri verəndə şöbədən bir şəxs zəng edib bəzi detalları soruşdu. Bu göstərir ki, onlar bizim müraciətimiz barədə məlumatlıdır. Həm də sənəd göndərəndə poçtdan təsdiqlədilər ki, sənədləriniz ünvana çatıb", təşkilatın sədri Atilla Cavid deyir.
O güman edir ki, Ədliyyə Nazirliyi onların adında "LGBT sözünə görə" qeydiyyatdan keçirməkdə "qərəzlidir" və Nazirliyi məhkəməyə verməyə hazırlaşır.
BBC Azərbaycanca hələlik Ədliyyə Nazirliyi Baş Notariat Şöbəsi ilə iddialarla bağlı əlaqə saxlamağa müvəffəq olmayıb.
Təşkilat sədri deyir ki, qeydiyyatdan keçməyə müvəffəq olmamaq onlara başqa narahatlıqlar verir.
"Qeydiyyatsız donorlarla işləmək olmur. Prosedurları aparmaq üçün maddi imkanımız yoxdur. Maliyyə olmalıdır ki, hüquqşünas təyin edək".
Lakin Atilla Cavid onu da deyir ki, maliyyə olsa belə, vəkillər "ad-san" məsələsinə görə LGBT məsələlərinə yaxın durmur.
İsa Şahmarlının cinayət işi ilə maraqlanan bir vəkil yoxdur ki, cinayət prosesinin aparılıb-aparılmadığını araşdırsın".
Azad LGBT Azərbaycan təşkilatının sabiq sədri 1991-ci il təvəllüdlü İsa Şahmarlı bu il yanvarın 22-də işlədiyi ofisdə özünü LGBT bayrağı ilə asaraq intihar edib.
"İşə yaxın duran vəkil olmadığına hüquq-mühafizə orqanları etinasız yanaşır, cinayətlər açılmamış qalır".
Atilla Cavidin sözlərinə görə, aprel ayında Şahmarlının cinayət işi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilsə də, cavab alınmayıb.
Bundan əvvəl, Daxili İşlər Nazirliyi BBC Azərbaycancaya bildirib ki, DİN cinsi azlıqlara "fərq qoymur" və hamı onlar üçün “vətəndaşdır”.
"Gender və Tərəqqi" təşkilatının sədri Kamran Rzayev BBC Azərbaycancaya deyir ki, əksər cinsi azlıqlar öz hüquqlarını bilmir.
"Cinsi azlıqlar hüquqlarını bilsələr, bilərlər ki, onlar polislə və polis onlarla necə davranmalıdır. Heç nədən qorxmazlar o zaman, çünki onda polis çəkinir və heç nə etmir".
"Gender və Tərəqqi" təşkilatı, həmçinin Azərbaycanda qeydiyyatdan keçmiş yeganə LGBT təşkilatıdır.
"Bizim təşkilat gender təşkilatı kimi qeydiyyatdan keçib, genderə də hər şey aiddir. Qeydiyyat zamanı görüşdə açıq-aşkar nə ilə məşğul olacağımızı gizlətməmişəm və qeydiyyatdan keçiriblər bizi", 2007-ci ildə qeydiyyatdan keçən "Gender və Tərəqqi" təşkilatının sədri bildirir.
"Nəfəs" LGBT-dən fərqli olaraq, Azad LGBT Azərbaycan təşkilatı hazırda heç qeydiyyatdan keçməyə səy göstərmir.
"Düşünürük ki, müraciət etsək də qeydiyyatdan keçirməyəcəklər", indiki sədr Lalə Mahmudova BBC Azərbaycancaya deyir.
Qeydiyyatdan keçmək mümkün olmasa da, "Nəfəs" və Azad LGBT təşkilatları 23 iyulda Azərbaycanda ilk dəfə "I LGBT Forum"unu keçirib.
Forumda ölümündən 6 ay keçən İsa Şahmarlı və onun cinsi azlıqların hüquqlarının qorunması sahəsində fəaliyyəti, təşkilatların təqdimatı və cinsi azlıqlara dair filmlər göstərilib.