“Bayrağın tərsi və ya düzü deyilən bir anlayış yoxdur. Bayrağın bütün rəngləri və mənaları bizim üçün dəyərlidir”.
Bu sözləri Axar.az-a deputat Fazil Mustafa Ağ Evin qarşısında bayrağımızı tərs tutduğunu əks etdirən fotosu ilə bağlı açıqlama verərkən bildirdi.
Millət vəkili fotonun tələsik halda çəkilən bir şəkil olduğunu bildirdi:
“Ağ Evin qarşısında tələsik çəkilən bir fotodur. Orada olan zaman gəldiyimiz avtobus tələsdiyi üçün bir foto çəkdirib gedəcəkdik. Bayraqla da şəkil çəkdirən zaman tələsdiyimiz üçün fikir vermədən bayrağı tərs tutduq. Kənardakı dostlardan biri bayrağın tərs olduğunu bildirdi. Səhvimizi düzəldib daha bir foto da çəkdirdik. Lakin fotonu yayanlar nə üçünsə ancaq bu fotonu paylaşıblar. Bunu yayırlarsa, digərini də yaymalı idilər”.
F.Mustafa qeyd etdi ki, bu, İran agenturasının məhsuludur:
“Fotonu “Azərbaycan himni” adlı Feysbuk səhifəsi paylaşıb. Onlar İrana işləyən casuslardı. Bu fotonu paylaşanda belə bir şərh də yazmışdılar ki, sən İranın əleyhinə danışanda, biz də sənə bunu edəcəyik. Bu, həmin agenturanın məhsuludur. Azərbaycana qarşı yaranan təxribata mənim prinsipial mövqeyim bunları çaşdırır. Mənə qarşı belə vasitələrdən istifadə edirlər”.
Millət vəkili istənilən halda məqsədinin bayrağı təbliğ etmək olduğunu bildirdi:
“Məqsəd bayrağımızı təbliğ etməkdir. Bu fotonu paylaşıb, bizim haqqımızda əks-təbliğat aparanlar mənim qədər bayraq uğrunda mübarizə aparmayıblar. O bayrağı mənim qədər sevsəydilər, sevinərdim. Bayrağın tərsi və ya düzü deyilən bir şey yoxdur. Bayraq bütün rəngləri və mənaları ilə bizim üçün dəyərlidir. Tələskənlikdən olmuş bir yanlışı böyüdüb bayrağa hörmətsizlik kimi qələmə vermək düzgün deyil. Tələskənlikdən belə bir səhvə yol vermişəmsə, qoy bunun günahı mənim boynumda qalsın”.
Qeyd edək ki, sosial şəbəkələrdə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ABŞ-da Ağ Evin binası önündə Azərbaycan bayrağını tərs tutduğunu əks etdirən foto yayılıb. Foto 2010-cu ildə çəkilib.