12 İyun 16:41
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni qanun layihəsi ilə qohum evliliyi qadağan olunur. Fikirlər səslənir ki, qanun qəbul olunarsa, qeyri-rəsmi nikahların sayı artacaq.

Vəkil Əsabəli Mustafayev bununla bağlı Teleqraf.com-a açıqlama verib:

“Bizim qanunvericiliyə görə, iki cür qohumluq var: yaxın qohumlar və digər qohumlar. Yaxın qohumların siyahısı həm Ailə Məcəlləsində, həm də Mülki Məcəllədə qeyd edilib. Valideynlər, uşaqları, bacı, qardaşlar yaxın qohum sayılır. Bütün hüquqi münasibətlər yaxın qohumlara aid olunur. Məsələn, bunlar vərəsəlikdə birinci növbəli vərəsələrdir.

Nikahın bağlanmasına maneə olan hallar var. Bunlardan biri yaxın qohumlar arasında olan nikahdır. Həmçinin, övladlığa götürülən ögey bacı-qardaş da buna aiddir. Belə qohumluq varsa, onların nikahı bağlana bilməz. Bir çox ölkələrdə belə bir qayda var. Əksər ölkələrdə yaxın qohumlar arasında nikah bağlanması qadağandır. Həm hüquqi cəhətdən, həm də dini dəyərlərə görə belə bir qadağa tətbiq olunur. İndi söhbət gedir ki, bəzi qohumlar arasında da nikahın bağlanması qadağan olunsun”.

Vəkil bu təklifi dəstəkləmədiyini vurğulayır:

“Açığı, mən bunu qəbul etmirəm. Ona görə ki, belə qohumluğu müəyyən etmək çətin olacaq. Yaxın qohumları müəyyənləşdirmək asandır. Soyad, ata adı eyni olur. Aydın olur ki, bunlar bacı-qardaşdırlar.

Hüquqdan əlavə adət olub. Bildirilir ki, yaxın qohumlar arasında qan qarışığı onlardan doğulacaq uşaqların xəstəliyinə gətirib çıxarır. Uzun illər bu, adət şəklində olub. Qanunların təməlində adətlər dayanır. Əgər onlar cəmiyyətin xeyrinə , marağına uyğundursa, onlar sonra hüquqi normaya çevrilir.

Digər qohumlar arasında isə nikahın qadağan olunmasının nəyə əsaslandığını bilmirəm. Bu barədə tibbi araşdırmalar aparılıbmı? Məsələn, bibioğlu ilə dayıqızı arasında evlilikdən doğulan uşağın mütləq xəstə olacağı ehtimalı nə qədər doğrudur? Hətta bir-birindən uzaq olan, heç bir qohumluq əlaqəsi olmayan insanların da qan qarışıqlığı ola bilər. Qanlardakı hüceyrələr, müxtəlif maddələr üst-üstə düşdükdə uşağın xəstə doğulması ehtimalı böyükdür.

Ola bilər ki, qohumlar arasında faktiki nikah bağlansın. Sonra uşaq dünyaya gəlsin. Onlar sonra nikaha getmək istəsinlər, bu zaman qanunun normalarına əsasən onlar arasında nikah bağlana bilməz. Baxmayaraq ki, uşaq var. Ancaq müvafiq cəza hələ ki qanunvericilikdə yoxdur.

Bəzən elə olur ki, qanunvericilkdə göstərilən yaxın qohum arasında, məsələn, bacı qardaş arasında evlilik olur. Elə olub ki, uşaqlıqdan ayrılıblar, hərə bir ailədə böyüyüb. Neçə ildən sonra təsadüfən görüşüb evləniblər. Sonradan məlum olub ki, onlar bacı qardaşdırlar. Bu zaman qanuna görə, uşağın olub-olmamasından asılı olmayaraq onların evliliyinə xitam verilməlidir”.


Müəllif: Şəbnəm Zahir