13 İyun 22:26
4 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibələr, çoxalan əhalinin artan ehtiyacları, neftin tədricən tükənməsi, terror təhlükəsi və Şərqlə Qərb arasında üçüncü yolu seçən ölkələrin artması dünya üzrə beynəlxalq ticarət yollarının önəmini hər gün artırır.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Ramazan Yıldız deyib.

Onun sözlərinə görə, bu baxımdan Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Orta dəhlizi indi hər kəsin diqqət mərkəzindədir.

Yıldız qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolu bu dəhlizin mühüm hissəsi hesab olunur:

“Digər mühüm ticarət marşrutu Zəngəzur dəhlizidir. Layihəyə Azərbaycanın qərb bölgələrini Naxçıvan və Türkiyəyə birləşdirmək məqsədi daşıyan nəqliyyat və logistika amilləri də daxildir. Bu dəhliz Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı quru yolu ilə birləşdirməyi hədəfləyir. Bu, bu aralıqda ən qısa xətdir.

Türkiyə və Azərbaycan arasında birbaşa ticarət və nəqliyyat xətti yaratması planlaşdırılan dəhlizin regionun iqtisadi inkişafına töhfə verəcəyi gözlənilir. Bu, bir çox sahələrdə ortaqlığı olan Ankara və Bakının regional təsirini artıra bilər, həm də Türkiyənin Orta Asiya və Qafqazla əlaqəsini gücləndirəcək, geosiyasi baxımdan bu, çox mühüm təşəbbüs olacaq. Əslində, bu, cümhuriyyət tarixində ilk dəfə türk dövlətləri ilə fiziki əlaqənin qurulması demək olacaq. Həmçinin Türkiyə-Azərbaycan müttəfiqliyini daha da genişləndirəcək.

Zəngəzur dəhlizinin təhlükəsizliyi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından asılıdır. Bu kontekstdə beynəlxalq təcriddən xilas olmaq istəyən İrəvan NATO-ya üz tutur. Ermənistanın Azərbaycanla yeni münaqişə istəmədiyini tez-tez təkrarlaması çox vacibdir. Bu mənada bölgədə sülh və sabitliyin qorunması üçün tərəflər arasında diplomatik səylər davam etdirilir”.

Türkiyəli analitik əlavə edib ki, Tehran İranın regional təsirini azalda biləcəyindən narahat olaraq bu anlaşmanın imzalanmasını dayandırmaq istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu