KTMT-nin Ermənistan qarşısında digər suveren ölkələrin ərazilərini işğal etməsinə kömək öhdəliyi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat Ermənistan rəhbərinin Belarusla bağlı son açıqlamasına diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, nə qədər Aleksandr Lukaşenko Belarus prezidentidir, bundan sonra bir daha bu ölkəyə getməyəcək: “Ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir nəfər də olsun rəsmi nümayəndə Belarusa səfər etməyəcək”.
Bu, mənə çox qəribə görünür. Bir tərəfdən Baş nazir Paşinyan təsdiq edir ki, gecə-gündüz Azərbaycanla sülh gündəmi axtarışındadır. Üstəgəl, söyləyir ki, gərək 2018-ci ildə Qarabağın Azərbaycanın tərkibində olmalı olduğunu bildirərdi. Həmçinin təəssüflənir və təsdiq edir ki, baş naziri olduğu ölkə Azərbaycanın suveren ərazilərini işğal edib.
İndi baş nazirin məntiqini başa düşə bilmirəm. Həm də təəssüflənir ki, vaxtilə “Qarabağ Ermənistandır” deyib. İndi Aleksandr Lukaşenko baş naziri qəzəbləndirən nə söyləyib? O, Azərbaycanın öz ərazilərini azad etmək hüququ ilə bağlı Paşinyanın dəfələrlə səsləndirdiyi bəyanatı təsdiqləyib. Niyə indi Belarus prezidenti ilə fikir ayrılığına düşür?
Görünür, Paşinyan Belarusun öz əsgərlərini Ermənistan üçün döyüşməyə və Azərbaycan ərazilərini işğal altında saxlamağa göndərəcəyini gözləyirmiş. KTMT-nin Ermənistan qarşısında digər suveren ölkələrin ərazilərini işğal etməsinə kömək etmək öhdəliyi yoxdur. İndi düşünməliyik ki, cənab Paşinyan sülh bəyanatlarında səmimidirmi?”.