Ermənistan müstəqil qərar vermək iqtidarında olan dövlət deyil. Kənar təzyiq və təsirlərə kifayət qədər həssasdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün İrəvanın ardıcıl və prinsipial davranışlarına ehtiyac var:
“Belə olduğu təqdirdə proses irəliləyə bilər. Fransanın Ermənistan üzərində ciddi şəkildə təsir imkanları olduğunu bilirik. Məhz Fransa özünün bölgədə maraqlarını təmin etmək üçün Ermənistanı silahlandırmaq və orada revanşist duyğuları gücləndirmək yolu ilə sülh prosesini əngəlləmək istəyir. Fransa dünyanın müxtəlif bölgələrindəki uğursuzluğunu əvəzini Güney Qafqazda çıxmaqla müəyyən qədər mövqelərini qorumağa çalışır”.
Politoloq bildirib ki, Fransanın Ermənistanı silahlandırması məsələsinə gəldikdə Azərbaycan və Ermənistanın potensiallarına bütün parametrlərdən baxmaq lazımdır:
“Hərbi texniki, silah-sursat, iqtisadi potensial, əhali və sair - bütün bunların heç bir müqayisə olunmayacaq dərəcədə Azərbaycanın xeyrinədir. Amma bu o demək deyil ki, Azərbaycan Ermənistanın silahlanmasına və onun revanşist hərəkətlərinə göz yummaq niyyətindədir. Azərbaycan Prezidenti bu yaxınlarda bir daha da bildirdi ki, Fransa və digər ölkələrdən Ermənistana gətirilən silahlar regionda sülh və sabitlik üçün problem yaradır. Sülh prosesini əngəlləyən əsas amillərdən biridir. Həmçinin o qeyd etdi ki, Azərbaycan hiss edərsə, artıq silahlanma ölkəmizin təhlükəsizliyinə təhdid yaradır, hara yerləşməsindən asılı olmayaraq onlar Bakının ilkin hədəfləri olacaq. Bu baxımdan Ermənistan tərəfi bunu bir formada manipulyasiya etməyə çalışır. Ermənistan müstəqil dövlət olaraq ordusunu qurmaq və silahlanmaq kimi məsələlərini təbii qarşılaya bilərik. O şərtlə ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalansın. Ermənistan özünün konstitusiyasındakı dəyişikliklərə getsin. Azərbaycana qarşı ərazi iddialarından tam şəkildə imtina etsin. Ondan sonra bizim üçün hansısa problem qalmır. Amma Ermənistan dəfələrlə göstərib ki, hərbi imkanlara müəyyən üstünlüyə nail olan kimi hansı cinayətləri törətməyə qadir ölkədir. Biz bunu 1990-cı illərdə aydın şəkildə görmüşük.
Etniktəmizləmə və ərazi işğalları kimi məsələlər Ermənistanın belə bir durumda gündəlik davranışına çevrilməkdədir. Məhz ona görə, Azərbaycan bu silahlanmaya qarşıdır. Sülh müqaviləsinə əngəl olaraq bunu qeyd edib.
Düşünürəm ki, Ermənistanın bu cür silahlandırılmasının arxasında həm də başqa niyyət durur, buna da diqqət eləməliyik. Fransa tərəfindən bir neçə ay öncədən kampaniya başladılıb. Azərbaycanda keçiriləcək COP29-un boykot edilməsi ilə bağlı çağırışlar eşidilir. Düşünürəm ki, bu, Fransanın özünün maraqlarını qəbul etməklə bərabər, həmçinin başqa bir niyyəti var. Məhz bu cür destruktiv fəaliyyətlə Azərbaycanı qıcıqlandırmaq onu hansısa addımlara vadar etməkdir. Bu da Ermənistanla birgə olan plandır”.