9 İyul 19:07
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyətinin “Qarabağı Rusiya təhvil verib” bəyanatı yalandır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib.

Ermənipərəst deputat çıxışında Azərbaycana qarşı təxribatçı fikirlərə yer verib və Baş nazir Nikol Paşinyanın Qarabağı ölkəmizin tərkib hissəsi kimi tanımaq qərarından məyusluğunu gizlətməyib:

“Armen Qriqoryan (Təhlükəsizlik Şurasının katibi) Qarabağın itirilməsinə (Azərbaycan ordusu tərəfindən azad edilməsi – red.) görə məsuliyyəti Rusiyanın üzərinə atdı. Amma mən deyərdim ki, Rusiya çox çətin, hətta axmaq vəziyyətə düşdü, çünki tərəflərin, ilk növbədə Ermənistanın xahişi ilə Qarabağda öz sülhməramlılarını yerləşdirdikdən sonra Moskva sülhməramlıların fəaliyyət göstərməsinə imkan verən mandat almadı. Ən əsası isə 2022-ci ildə Ermənistanın baş naziri Qərb paytaxtlarında Qarabağın Azərbaycanın daxili problemi olduğunu açıq elan etdi”.

Zatulin təxribatçı fikirlərində irəli gedərək, Paşinyanın bu qərarı və Ermənistanın 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərinə müdaxilə etməməsini “xəyanət” adlandırıb:

“Paşinyan yeni müharibənin qarşısını almaq, sülhə nail olmaq, münasibətləri yenidən formalaşdırmaq bəhanəsi ilə Qarabağdakı soydaşlarını atdı. 2023-cü ildə baş verənlər bunun nəticəsi idi. Rusiya və sülhməramlıları Qarabağda - Ermənistanın rəsmən Azərbaycan ərazisi kimi tanıdığı ərazidə çox axmaq vəziyyətə düşdü. Bu vəziyyətdə onlar nə edə bilərdilər? Düşünürəm ki, təkcə sülhməramlıların işində yox, ümumilikdə Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətində də hər cür nöqsan tapmaq olar, amma “Qarabağı Rusiya verib” demək, yalandır”.

Deputat təxribatçı çıxışında Şuşanı ermənilər kimi “Şuşi” adlandırıb və etiraf edib ki, Rusiya sülhməramlılarının məqsədi separatçılara “müstəqilliyə bərabər status” almaq olub: “Rusiya Qarabağ ermənilərinin öz yerlərində yaşamasında maraqlı idi ki, Qarabağ müəyyən şərtlərlə müstəqillik qazansın, müstəqillik olmasa da, heç olmasa elə bir statusda olsun ki, ermənilər orada dinc və sakit yaşasınlar. Mən tam əminəm ki, bu, Rusiyanın marağı idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər