Rusiya Ukraynadan çıxıb Cənubi Qafqaza gələnə qədər Türkiyə bölgədə möhkəmlənib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert rusiyalı həmkarı Stanislav Tarasovun bölgə ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Tarasov belə söyləyir: “Ukrayna ilə müharibəni bitirib Cənubi Qafqaza dönəcəyik”.
Siz hələ müharibəni bitirin, ondan sonra danışarıq, Cənubi Qafqaza “qayıtmadan” öncə tərkibinizdəki Şimali Qafqaz, o cümlədən Dağıstandakı olayların qarşısını alın.
Tarasov onu da bildirir ki, gərək vaxtında Ermənistanda Nikol Paşinyana hakimiyyətə gəlməyə imkan verməyəydilər. Qatar gedib, Paşinyan həm hakimiyyətini möhkəmləndirib, həm də sizin dəstəklədiyiniz radikalları nüfuzdan salıb.
Azərbaycana gəlincə, burada da qatar sizin üçün gedib, Qarabağ separatçılarından istifadə müddətiniz bitib, artıq bu məsələ gündəmimizdə yoxdur. Birdə ki, siz Ukrayna müharibəsini bitirib Cənubi Qafqaza gələnə kimi Türkiyə bölgədə mövqelərini möhkəmlədib”.
Stanislav Tarasovun məsələ ilə əlaqədar məlum fikri belədir:
“Ukrayna məsələsi postsovet məkanı, o cümlədən Cənubi Qafqazdakı siyasətimizə təsir etmir. İndi deyirlər ki, Rusiya Ukrayna ilə məşğuldur, bəli, məşğuldur, biz müharibədəyik və müharibədə ciddiyik, amma bağışlayın, nə vaxt qalib gəlsək (bitirsək), fərqli olacağıq, onları narahat edən, qəzəbləndirən də budur. Biz artıq bir sıra postsovet dövlətlərinin məsuliyyətsiz bəyanatlarına dözməyəcəyik. Hamını narahat edən budur”.
Tarasov Azərbaycan, Ermənistan və Gürcüstanın Rusiya üçün önəmli amillər olduğunu vurğulayıb.