Ermənistan Xarici İşlər Nazirliyi (XİN) dəfələrlə bəyan edib ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh müqaviləsini dəqiqləşdirməyə və imzalamağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” yazır.
Nəşr Ermənistan XİN-ə sülh müqaviləsi ilə bağlı danışıqların hansı mərhələdə olduğu, hazırda dialoqun olub-olmadığı barədə sorğu göndərib:
“Nazirliyin informasiya xidmətinin rəhbəri vəzifəsini icra edən İnna Torqomyan sorğuya cavab olaraq bildirib ki, sülh sazişi, onun ətrafında gedən danışıqlar və proseslər barədə rəsmi mesajlar vasitəsilə ictimaiyyət müntəzəm məlumatlandırılır. Başqa sözlə, nazirlik rəsmisi suala heç bir cavab verməyib".
Xatırladaq ki, Azərbaycan rəsmi olaraq iki ilkin şərt irəli sürdüyünü bəyan edib: ATƏT-in həmsədrliyinin (Minsk qrupu) ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi.
“Joqovurd” bu mövzuda Ermənistanın mövqeyinin necə olduğunu, İrəvanın Bakının ilkin şərtlərini qəbul etməyə hazır olub-olmadığını və bu ilkin şərtlərdən başqa Azərbaycanın başqa şərt irəli sürüb-sürmədiyini soruşub.
XİN suallara belə cavab verib: “Bəyan edirik ki, Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli tənzimlənməsi və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”.
Həmçinin konstitusiyaya dəyişikliklə bağlı suala cavab veriblər ki, konstitusiyaya dəyişiklik prosesi Ermənistanın daxili işidir”.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var, buna görə də, bu tələbimiz ölkənin daxili işlərinə qarışmaq demək deyil. Bu səbəbdən həmin bədnam konstitusiyanın dəydişdirilməsini tələb etmək ən təbii haqqımızdır. İkincisi, Minsk qrupu Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmış qurum idi. İndi belə bir münaqişə yoxdur, demək, Minsk qrupuna da ehtiyac yoxdur. Əgər İrəvan bundan da imtina etmirsə, üstəgəl, prosesi ilə əlaqələndirirsə, demək, ərazi iddialarını saxlayır. Bu iddia davam etdikcə isə sülh olmayacaq.